Müəllif - Fərid İslamov/Banco.az
Cümə günü axşam Brent bahalaşır, WTI isə bir qədər ucuzlaşır.
Londonun ICE Futures birjasında Brent markalı yanvar fyuçerslərinin qiyməti 0,55 dollar (0,68%) bahalaşaraq bir barelə görə 81,97 dollar olub. Bu vaxta qədər WTI markalı neftin yanvar fyuçersləri NYMEX birjasında 0,21 dollar (0,27%) ucuzlaşaraq bir barelə görə 76,89 dollar təşkil edib.
Bazar iştirakçıları OPEC+ nazirlərinin gələn həftəyə təxirə salınan görüşünü gözləyirlər. O, noyabrın 26-da deyil, 30-da baş tutacaq və şəxsən deyil, onlayn şəkildə keçiriləcək. Daha əvvəl bildirilmişdi ki, iclasda neft hasilatına qoyulan cari məhdudiyyətlərin, ilin sonunda başa çatan müddətin uzadılması və ya neft hasilatının daha kəskin azaldılması məsələsinə baxıla bilər.
"Əsas məqam ondan ibarətdir ki, təxirə salınma Səudiyyə Ərəbistanının mövqeyini dəyişməsi ilə bağlı deyildi. Krallıq hələ də bazarı sabitləşdirmək üçün lazım olan hasilatın azaldılmasında əsas payı daşımağa hazır görünür". Commerzbank analitikləri qeyd edir.
Bank ekspertləri əmindirlər ki, Səudiyyə Ərəbistanı könüllü hasilatı azaltmağı gələn ilin birinci rübünə qədər uzadacaq.