Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarında işçilərin sayı 2024-cü ilin sentyabr ayının 30-na 3 509 nəfər olub.
Banco.az bu barədə Mərkəzi Bankın açıqladığı statistik göstəricilərə istinadən xəbər verir ki, 2023-cü il ilə müqayisədə BOKT işçilərinin sayı 340 nəfər və ya 11% artıb. Belə ki, ötən ilin eyni dövründə BOKT-larda çalışan işçilərin sayı 3 169 nəfər olub. Ötən ilin dekabr ayının sonunda BOKT işçilərinin sayı 3289 nəfər olub. 9 ayda BOKT-lar işçilərinin sayını 220 nəfər artırıb.
Bu dövrdə BOKT filiallarının sayı isə 302 ədəd olub. Ötən ilin müvafiq dövründə isə BOKT-ların sayı 283 ədəd olub ki, bu da illik müqayisədə 19 BOKT filialının açılması deməkdir.
Bu təşkilatlar kredit xidmətləri göstərsələr də, əmanət qəbul etmək və bəzi digər bank əməliyyatlarını yerinə yetirmək səlahiyyətlərinə malik deyillər. Onlar əsasən kiçik və orta sahibkarlığı dəstəkləyən, həmçinin bank xidmətlərinə çıxışı məhdud olan müştərilərə yönəlib.
İqtisadçı Əkrəm Həsənov bank olmayan kredit təşkilatlarının (BOKT) banklarla əsas fərqlərinə və Azərbaycanda bu qurumların mövcud problemlərinə toxunub. Onun sözlərinə görə, BOKT-lar yalnız kredit verə bilən qurumlardır, halbuki banklar daha geniş funksiyalar həyata keçirir:
"Banklar kredit verir, əmanət qəbul edir, hesablar açır, köçürmələr həyata keçirir, nağd əməliyyatlar aparır və valyuta mübadiləsi ilə məşğul olur. BOKT-lar isə kredit vəsaitini əksər hallarda elə banklardan alırlar. Bu da onların kredit faizlərinin nisbətən yüksək olmasına səbəb olur.Əhali BOKT-lara əsasən banklardan kredit ala bilmədikdə müraciət edir. Banklar kredit verməkdən imtina etdikdə vətəndaşlar son çarə olaraq lombardlara üz tuturlar, lakin lombardların faiz dərəcələri daha yüksək olur."
Əkrəm Həsənov BOKT-ların fəaliyyət istiqamətlərini beynəlxalq təcrübə ilə müqayisə edib və Azərbaycandakı çatışmazlıqlara diqqət çəkib:
"Dünyada BOKT-ların əsas fərqi yalnız əmanət qəbul etməmələridir. Lakin xarici təcrübədə bu təşkilatlar həm pul köçürmələri, həm valyuta mübadiləsi, həm də kassa əməliyyatları ilə məşğul ola bilirlər. Azərbaycanda isə bu funksiyalar məhdudlaşdırılıb, bu da sağlam rəqabətin qarşısını alır."
İqtisadçı bildirib ki, BOKT-ların daha effektiv fəaliyyət göstərə bilməsi üçün onların səlahiyyətlərinin artırılması zəruridir:
"BOKT-ların ixtisaslaşması üçün onların hüquq və funksiyaları müəyyən qədər genişləndirilməlidir. Bu addım həm rəqabəti gücləndirər, həm də maliyyə bazarında balans yaradardı".