"PAŞA Həyat Sığorta" ASC İdarə Heyətinin sədri Niyaz İsmayılovun ənənəvi illik geniş müsahibəsini təqdim edirik.
- Hörmətli Niyaz müəllim, ənənəvi yeni il müsahibənizi hər bir sığorta sahəsi ilə maraqlanan oxucu səbirsizliklə gözləyir.
- Bütün oxucularımızı salamlayıram. Suallarınıza cavab verməyə hazıram.
1. 2022-ci il üzrə nəticələr barədə qısa məlumat verməyinizi xahiş edirik.
Biz hələ hesablamaları tam yekunlaşdırmasaq da, əsaslı təxminlərimizi paylaşa bilərik.
Bilirsiniz ki, PAŞA Həyat şirkəti uzun illərdir 2 əsas məhsula istiqamətlənmiş biznes fəaliyyəti sərgiləyir. Bunlar “Həyatın Yaşam Sığortası” və “İstehsalatda Bədbəxt Hadisələr” sığorta məhsullarıdır. Sığorta yığımları baxımından “İstehsalatda Bədbəxt Hadisələr” məhsulu üzrə 2022-ci ildə 21%, “Yaşam sığortası” üzrə isə 41% artım əldə edə bilmişik.
Keçən ilki müsahibəmdə bildirmişdim ki, dövlət tərəfindən tənzimlənməyən məhsullar sektorunda fəaliyyətimizi genişləndiririk. Bu il xüsusən “Gəlirli Həyat Sığortası” məhsulunu qeyd etmək istərdim. Bu məhsul üzrə keçən il 29 milyon manat əldə etmişdiksə, 2022-ci il ərzində artıq bu nəticəni 50 milyona çatdırmağa müvəffəq olmuşuq. Bundan əlavə, deyim ki, 2023-cü ildə də biznesimizi bu istiqamətdə ciddi şəkildə inkişaf etdirəcəyik və paralel olaraq mikro sığortalar üzrə çalışacağıq. Düşünürəm ki, gələn ilin sonunda yeni sahədən pozitiv nəticələr əldə edəcəyik.
Mənfəətimiz keçən ilki rəqəmlə müqayisədə eyni qalıb. Səbəb - bəzi xərclərimizin ciddi şəkildə artmasıdır. İT infrastruktur, Data infrastruktur və bir sıra layihələrə çəkdiyimiz xərclər mənfəətimizin böyüməməsinə təsir etdi. Lakin biz nəzərə alırıq ki, inkişaf bunu tələb edir. Bugünkü yatırım gələcəyə daha böyük perspektiv açır. Əlbəttə biz bu xərcləri 2022-ci il üçün nəzərə almışdıq və 22 milyonluq mənfəət gözləyirdik. Bu gözləntini də üstələyərək 21% artıq nəticə əldə etmişik.
2. Siz eyni zamanda bir neçə yeni istiqamətlər üzrə çalışmağa başladınız. Bu proses çətin olmadı? Və hazırda hansı mərhələdəsiniz?
Əlbəttə, istər-istəməz bu bir çağırış oldu. Bunlar bu günün tələbidir. Bu gün bu tendensiyalara uyğunlaşmadan inkişafı təsəvvür etmək çətindir.
Hazırda da daxildə transformasiyalar baş verir. Mənim üçün əsas odur ki, boşluqlarımızın harada olduğunu, harada və nəyi düzəltməli olduğumuzu bilək və o istiqamətdə irəliləyək. Asan olmamağı da bundan irəli gəlir ki, şirkətdaxili yeni mədəniyyət formalaşır. Bütün dəyişikliklər mexaniki tətbiq və korporativ mədəniyyətin uyğunlaşması mərhələlərindən ibarət olur. Burada yeni mədəniyyətin tətbiqi bütün əməkdaşları əhatə edir, hər kəs yeniliklə tanış olmalı və əminliklə gündəlik işində tətbiq etməlidir.
