Arzusu onu "Chanel"dən "Louis Vuitton"-a apardı: Kanadada yaşayan modelyer Naznaz Sadıqova kimdir? | Banco.az

Arzusu onu "Chanel"dən "Louis Vuitton"-a apardı: Kanadada yaşayan modelyer Naznaz Sadıqova kimdir?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Bu dəfəki müsahibimiz Naznaz Sadıqova Azərbaycanı okeanın o biri tayında uğurları, gördüyü işlər ilə layiqincə təmsil edir.

Naznaz Sadıqova Bakıda dünyaya gəlib. Azərbaycan  Dillər Universitetini bitirdikdən sonra modelyer kimi çalışmağa başlayıb. Onun həyatında dönüş nöqtəsi Kanadaya köçdükdən sonra yaranır. 2006-cı ildən Kanadanın Toronto şəhərinə  köçən Naznaz Sadıqova  2009-cu ildə "Chanel” şirkətində modelyer kimi işə başlayır. 2017-ci ilədək "Chanel” şirkətində fəaliyyət göstərən həmvətənimiz  şöbə meneceri vəzifəsinədək yüksəlir.

Hazırda dünyanın tanınmış brendlərindən olan “Louis Vuitton”ilə əməkdaşlıq edən Naznaz Sadıqova iş və şəxsi həyatına dair bir çox maraqlı məqamları  Banco.az-a danışıb.

Onunla olan müsahibəmizi təqdim edirik:

Naznaz xanım, ixtisasca ingilis dili müəllimisiniz. Bəs modelyerliyə həvəs necə yarandı?

Mənim çox erkən yaşlardan modelyerliyə həvəsim yarandı. Orta məktəbi bitirdikdən sonra dərzilik etməyə başladım. Bir müddətdən sonra düşündüm ki, ali savad almalıyam. Nəhayət qərara gəldim ki, bu sənətimdən ayrılmadan universitetə daxil olum. Mən Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsinə daxil oldum. Həmin universiteti bitirsəm də heç bir zaman ingilis dili müəllimi kimi çalışmamışam. Çünki modelyerliklə daha çox məşğul idim. Müəllimlik etmək həvəsim ürəyimdə qaldı, deyə bilərəm. Qızım mənə deyir ki, “ana sən heç narahat olma, ən yaxşı müəllimliyi bizə etmisən”. Doğrudan da, yeddinci sinifə  qədər övladlarımın dərslərində onlara kömək edirdim.

Dərzilikdən peşəkar modelyerliyə gedən o yolu necə xatırlayırsınız?

Məktəbi bitirdikdən sonra  şəhərdə moda atelyesinin birində işə düzəldim. Xatırlayıram,  orada  çoxlu tikiş ustaları çalışırdı. İki il sonra mənim artıq öz tikiş ustalarım var idi. Onlar mənim üçün işləyirdi. Mən artıq müştərilərlə birbaşa əlaqə saxlayır, onlara model seçir və müştərilərin əyninə ölçüb biçdikdən sonra tikiş üçün ustalarıma verirdim. 21 yaşım olanda mənim üçün çalışan yeddi ustam var idi.

Vaxtaşırı Azərbaycan Moda Assosiasiyasının keçirdiyi moda müsabiqələrində iştirak edirdim.  Mənim hazırladığım  geyim “İlin ən ekstravaqant paltarı” adını alıb. 2002-ci ildə  Azərbaycan Moda Assosiasiyasının keçirdiyi festivalda üçüncü yeri tutmuşdum.

Naznaz xanım, karyeranızın dönüş nöqtəsi hansı marka ilə işbirliyində yarandı?

Kanadaya köçdükdən bir müddət - təqribən üç illik fasilədən sonra Torontoda “Chanel” firmasının butiklərindən birində modelyer kimi işə başladım.

Heç vaxt ağlıma gəlməzdi ki, mən belə bir brendin moda evində çalışaram. “Chanel”in məhsullarını mən jurnallarda, tv kanalarında görürdüm. Kanadaya köçdükdən sonra bu brendin moda evində çalışmaq, “Chanel” ailəsinə qoşulmaq həqiqətən də karyeramda dönüş nöqtəsi sayıla bilər.

Kanadada “Chanel”in  təqribən 20-25  moda evi var. Mənim bu brendin çətiri altında fəaliyyətimin yeddinci ilində geyim mütəxəssisləri arasından 16 nəfər seçib onların müsahibələrini jurnalda dərc etdilər. Mən də seçilənlər arasında idim. Bu mənim həyatımda xatırladığım xüsusi məqamlardan biridir.

Hamıya bəllidir ki, “Chanel”in geyimlərinin hazırlanma texnologiyaları olduqca fərqlidir. Təbii ki, çalışdığım müddətdə bu brend ilə əməkdaşlıq mənim hazırkı fəaliyyətimdə olduqca böyük inkişaf yolu oldu.

