Hansı bankların əmanətləri sığortalanır? Sığortalanan əmanət nədir?
Əmanət yerləşdirmək istəyən hər bir şəxsi pulların qorunub-qorunmaması, hansı risklərin və çətinliklərin ola biləcəyi maraqlandırır. Sözsüz ki, bununla birlikdə əmanət yerləşdirmək istəyən hər bir kəsi əmanətin faiz dərəcəsi və onun digər şərtləri də maraqlandırır. Lakin bir sıra insanlar keçmişdə baş vermiş hadisələrə (Sovet dövründə yatırılmış əmanətlərlə bağlı məsələlər və s.) görə banklarda əmanət yerləşdirməkdən çəkinir. Lakin bu günkü gündə banklar kifayət qədər cəlbedici əmanət şərtləri təqdim edir və insanlar öz pul vəsaitlərini bu banklara etibar edirlər. Niyə də etibar etməsinlər? Artıq ölkəmizdə 2007-ci ildən fəaliyyət göstərən Əmanətlərin Sığortalanması Fondu fəaliyyət göstərir və bu Fond müəyyən faiz və məbləğə qədər əmanətləri sığortalayır. Bu baxımdan gəlin Əmanətlərin Sığortalanması Fondu və sığortalanan əmanətlər barədə biraz ətraflı öyrənək.
Əmanətlərin sığortalanması haqqında Azərbaycan Respublikasının Qanunu 29 Dekabr 2006-cı ildə ölkə parlamenti tərəfindən qəbul edilmiş və Əmanətlərin Sığortalanması Fondu 2007-ci ilin 12 Avqust tarixindən fəaliyyətə başlamışdır. Əmanətlərin Sığortalanması Fondunun yaradılmasının məqsədi banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, Azərbaycan Respublikasında maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdir.
Əmanətlərin Sığortalanması Fondunun bugünə olan əsas hədəfi üzv banklardakı fiziki şəxslərin əmanətlərini sığortalamaqdır.
Hal-hazırda ölkədə fəaliyyət göstərən 43 bank bu Fondun üzvüdür. Bankların siyahısı ilə buradan tanış ola bilərsiniz http://adif.az/?~/aze/content/full/22. Hər bir üzv bank Əmanətlərin Sığortalanması Fonduna üzvlük haqqı ödəyir və bununla da əmanət yerləşdirən fiziki şəxslər (vətəndaşlar) əmanətlərinin sığortalanması üçün heç bir ödəniş etmir.
Əsas məqam odur ki, 01 avqust 2013-cü il tarixindən etibarən 10 faizdən çox olmayan faizlə yerləşdirilən hər bankdakı 30.000 manata qədər əmanətlər sığortalanır. Yəni sizin əmanətin faiz dərəcəsi 10%-ə qədərdirsə Sizin əmanət sığortalanır. Əmanətçiyə ödənilən kompensasiyanın məbləğinə gəldikdə isə , Fond tərəfindən hər bir bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. Beləliklə əgər sizin bir neçə bankda əmanətləriniz varsa və onların hər birinin məbləği 30 000 manatdan çox və faiz dərəcəsi 10%-dən çox deyilsə, o zaman Siz vəsaitlərinizdən bir qəpik belə itirmirsiniz.
Sizi maraqlandıracaq əlavə suallar və onların cavabları ilə aşağıda tanış ola bilərsiniz.
Sığorta hadisəsi baş verdikdə kompensasiya hansı valyutalarda ödənilir?
· Milli valyutada olan əmanətlərə - manatda
· Həm milli, həm də xarici valyutada olan əmanətlər - bir əmanət kimi manatla
· ABŞ dolları və avroda olan əmanətlərə - həmin valyutada
· Digər valyutada olan əmanətlərə - sığorta hadisəsi baş verən günə Mərkəzi Bankın rəsmi məzənnəsinə əsasən çarpaz məzənnə ilə hesablanmış ABŞ dolları və ya avroda
Əmanətlər üzrə faizlər hansı məbləğdə ödənilir?
Əmanətlər üzrə faizlər sığorta hadisəsinin baş verdiyi günə qədər hesablanmış məbləğdə ödənilir, bu şərtlə ki, əmanətin məbləği və faizlər yuxarıda göstərilən kompensasiya məbləğindən artıq olmasın.
Müəllif: Fərid İslamov/Banco.az