Müəllif - Şəbnəm Mehdizadə, banco.az
Son illər ərzində Azərbaycanda gömrük sahəsində ciddi islahatlar aparılır. Bu günlərdə isə Prezident İlham Əliyevin imzaladığı fərmanla Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi ləğv edilib. Belə ki, Naxçıvan Baş Gömrük İdarəsi yaradılıb. Həmin idarə isə Dövlət Gömrük Komitəsinin strukturuna daxil edilib.
Maraqlıdır, gömrük sahəsində aparılan islahatlar nəyə hesablanıb?
Mövzu ilə bağlı Banco.az-a danışan iqtisadçı ekspert Pərviz Heydərov bildirib ki, bu islahatlar çox mühüm məsələdir və yüksək qiymətləndirilməlidir:
“2019-cu ildən başlayaraq ölkədə büdcə, vergi, fiskal siyasəti ilə bağlı həm qanunvericilik, həm də bu sahəyə cavabdehlik daşıyan dövlət qurumlarının strukturları üzrə islahatlar həyata keçirilir. Aparılan islahatlar nəticəsidə büdcəyə hər il nəzərdə tutulandan əlavə xeyli məbləğdə vəsait cəlb edilib. Bu çox mühüm məsələdir və yüksək qiymətləndirilməlidir. Bütün bunlar onu göstərir ki, həm gömrük, həm vergi sahəsində proqnoz ediləndən xeyli miqdarda əlavə dövriyyə mövcuddur. Bu dövriyyəni kölgə iqtisadiyyatının azaldılmasına cəlb edə bilərik. Bu isə neftdən asılılıqdan qurtulmaq baxımından mühüm əhəmiyyət kəsb edir”.
Ekspert bildirib ki, gömrük qurumunun iş prinsipi də dəyişdirilir:
“Təcrübə göstərir ki, vergi və gömrük rüsumlarını yığan qurumların fəaliyyətinə də nəzarət vacibdir. Onların iş mexanizminə ətraflı yanaşmaq məcburiyyətindəyik. Son dövrlər gömrük sahəsində həyata keçirilən tədbirlər məhz bu məqsədi güdür. Burada söhbət təkcə bu və ya digər məmurların, yüksək rütbəli şəxslərin həbs olunmasından getmir. Eyni zamanda gömrük qurumunun iş prinsipi də dəyişdirilir və bu qurumda struktur islahatları aparılır. Əsas məqsəd gömrük rüsumlarından büdcəyə cəlb edilməsi mexanizminin daha da şəffaflaşdırılmasıdır. Bu onu göstərir ki, hökumətin həyata keçirdiyi islahatların mərkəzində dayanan əsas prinsip və məqsəd büdcəyə vəsait cəlb olunan qurumların mərkəzləşdirilmiş mexanizmi yaradılmasıdır. Dövlət gömrük sahəsində hər şeyin bir nöqtədə cəmləşdirilməsinə nail olmaq istəyir. Düşünürəm ki, ayrı-ayrı qurumların özbaşına fəaliyyətinə son qoyulmalı, btün regionlar üzrə vergi və gömrük rüsumlarının yığımına ətraflı nəzarət imkanı yaradılmalıdır. Lakin bu sahədə uğura nail olmaq üçün atılan addımlar davamlı olmalıdır. Görülən işlər yarımçıq saxlanılmamalıdır. Əgər aparılan islahatlar ardıcıl xarakter daşımalıdır.
Bizi sosial şəbəkələrdən izləyin!!