Modelyer olmaq ilahi vergi kimidir. Düşünürəm ki, yüksək zövqün olmalıdır. Amma bəzən bu zövq məsələsi ifrat açıq-saçıqlıqla səhv salınır. Siz əl işlərinizdə modanı necə təcəssüm etdirirsiniz?

Bəli, sənət elə bir şeydir ki, onu öyrənmək olmur. Ona xüsusi bir istedadın olmalıdır.Daima çalışmalısan ki, o istedad inkişaf etsin, yenilikləri tətbiq etməyi bacarmalısan. Moda dünyası illərdir təxəyyülün bütün formalarında məhsulları yaradıb modasevərlərin ixtiyarına verir. İnsanlar “Fashion show”larda modellərin əynində gördükləri açıq-saçıq paltarları dəb ilə səhv salırlar. Bu sadəcə şou yaratmaq, diqqəti cəlb etmək üçündür. O demək deyil ki, modelyerlər insanları belə geyinməyə çağırırlar. Bilirsiniz, artıq dəb aləmində hər şey demək olar yaradılıb, təqdim edilib.Elə bir yenilik olmadığına görə artıq modelyerlər fantaziyalarını cürbəcür formada göstərməyə çalışırlar.

“Chanel” düzdür belə səhnələrlə modellərini nümayiş etdirmir."Chanel"in stili, elaqant, sadə eyni zamanda da dəbdəbəlidi.“Louis Vuitton” əksinə modasevərlərin diqqətini cəlb etmək üçün qeyri-adi tərzdə “fashion show”lar tərtib edir. Ümumiyyətlə hesab edirəm ki, insanın əxlaq zövqünün aşağı olması dəb zövqünə təsir edir. Kübar, özünə hörmət edən qadın hədsiz açıq-saçıq modellər geyimləri seçməyəcəkdir. 

Mənim şəxsi stilim isə klassik tərzdədir. Mən “Chanel”də bu üslubu görəndə çox sevindim.Bu brendin bütün paltarları ümumiyyətlə çox kübar, aristokrat üslubdadır. Şəxsi kolleksiyalarımda da mən daha çox eleqant, klassik tərzdə geyimlər hazırlayıram. Ümumiyyətlə, özüm üçün hazır geyim təsadüfən alıram. Əksər libaslarımı özüm tikib hazırlamışam. Gündəlik geyim tərzim də sadədir. Bu sadəlik mənim xüsusi mərasimlər üçün hazırladığım geyimlərimdə də müəyyən qədər əks olunur. Azərbaycanlılar burada yoxdur, əksər müştərilərim  əslən Avropadan olan kanadalılardır. Onların geyim zövqü çox yaxşıdır.

Biznes mühitinə yaxın bir insansınız. Kolleksiyalar hazırlayıb şəxsi mağazanızı qurmaq, satmaq  və s, bu kimi ideyalarınız olubmu?

Ən sərfəli kredit üçün müraciət et

Əlbəttə kolleksiyalar hazırlamaq çox maraqlıdır.Amma bu həm çox uzun zaman aparır, həm də çox vəsait tələb olunur.Mağaza açmaq heç vaxt istəməmişəm. Hər zaman fərdi  insanlarla atelyedə işləyib kolleksiyalar hazırlamışam. Amma öz atelyemin olmağını istəyirəm.

Naznaz xanım, ailə qayğıları və iş həyatınız arasında balansı necə tənzimləyirsiniz?

Ümumiyyətlə, balans mənim üçün çox şeydir. Ailə və iş arasında balans isə deyərdim hər şeydir. Mən hər bir şeydə, hər bir işdə balansı sevirəm. Xüsusilə də, ailə və iş arasında mənim üçün balans hər zaman olub. Mənim üçün ailəyə həsr edilən vaxtı ayrıdır, iş ayrıdır. Heç vaxt ailəmin vaxtından kəsib işə verməmişəm. İşin də vaxtını zamanında müəyyənləşdirmişəm. Bunlar arasında balansı pozmamışam. Nə digəri o birindən əskik olub, nə də artıq.

Sizin sənətinizi, əl işlərinizi davam etdirəcək istedadı övladlarınızda görürsünüzmü?

Mənim iki övladım var. Onların heç vaxt mənim sənətimə maraqları olmayıb. Amma hərəsinin öz istedadı var. Oğlum çox gözəl gitara çalır, hətta indidən simfonik orkestrlə səhnədə çıxış edir. Azərbaycan milli rəqslərini peşəkar formada təmsil edir. Yaxşı futbol, basketbol oynayır. Qızım da həmçinin çox istedadlıdır. Onun da çox gözəl səsi var. Hərdən atasının konsertlərində  oxuyur və çox gözəl pioninada ifa edə bilir. Övladlarımın hər ikisi böyük istedada malikdirlər.

