"Düzgün marketinq siyasəti dayanıqlı ixrac amillərindən biridir" – Elman Sadıqov | Banco.az

"Düzgün marketinq siyasəti dayanıqlı ixrac amillərindən biridir" – Elman Sadıqov

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Dünya ölkələrinin əsas iqtisadi siyasətləri rəqabətə davamlı  məhsul ixracı üzərində qurulub. İxrac edilən həmin məhsul həm qiymət, həm keyfiyyət, həm də çatdırılma ilə bağlı məsələlərdə  müəyyən bazar əldə edə bilmək üçün digər məhsullara rəqib olmağı bacarmalıdır.

Bu fikirləri iqtisadçı Elman Sadıqov Banco.az-ın suallarını cavablandırarkən deyib.

Elman müəllim,  ciddi rəqabətədavamlı məhsul ixracının üstünlükləri nədir?

Hələ orta əsrlərdən etibarən hər bir ölkənin qarşısında duran əsas məsələrdən biri xaricə daha çox mal satmaq və qarşılığında daha çox qızıl, gümüş alaraq ölkənin daxili tələbatlarını ödəmək idi.

Qızıl standartı ləğv olunduqdan sonra petrodollar sistemi gəldi və hal-hazırda hər bir ölkə daha çox ixrac edərək daha çox valyuta əldə etməyə çalışır. Rezerv valyuta olan dollar, avro hər bir dövlət üçün kifayət edir ki, dünyanın istənilən nöqtəsindən istənilən məhsulu ala bilsin.  Ona görə də hər bir ölkə idxal tələbatını ödəmək üçün həm də ixrac etməyə məhkumdur ki, valyuta əldə edərək idxal edə bilsin.  Çünki dünyada normal inkişaf edən, inkişaf etmiş və yaxud inkişaf etməkdə olan elə bir ölkə yoxdur ki, bütün məhsullarla özünü təmin etsin. Ticarət dünya iqtisadiyyatı və sisteminin əsas bünövrəsi hesab olunur. Bu mənada bütün ölkələr hal-hazırda daha çox ixrac etməyə can atırlar. Nəticədə isə  həm də ciddi rəqabət formalaşır.

Dünya ölkələri də, əsas iqtisadi siyasətlərini və ticarətlərini də bunun üzərində qururlar. Hazırda bir çox ölkələr ümumiyyətlə, ixracyönümlü siyasət həyata keçirirlər.

Azərbaycan bu məsələrdə iqtisadiyyatını inkişaf etdirmək üçün necə bir yol seçib?

Azərbaycan da istisna deyil. Hazırda dünyanın inkişaf etmiş ölkələri ixrayönümlü siyasət həyata keçirirlər. 1980-ci illərin ortalarına qədər isə bəzi ölkələr idxalı əvəzetmə siyasəti həyata keçirirdilər. Lakin, 1980-ci illərin ortalarında baş verən böhranlar bu siyasətin ixracyönümlü siyasətə ciddi bir şəkildə uduzduğunu sübut etdi. Biz hal-hazırkı dövrə kimi neft məhsulları, qaz ixrac etmişik. Lakin hazırda həm istehsalın aşağı düşməsi, həm neft qiymətlərindəki volatillik, həm alternativ enerjinin gəlməsi, yeni texnologiyalar, ekoloji məsələlər, yeni tələblər yeni siyasi konyuktura formalaşdırır.

O cümlədən neftə olan tələbin 5-10 il ərzində aşağı düşmə ehtimalı və təklifin isə əksinə, ciddi şəkildə azalmayacağı nəzərə alındıqda hər bir ölkə, xüsusilə neft-qaz ixrac edən ölkələr öz ixracını daha çox diversifikasiya etməyə, şaxələndirməyə çalışır.

Ən sərfəli kredit üçün müraciət et

Ən önəmli amillərdən biri də bir ölkənin  bir və ya bir neçə məhsulun ixracından asılı olması ilə bağlıdır.

Ölkə maksimum nə qədər çox mal, məhsul ixrac edərsə, iqtisadiyyatı daha dayanıqlı gəlir və valyuta axını əldə edə bilər. Ümumiyyətlə, hər bir ölkədə ən önəmli amillərdən biri də ticarət və  tədiyyə  balansıdır.  Ticarət balansı tədiyə balansının əhəmiyyətli hissəsini təşkil edir. Ticarət balansının müsbət olması ölkəyə valyuta cəlb edə bilməniz deməkdir. Əlavə valyuta qazancınız deməkdir. Bu mənfi olduqda  isə fəsadları böyükdür.

 Elman müəllim, rəqabətədavamlı məhsulun formalaşması üçün hansı amillər işlək olmalıdır?

Rəqabətədavamlı məhsul özündə bir çox komponentləri birləşdirir. Bu, təkcə qiymət məsələsi deyil. Doğrudur, burada ölkənin valyuta kursu önəmli rol oynasa da düşündüyümüz qədər yeganə və həlledici deyil. Rəqabətədavamlı məhsulun formalaşması üçün ən önəmli amillərdən biri keyfiyyət amilidir. Hər hansı məhsulu istehsal edən zaman işçinin məhsuldarlığı, təhsili kimi amillər nəzərə alınmalıdır. Çünki  qeyri-peşəkar işçi keyfiyyətli mal istehsal edə bilməz. Burada hər bir işçiyə düşən orta məhsuldarlıq, səmərəlilik, başqa sözlə verimlilik məsələsi ortaya çıxır. Riskərin idarə edilməsi əsas önəmli amillərdən biridir. Bir məhsulun istehsalının maya dəyəri aşağı, keyfiyyətinin yüksək olmasından asılı olmayaraq digər ən vacib amil  həmin məhsulun satışı üçün düzgün marketinq siyasətinin qurulmasıdır. Nə qədər  mükəmməl və peşəkar marketinq siyasəti həyata keçirilərsə  onun nəticələri əsasında dayanıqlı  ticarət, satış  formalaşacaqdır. Bir məhsulun bazarda  yer tutması, müəyyən pay sahibi olması üçün risklərin idarə edilməsi və marketinqin önəmi düşündüyümüzdən daha dərin və daha böyükdür. Digər mühüm amillərdən biri qablaşdırma, təqdimatdır. Həlli vacib və rəqabətədavamlılığı şərtləndirən digər mühüm amil lojistika, nəqliyyat, çatdırılmadır. Burada həm sürət, həm də qiymət önəmli rol oynayır.

Müsahibənin davamı olacaq...

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram