Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Prezident fərmanının icrası banklar tərəfindən davam etdirilir.
Fərmanda da qeyd olunduğu kimi borcun xarici valyuta və ya manatla olmasından asılı olmayaraq, 1 yanvar 2012-ci il tarixindən 28 fevral 2019-cu il tarixinədək bağlanmış kredit müqavilələri üzrə 360 gündən çox gecikdirilmiş və borcu 17 000 AZN-dən az olan kreditlərin restrukturizasiyası nəzərdə tutulur.
Bəs aktiv gecikmədə olan krediti yenidən restrukturizasiya etmək mümkündürmü?
Həmçinin oxu: Restrukturizasiya nədir və hansı hallarda tələb olunur?
Bu suala cavab olaraq iqtisadçı Xalid Kərimli Banco.az-a bildirdi ki, bankın səlahiyyəti çərçivəsində krediti restrukturizasiya etmək olar.
“Burada heç bir problem yoxdur. Vətəndaş banka borcunu ödəyə bilmirsə o müddətin uzadılması ilə bağlı müraciət edə bilər. Qərar bankın səlahiyyətindədir. Mövcud maliyyə planlarına əsasən bank buna gedə bilər”.
Qərarın bankın maliyyə vəziyyətinə təsir etdiyini qeyd edən ekspert vurğuladı ki, bütün hallarda bank vətəndaşla vəziyyətdən çıxış yolu üçün müzakirə aparacaq:
“Problem yaranırsa bank təbii ki, vətəndaşla söhbət edib, həlli yolunda təklif verə bilər. Amma burada vacib bir məqam da var. Bank həmin krediti problemli kredit səhifəsindən çıxarmayacaq”.
Qeyd edək ki, 2024-cü ilin dövlət büdcəsindən fiziki şəxslərin problemli kreditlərinin həlli üçün 1.7 milyon manat kompensasiya ödənişlərinin həyata keçirilməsi nəzərdə tutulur. Bu barədə məlumat büdcə layihəsində yer alıb. Mərkəzi Bankın məlumatına görə, 2023-cü ilin oktyabrın 1-nə vaxtı ötmüş kreditlərin məbləği 519.8 milyon manat olub. Bu, əvvəlki aya nisbətən 2.7 faiz azdır. Cəmi kredit portfelində vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 1 faiz azalaraq 2.3 faiz təşkil edib.
Mərkəzi Bankın məlumatına görə, ölkə üzrə kreditlər orta hesabla 12.53 faizlə təklif olunur.
Bizi sosial şəbəkələrdən izləyin!!