Bu gün Davosda Ümumdünya İqtisadi Forumu (ÜİF) öz işinə başlayır.
Forumun ilk iş günündə proqrama əsasən "Münaqişədə liderlik", "Qlobal risklər-2015" mövzusunda, Ukraynanın gələcəyi, Türkiyənin G20-də sədrliyi, qlobal maliyyə sabitliyi və s. üzrə müzakirələr aparılacaq.
Bir müddət əvvəl xəbər verilib ki, forumda 40-dan artıq dövlət və hökumət rəhbərləri, eləcə də 140 ölkədən biznes elitasının 2 500 nümayəndəsi iştirak edəcək. Forumda iştiraklarını Fransa prezidenti Fransua Olland, Ukrayna prezidenti Pyotr Poroşenko, Almaniyanın kansleri Angela Merkel, Türkiyənin baş naziri Əhməd Davudoğlu, ABŞ dövlət katibi Con Kerri, Çinin baş naziri Li Ketsyan və s. təsdiqləyiblər. Qarşıdakı forumun əsas mövzusu "Yeni qlobal kontekst", inkişaf və sabitlik məsələləri, böhranlar və onların aradan qaldırılması üçün əməkdaşlıq, cəmiyyət və təhlükəsizlik, innovasiyalar və sənaye məsələləri olacaq. Biznes elitasının rəhbərləri, siyasi liderlər mühüm dünya problemlərini, əsas geosiyasi məsələləri müzakirə edəcəklər. Forumun proqramına bu ilin hadisələrinə həsr olunan debatlar, qlobal enerji gündəlik və qlobal təhlükəsizlik məsələləri daxil edilib. ABŞ, Rusiya, qlobal iqtisadi vəziyyət üzrə icmal sessiyalar keçiriləcək.
Qeyd edək ki, forum zamanı yanvarın 22-də Davosda, həmçinin "Bakı-2015" I Avropa Oyunlarının təqdimatı keçiriləcək.
Forumun işi yanvarın 24-də başa çatacaq.
atvxeber.az