Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Azərbaycanda özəl sektorun inkişafı iqtisadi artımın və məşğulluğun əsas mənbələrindən biridir.
Ekspertlər bu sahənin gücləndirilməsi üçün bir sıra tədbirlərin vacibliyini vurğulayırlar.
Banco.az bu istiqamətdə olan araşdırmasını təqdim edir:
Biznes mühitinin yaxşılaşdırılması: Sahibkarlıq fəaliyyətinin təşviqi üçün əlverişli biznes mühiti yaradılmalıdır. Bu məqsədlə, hüquqi və institusional islahatlar aparılmalı, rəqabət mühiti gücləndirilməli və qeyri-formal monopoliyaların qarşısı alınmalıdır.
Rəqəmsallaşmanın təşviqi: Rəqəmsal texnologiyaların tətbiqi özəl sektorun inkişafını sürətləndirir. Elektron qeydiyyat sistemlərinin tətbiqi və biznes prosedurlarının sadələşdirilməsi sahibkarlığın inkişafına təkan verir. Məsələn, son illərdə Azərbaycanda biznesin qeydiyyatı prosedurlarının təkmilləşdirilməsi nəticəsində aktiv vergi ödəyicilərinin sayı arıb.
Kiçik və orta sahibkarlığın (KOS) dəstəklənməsi: KOS-ların inkişafı regionların iqtisadi imkanlarının artırılması və məşğulluğun təmin edilməsi baxımından əhəmiyyətlidir. Dövlət proqramları vasitəsilə KOS-lara maliyyə dəstəyi, təlim və məsləhət xidmətləri göstərilməlidir. Bu, regionlarda iqtisadi fəallığın artmasına və əhalinin rifahının yüksəlməsinə kömək edir.
Dövlət-özəl sektor əməkdaşlığının gücləndirilməsi: Dövlət və özəl sektor arasında əməkdaşlıq iqtisadi inkişafın vacib istiqamətlərindən biridir. Bu əməkdaşlıq çərçivəsində dövlət-özəl tərəfdaşlığı layihələri həyata keçirilməli, özəlləşdirmə prosesləri şəffaf və səmərəli aparılmalıdır. Bu, iqtisadiyyatın müxtəlif sahələrində özəl sektorun payının artırılmasına və rəqabət qabiliyyətinin yüksəldilməsinə şərait yaradır.
İnsan kapitalının inkişafı: Təhsilin keyfiyyətinin artırılması və peşə hazırlığının gücləndirilməsi özəl sektorun ehtiyac duyduğu ixtisaslı kadrların yetişdirilməsinə imkan verir. Bu, innovasiyaların tətbiqini sürətləndirir və məhsuldarlığı artırır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü il noyabrın 1-nə olan məlumata görə, ölkədə uçotda olan 1.583.592 vergi ödəyicisinin 87,1%-i fiziki şəxslər, 12,9%-i isə hüquqi şəxslər və digər təşkilatlardır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 5,6%, fiziki şəxslərin sayı 5,4%, hüquqi şəxslərin sayı isə 7,3% artıb. Aktiv kommersiya qurumlarının sayı isə əvvəlki ilin eyni dövrünə nisbətən 10,8% artım göstərib.
2023-cü il martın 1-nə olan məlumata əsasən, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1.715,8 min nəfərə çatmışdır ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 33,7 min nəfər və ya 2% artım deməkdir. Bu artım əsasən özəl sektorun hesabına baş vermişdir; belə ki, dövlət sektorunda çalışanların sayı 1,5 min nəfər azalarkən, özəl sektorda əmək müqaviləsi ilə işləyənlərin sayı 35,2 min nəfər artıb.