Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Azərbaycanda fintek sektoru son illərdə əhəmiyyətli irəliləyişlər əldə edib və inkişafını sürətlə davam etdirir. Ölkədə fintek texnologiyalarının yayılması əsasən bank sektoru ilə paralel inkişaf edir və həm yerli startapların, həm də beynəlxalq oyunçuların iştirakını təşviq edir.
Banco.az xəbər verir ki, bu barədə İKT mütəxəssisi Elvin Abbasov bildirib ki, fintek platformaları müasir maliyyə ekosistemində mühüm yer tutsa da, kibertəhlükəsizlik baxımından müəyyən risklərlə üzləşir:
“Rəqəmsal maliyyə xidmətlərinin artması ilə kiberdələduzluq halları da intensivləşib. Xüsusilə kommunal ödənişlər, dövlət rüsumları və cərimələr üzrə saxta ödəniş platformalarının yaradılması ilə istifadəçilərin maliyyə məlumatları oğurlanır. Mütəxəssis qeyd edir ki, fintek texnologiyaları hər nə qədər sürət və rahatlıq təmin etsə də, təhlükəsizlik baxımından ənənəvi banklarla müqayisədə müəyyən çatışmazlıqlara malikdir.
Fintek platformalarının əməliyyat xərclərinin az olması onlara daha yaxşı faiz dərəcələri və xidmətlər təklif etməyə imkan verir. Ancaq Abbasovun fikrincə, bu rahatlıq bəzi hallarda təhlükəsizliyə xələl gətirə bilər. Platformaların hədəf olduğu kiberhücumlar, texniki nasazlıqlar və zəif nəzarət mexanizmləri istifadəçilərin vəsaitlərinin risk altında olmasına səbəb ola bilər.
Elvin Abbasov istifadəçilərə xaricdə yerləşən onlayn bank və fintek platformalarından istifadə zamanı ehtiyatlı olmağı, vəsaitlərini müxtəlif platformalara bölüşdürərək riskləri azaltmağı tövsiyə edir:
“Müasir maliyyə alətləri sürətli və innovativ olsa da, təhlükəsizliyin təmin edilməsi üçün istifadəçilər diqqətli olmalıdırlar. Fintek sektorunun bu cür riskləri ilə bağlı məsələlər gələcəkdə gücləndirilmiş nəzarət mexanizmləri və təhlükəsizlik standartları vasitəsilə aradan qaldırıla bilər. İKT mütəxəssisi qeyd edir ki, həm müştərilər, həm də şirkətlər üçün mütəmadi maarifləndirmə tədbirləri də vacibdir”,-deyə ekspert qeyd edib.