Freelance işləməyin mənfi və müsbət cəhətləri hansılardır? | Banco.az

Freelance işləməyin mənfi və müsbət cəhətləri hansılardır?

Bir çox ofis işçisi bəzən hər şeyi tərk edib “freelance” işləmək barədə düşünür. Daha yaxşı nə ola bilər? Qrafik sərbəstdir, heç kəs başının üstündə durmur. Əslində reallıq başqa cürdür. Sərbəstlik yerinə ofisi seçmək üçün dörd səbəbiniz var. “Work.ua” bu səbəbləri açıqlayır:

Komanda

Evdə yaxşıdır, ancaq tənhasınız. Lakin ofisdə ünsiyyət kifayət qədərdir. Bu yalnız “söhbət etmək” üçün əla deyil, həm də işdə faydalı ola bilər. Necə deyərlər, bir baş yaxşı, ikisi daha yaxşıdır. Real vaxt rejimində həmkarlarınıza məsləhət üçün müraciət etsəniz, dərhal cavab alacaqsınız, bilmədiklərinizi aydınlaşdıracaqsınız. Bu da sizə bir mütəxəssis kimi xal qazandırır. Evdən işləyərək də yeni məlumatlar öyrənmək olar və kiməsə sual verib cavab gözləyə bilərsiniz. Ancaq anın effektivliyi itir.

Qrafik

Evdən işləmək o deməkdir ki, heç bir zaman çərçivəsi sizi məhdudlaşdırmır. Fikriniz yayına bilər, məişət problemləri ilə məşğul ola bilərsiniz, təxirə salmağa imkanınız var və s. Nəticədə görülməli işlər artır və hamısını birdən qısa bir zamanda yerinə yetirməli olursunuz. Fasilə vermədən və yuxusuz qalaraq. Bundan əlavə sifarişçilər sizi gecə-gündüz narahat edə bilər. Axı siz səhər 9-dan axşam 6-ya qədər işləmirsiniz.

Ofisdə isə hər şey daha sadədir — işləmək, nahar etmək və evə getmək saatları bəllidir. Və iş bölgünüzü buna görə tənzimləyirsiniz.

Stabillik

“Freelance”da siz özünüzün ağasısınız. Yəni, iş və layihələrin axtarışına özünüz cavabdehsiniz. Bəzən uzunmüddətli durğunluq dövrü yaşaya bilərsiniz. Bu isə təşviş və narahatlıq doğurur. Halbuki ofis işində belə durğunluq yaşanmır. Həmişə görüləcək bir iş tapılır. Siz də öz ideyalarınızı təklif edə bilərsiniz, rəhbərlik onların gerçəkləşdirilməsi üzərində çalışmağa böyük ehtimalla. razılıq verəcək.

İnkişaf

Ofisdə olduğu kimi sərbəst işdə də inkişaf mümkündür. Ancaq daha çətin olacaq. Müxtəlif şöbələrin əməkdaşlarının əhatəsində işləsəniz, fərqli tapşırıqlarda iştirak etmək, maraqlanmaq, yeni şeylər öyrənmək, hansı istiqamətdə böyüməyi seçmək şansınız olacaq.

Frilanser olaraq bunu etmək qat-qat çətindir, çünki hər şeyi təklikdə öyrənməli olacaqsınız.

Həmçinin oxu: Evdən işləyənlər əmək məhsuldarlığını necə artıra bilər ?

“The Noisetier”da “freelance” işin mənfi cəhətlərini araşdırıb.

Son onillikdə uzaqdan işin qazandığı nüfuz birmənalı deyil. Çoxları belə düşünür ki, belə işin sonsuz sayda üstünlükləri var. Realist yanaşsaq, vəziyyət fərqlidir. Təsəvvür edəndə ki, yuxudan oyandın və heç bir tıxacsız, pik saatlar olmadan artıq iş yerindəsən, təbii ki, əladır. Ətrafdakılardan frilanserin evdən işlədiyi üçün əziyyət çəkmədiyini düşünənlər tapılır. Lakin “freelance”ın öz çatışmazlıqları var:

Ən sərfəli kredit üçün müraciət et

1. Struktur əskikliyi

Bundan ən çox da gündəlik tutmaqla arası olmayan və planlaşdırma sistemi tətbiq etməyən insanlar əziyyət çəkir. İşləri boş buraxdıqca get-gedə vəziyyətə nəzarəti itirəcəksiniz və sonda bu, destrukturizasiya ilə nəticələnəcək.

2. Sonraya saxlamaq

Struktur olmadıqda işlər qeyri-müəyyən olur. Xüsusilə də üzən “deadline”nın (son tarixin) mövcudluğu şəraitində. Odur ki, frilanserlər planlaşdırma və zamanı idarəetməni yüksək səviyyədə bilməli və tətbiq etməlidir. İşlərin yığılıb qalmaması və istirahət günlərini özünüzə həsr etmək üçün bu, labüddür.

3. Ünsiyyətin yoxluğu

Evdən işləyən şəxs ünsiyyətdən, həmkarlarla nahar etməkdən və s. məhrum olur. Lakin əgər introvert insansınızsa, bu, sizin üçün elə də əhəmiyyət kəsb etməyəcək.

Həmçinin oxu: Freelance çalışan işəgötürəni necə tapmaq olar?

4. Özünə əzab vermə

Evdən işləməyin əsas mənfi cəhəti bir sıra psixoloji çətinliklərdir. Planlaşdırmanı öyrənsəniz də zaman keçdikcə az işlədiyinizi və çox istirahət etdiyinizi düşünməyə başlayacaqsınız. İşlə əlaqəli olmayan hər hansı bir şeylə məşğul olarkən rahatlıq tapa bilməyəcəksiniz. Bu baxımdan ofis “freelance”dan daha yaxşıdır, çünki iş yerində faktiki olaraq boş oturduğunuz halda belə insan məşğulmuş kimi təəssürat yaranır.

Yuxarıda göstərilən çatışmazlıqların hamısı bilavasitə bir insanın fərdi qabiliyyət və xarakterik xüsusiyyətlərinə aiddir. Ancaq son mənfi məqam xarici təsirlə əlaqələndirilir. “Freelance”a keçməzdən əvvəl işinizin dəyərsizləşdirilmək ehtimalını da nəzərə alın.

Cəmiyyətin bir çox nümayəndəsi hələ də evdən işləməyi və “freelance”ı normal əmək kimi qiymətləndirmir. Bir halda ki, insan evdən işləyir, deməli, çox rahatdır. Ən xoşagəlməz olanı isə budur ki, zaman keçdikcə işləyən adam özü də buna inanmağa başlayır. Bütün bu cəfəngiyyatı qulaqardı etmək və öz işi ilə məşğul olmaq üçün çox güc və səbir tələb olunur. Uzaqdan işləmək hər şeydən əvvəl özünüzə qarşı böyük məsuliyyət və özünənəzarət tələb edir.

Nigar Umaxanlı, Finco.az