Kanada qadınlar geyimə daha çox pul xərcləyir, yoxsa Azərbaycanda?

Əlbəttə, Azərbaycanda xanımlar geyinməyi çox sevir. Kanada da isə əhalinin əksəriyyətinin zövqü aşağıdır.Yalnız Avropadan Kanadaya gələnlərin geyim zövqü daha yaxşıdır. Azərbaycanda isə əksinə, geyimə daha çox pul xərcləyirlər.Ümumiyyətlə bizim millət axrıncı puluna da geyim alacaq qədər zövqlü geyinməyi çox sevir.

Siz bahalı geyimlər hazırlayırsınız. Bəs bahalı geyimlər almağa münasibətiniz necədir?

Mən daha çox bahalı üst geyimlərinə pul xərcləyirəm. “Chanel”də işlədiyim zaman çox almışdım. Daha çox çanta və ayaqqabılara pul xərcləməyi xoşlayıram. Digər geyimləri isə əksəriyyətini özüm hazırlayıram.Yaxşı endirimlər olanda “Louis Vuitton”da aldıqlarım olub.Mənim üçün geyimin keyfiyyəti əsasdır. Çox ucuz geyim almağa maraqlı olmuram. Keyfiyyət mənim üçün birinci gələn şərtdir.

Azərbaycan dəyərlərinin təbliği ilə məşqulsunuz. Kanadada ölkəmiz haqqında təsəvvürlər necədir?

Torontoda Azərbaycana aid tədbirlərə ailəlikcə gedirik. Uşaqları da elə tərbiyyə edib böyütmüşük. Mən bura təzə gələndə Azərbaycan haqqında kanadalıların təsəvvürləri demək olar yox idi. “Chanel”də işlədiyim yeddi il ərzində mən Azərbaycanın mədəniyyəti, mətbəxi, həyat tərzi, tariximiz haqqında çox şeyi ətrafımdakılara təlqin edirdim. Onlar artıq ölkəmiz haqqında müəyyən təsəvvürlərə malik idilər. Bizi ən çox İkinci Qarabağ müharibəsi vaxtı tanıdılar. Biz Kanadada ermənilərin anti-Azərbaycan təbliğatlarına qarşı mitinqlər keçirib ölkəmizin haqq yolunda doğma torpaqlarını işğaldan azad etdiyini vurğulayırdıq. Bu çətin bir yol olsa da, artıq uğurlar əldə etmişdik. Artıq Azərbaycanı qalib xalqın vətəni olaraq tanıyırlar. Fürsətdən istifadə edib 44 günlük Vətən müharibəsində şəhid olan igidlərimizə Allahdan rəhmət diləyir, onların valideynlərinə səbr arzulayıram.

Kanadaya gəlmək istəyən azərbaycanlılara məsləhətləriniz varmı?

Kanadaya gəlmək istəyən azərbaycanlılara məsləhətim odur ki, birinci növbədə bura gələndə dil öyrənsinlər. Əgər onlar dili bilsələr, iş tapmaq da oxumaq da, rahat olacaq. Ümumiyyətlə, başqa bir ölkəyə gəlirsənsə, birinci onun dilini bilməlisən. İkincisi də, harada olmaqlarından asılı olmayaraq heç zaman azərbaycanlı olduqlarını unutmasınlar. Kimliklərini qoruyub bununla fəxr etsinlər. Övladlarına  tariximiz, mədəniyyətimiz, dilimiz haqqında məlumat versinlər. Xüsusən də doğma dildə danışığı unutmasınlar. Övladları ilə evdə bu dildə danışıb, milliyyətləri ilə fəxr etsinlər.

Naznaz xanım, Bakıya gəlməyi planlaşdırırsınızmı? Və gələcəkdə Bakıda bir butik açmaq, milli ornamentləri özündə əks etdirən kolleksiya hazırlamaq barədə planlarınız varmı?

Bakıya gəlmək əlbəttə ki, bizim üçün hər zaman sevincdir. İnşallah bu yay gəlmək istəyirik.Uşaqlar da Bakını çox sevirlər. Mənim arzum Kanadada moda evi açmaqdır. İstəyirəm ki. milli ornamentləri əks etdirən geyimlər hazırlayım. Bakıda bu işləri görən kifayət qədər istedadlı modelyerlərimiz var. Amma Kanadada bu boşluq hiss olunur.

İstərdim ki, milli geyimlərimizdən ibarət kolleksiya hazırlayıb onu Kanada ictimaiyyətinə təqdim edim. Ümid edirəm ki,bu arzumu nə vaxtsa gerçəkləşdirəcəyəm.

Səmimi müsahibə üçün təşəkkür edirəm.

Mən də sizə təşəkkür edirəm. Kollektivinizə və oxucularınıza uğurlar arzulayıram.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram