Müəllif: Gülnar Əhmədli, Banco.az
Norilsk Rusiyanın şimalında yerləşir və dünyanın ən ağır yaşayış şəraitinə malik şəhərlərindən biridir. Bu şəhər həddindən artıq soyuq iqlimi, uzunmüddətli qaranlığı və ətraf mühitin çirklənməsi ilə tanınır. Norilsk həm də mühüm mədən mərkəzidir, çünki böyük nikel yataqlarına malikdir. Bu ağır şəraitdə yaşamağı seçən 170 000-dən çox insan Norilsk şəhərinin həm tarixi, həm də müasir sınaqlarına dözür. Təcrid, sağlamlıq problemləri və psixoloji təsirlər Norilskdə həyatı çətinləşdirən mənfi amillərdən yalnız bir neçəsidir.
Ən depressiv şəhərlər siyahısında birinci yerlərdə olan Norilsk haqqında bir az daha ətraflı danışaq:
Norilsk Şimal Qütb dairəsindən təxminən 400 km şimalda yerləşir. Bu yerləşdiyi yerə görə şəhər dünyanın ən şimal yaşayış məntəqələrindən biridir. Bu qədər şimalda olmaq şəhərin iqliminə və yaşayış şəraitinə çox mənfi təsir edir. Norilskdə qış çox sərt keçir. Yanvarda orta hesabla ən yüksək temperatur -14,8°C-dir, lakin temperatur -55°C-ə qədər enə bilir. Şəhərdə qar fırtınası ilin təxminən 130 günü baş verir. Təsəvvür etdiyiniz kimi, bu həddindən artıq soyuq temperaturlar gündəlik həyatı çox çətinləşdirir.
Şəhərdə ilin 2 ayı tamamilə qaranlıq, 2 ayı isə tamamilə işıqlıdır. Noyabrdan yanvara qədər günəş heç vaxt çıxmır, iyun və iyul aylarında isə gecə olmur.
Təbii ki, bu vəziyyət şəhərdə yaşayan insanların psixoloji sağlamlığına mənfi təsir göstərir. Norilskdə yaşamaq işıq və qaranlığın daim dəyişən dövrləri səbəbilə böyük bir problemdir. Bu dövrlər insanların bioloji saatlarına və əhval-ruhiyyəsinə dərin təsir göstərir.
Norilsk 1935-ci ildə Sovet lideri İosif Stalin tərəfindən yaradılıb. Şəhər zəngin metal yataqlarına görə tez bir zamanda mühüm yaşayış məntəqəsinə çevrildi.
Stalin bu metalları çıxarmaq üçün QULAQ adlı məcburi əmək düşərgələri qurdu. Bu düşərgələr dövlətlə siyasi baxımdan problemləri olan insanların göndərildiyi yerlər idi. 1935-1953-cü illər arasında bu düşərgələrə təxminən 650.000 məhbus göndərilmişdi. Məhkumlar 14 saata qədər təhlükəsizlik avadanlığı olmadan işləməli olurdular. Şərtlər o qədər ağır idi ki, bəzi məhbuslar işləməkdən yayınmaq üçün öz əllərini kəsirdilər.
Stalin dövründə Norilsk sürətlə inkişaf edən bir şəhərə çevrildi. Şəhər Sovet İttifaqının ən mühüm sənaye mərkəzlərindən biri idi. Norilskdəki mədənlərə Sovet hakimiyyəti dövründə dövlətə məxsus "Norilsk Nickel" şirkəti nəzarət edirdi. Bu dövrdə şəhər böyük sənaye mərkəzi kimi böyüdü və inkişaf etdi.
1953-cü ildə Stalinin ölümündən sonra QULAQ düşərgələri bağlandı və Norilsk müasir şəhər kimi inkişaf etməyə başladı.
Norilsk dünyanın ən böyük nikel yataqlarından birinə sahibdir.
Şəhər nikel istehsalında dünya liderlərindən biridir və həmçinin böyük palladium və mis ehtiyatlarına malikdir. Norilsk mədənlərində metal ehtiyatları iki milyard tonla demək olar ki, dünyadakı ən böyüyüydür. Bu zənginlik şəhərin iqtisadi baxımdan canlı qalmasını təmin edir.
Mədən fəaliyyəti Norilskdə ekoloji problemlərin əsas mənbəyidir. Xüsusilə ərimə prosesləri zamanı ayrılan yüksək miqdarda kükürd qazı şəhəri dünyanın ən çirkli yerlərindən birinə çevirir.
Norilskdə tənəffüs yolları xəstəliklərindən ölüm halları Rusiyanın qalan hissəsinə nisbətən daha çoxdur. Hətta 2016-cı ildə nikel zavodlarından sızma Daldıkan çayınının rəngini qırmızıya çevirmişdi. Mədən şirkəti "Nornickel" ətraf mühiti təmizləmək və 2019-cu ilə qədər kükürd dioksid emissiyalarını 200.000 ton azaltmaq üçün bəzi addımlar atmışdı. Şirkət mədənin modernləşdirilməsi və tullantıların təmizlənməsi üçün təxminən 3,5 milyard dollar xərcləməyi planlaşdırır. Ancaq şəhər yenə də dünyanın ən çirkli yerlərindən biri olaraq qalır.
Norilskdə həyat dünyadan demək olar ki, tam təcrid olunmuş vəziyyətdə davam edir. Şəhərə nəqliyyat yalnız hava yolu ilə mümkündür, lakin hava şəraiti səbəbindən uçuşlar tez-tez ləğv edilir. Bu vəziyyət şəhərdə yaşayanları daim xarici aləmdən ayırır. Noyabrdan yanvar ayına qədər 7 həftə günəş görməyən Norilskdə insanlar narahatlıq və yuxu pozğunluğu ilə mübarizə aparır.
Şəhərdə uzun və qaranlıq qış ayları da depressiya problemlərini artırır. Norilsk sakinləri tez-tez şəhərlərini "ada", Rusiyanın qalan hissəsini isə "materik" adlandırırlar. Bu təcrid hissi psixoloji problemləri daha da dərinləşdirir.
Burada yaşayanların çoxu şəhəri tərk etmək istəyir. Lakin əmlak qiymətlərinin aşağı olması səbəbindən bu mümkün olmur.
Bütün çətinliklərə baxmayaraq şəhərdə sosial həmrəylik kifayət qədər güclüdür. İnsanlar belə çətin həyat şəraitində bir-birlərinə dəstək olurlar. Bu həmrəylik Norilskdə soyuq və qaranlıq günlərə dözməyi asanlaşdırır. Şəhərdə yerli festivallar, tədbirlər keçirilir, sosial əlaqələr gücləndirilir.
Norilsk ağır yaşayış şəraiti, həddindən artıq soyuq iqlimi və yüksək ətraf mühitin çirklənməsi ilə dünyanın ən depressiv şəhərlərindən biri kimi tanınır.
Şəhərdə yaşayan insanlar bu mənfi şərtlərə baxmayaraq həyatlarını davam etdirməyə çalışırlar. Norilskdə mədənçilik fəaliyyəti şəhərin iqtisadiyyatına töhfə versə də, ekoloji problemlər də gətirir. Bütün bu çətinliklərə baxmayaraq, norilsklilər dözümlülüyü və möhkəmliyi ilə seçilirlər. Bu şəhər bizə təbiətin və insanların sərhədlərini aşan bir həyatda yaşamağın necə mümkün olduğunu göstərir.
Bizi sosial şəbəkələrdən izləyin!!