Müəllif: Tamara Mustafayeva, Banco.az
“Fitch Ratings”: Dünya iqtisadiyyatında dekarbonizasiya çox ləng gedir.
Banco.az xəbər verir ki, “Fitch Ratings” 2023-cü ildə böyük və inkişaf etmiş iqtisadiyyatların kəskin yaxşılaşmasına baxmayaraq, dünya iqtisadiyyatının dekarbonizasiya sürətində az irəliləyiş olduğunu bildirib.
“Fitch Ratings”in "İqtisadiyyat göstəricisi: Dünya ÜDM-nin karbonsuzlaşma sürəti hələ də çox yavaşdır" adlı təhlilinə görə, inkişaf etməkdə olan iqtisadiyyatların karbon intensivliyində heç bir azalmaya nail olunmasa da, bu ölkələrin dünya enerji istehlakında payı artmışdır.
2023-cü ildə qlobal iqtisadi artım 2,9 faiz, karbon emissiyalarının artımı isə 1,8 faiz olaraq hesablanıb. Emissiyaların qlobal ümumi daxili məhsula (ÜDM) nisbəti cəmi 1 faiz azalıb və bu nisbət ötən 25 ildəki orta azalma ilə eyni səviyyədədir. Ancaq, 2050-ci ilə qədər xalis sıfır emissiyaya çatmaq üçün emissiyaların qlobal ÜDM-ə nisbətinin azalması hər il 8 faiz olmalıdır.
Ötən il inkişaf etmiş ölkələrin emissiyaları 4,2 faiz azaldığı halda, iqtisadiyyatları 1,8 faiz artıb. Bununla da, inkişaf etmiş iqtisadiyyatların emissiyaları 1970-ci ildən bəri ən aşağı səviyyəyə düşüb.
Bununla belə, inkişaf etməkdə olan iqtisadiyyatların karbonsuzlaşmasında heç bir irəliləyiş əldə olunmayıb. Bu ölkələrin iqtisadiyyatları və karbon emissiyaları eyni səviyyədə, yəni 4,7 faiz artıb və bu artım son 10 ilin ən pis göstəricisi olub. Sözügedən ölkələrin qlobal enerji istehlakında payı isə 2023-cü ildə 64 faizə yüksəlib.
Bizi sosial şəbəkələrdən izləyin!!