Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən may ayında 2019-cu il üzrə əmək yarmarkalarının keçirilməsinə start veriləcək. İlk yarmarkaların Naftalan şəhərində, Qəbələ və İsmayıllı rayonlarında təşkil edilməsi planlaşdırılır.
Nazirlikdən verilən xəbərə görə, yarmarkaların bu il ərzində ölkənin 56 şəhər və rayonunda təşkili nəzərdə tutulur. Bu aktiv məşğulluq tədbirlərində müxtəlif idarə, müəssisə və təşkilatlarda olan vakant (boş) iş yerləri işsiz və işaxtaran vətəndaşlara təklif ediləcək. Bundan əlavə, yarmarkalarda vətəndaşlara peşə və ixtisaslarına, əmək bacarıqlarına uyğun vakant iş yerlərinə göndərişlər veriləcək. Peşə və ixtisası olmayan, yaxud peşə bacarığına uyğun iş tapmaqda çətinliklə üzləşən şəxslər isə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunacaq. İştirakçıların istəkləri əsasında onların ödənişli ictimai işlərə, müvafiq potensialları olan vətəndaşların özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyatı aparılacaq.