“PAŞA Həyat” artıq Agile transformasiya yolunda mexaniki tətbiq mərhələsini uğurla geridə qoyub. Agile təcrübələr, proseslər, strukturlaşma peşəkar səviyyədə həyata keçirilib. Korporativ mədəniyyətin yeni yanaşmaya uyğunlaşdırılması, Agile düşüncə tərzinin şirkətin DNT-sinə hopdurulması istiqamətində ciddi işlər görülür. Bizim qarşımızda duran növbəti böyük çağırış isə Agile düşüncə tərzini və müvafiq korporativ mədəniyyəti təbii şəkildə, xüsusi müdaxilələr olmadan formalaşdırmaqdır. Təşəbbüs edilən dəyişikliklərə təbii formada uyğunlaşmaq bizi daha proqressiv edəcək, transformasiyanın nəticələrini və sürətini artıracaq.
Qabaqcıl beynəlxalq şirkətlər bu istiqamətdə böyük uğurlara imza atıb. Belə ki, sözügedən şirkətlər artıq güclü mexaniki tətbiqdən müvafiq korporativ mədəniyyətin təbii şəkildə formalaşmasına, liderlər daxil olmaqla bütün əməkdaşlar tərəfindən yeni "yumşaq" səriştələrin əldə edilməsinə, komandaların güclü istedadlardan təşkil olunmasına və ideyaların, təkliflərin ənənəvi qaydada yuxarıdan aşağıya doğru deyil, "aşağıdan yuxarıya" – komandalardan liderlərə – gətirilməsinə nail olub. Bu şirkətlər, eyni zamanda, yalnız nəticəyə deyil, bu nəticələrə aparan yolda qarşılaşılan çağırışlara, bu çağırışlardan öyrənilən dərslərə və nəticələrdən hasil olan dəyərə fokuslanır.
Data və ekosistem barədə də bir neçə söz demək istərdim.
- Ekosistem yanaşmasını bütünlükdə holdinqdə tətbiq etməyə başlamışıq. Burada əsas məqsədimiz müştərilər üçün fərqli platformalar üzərindən əlçatan olmaqdır.
- Data istiqamətində növbəti ilə çoxlu planlarımız var. Burada biz artıq xarici konsultantla inkişaf istiqamətlərini müəyyən etdik. Tezliklə yol xəritəsi tərtib olunacaq və növbəti 3 ili əhatə edəcək.
- Əsas biznes istiqamətləri üzrə bacarıqları mərhələli şəkildə data əsasında inkişaf etdiririk. Nümunə üçün xüsusən satış istiqamətində data əsaslı qərarların verilməsini qeyd edə bilərəm.
2022-ci il üzrə nəticəmizi orta yetkin səviyyə saymaq olar, yəni hazırda Data üzrə əsaslı təməl qurulması (foundational) mərhələsindəyik. Burada nəzərdə tutduğumuz yol xəritələrinin həyata keçirilməsi ilə Data üzrə rəqabətədavamlı (competitive) səviyyəyə çatacağıq.
Sual versəniz ki, “hazırda bu səviyyədə olmağınız normaldır”? Mən cavab verə bilərəm ki, bəli – normaldır. Dünyanın aparıcı şirkətlərində də bu tendensiyanı izləmək olur.
Deyə bilərəm ki, bu investisiyaların bəhrəsini artıq görürük. Bu ildə rəqəmlərdə olan artımların bir hissəsi əlbəttə ki, Agile və Datanın hesabına mümkün oldu. Yığımlarda təxminən 31%-lik artıma məhz bu istiqamətlərin töhfəsi böyük oldu.
3. Ötən il yığımlar baxımından rekord nəticə ilə yadda qaldı. Bəs 2022-ci il üzrə yeni bir rekord varmı?
Dediyim kimi, hesablamalar hələ tam yekunlaşmayıb. Xatırladım ki, artıq keçən il rekord nəticə göstərmişdik. 300 milyon manatlıq sığorta yığımları toplayaraq ölkənin sığorta bazarının tarixində ən yüksək nəticə əldə etdik. İnkişafımızın məntiqli davamı olaraq bu il əlavə 100 milyon sığorta haqları toplamaqla 400 milyonluq həddi də keçə bildik və öz rekordumuzu yenilədik.
4. Artıq ard-arda 2 ildir ki, belə möhtəşəm nəticənin əldə olunmasının şahidi oluruq. Hiss olunur ki, bu nəticənin bir neçə sirri var. Növbəti sualımızı vermək istərdik. İstənilən şirkət öz əməkdaşları xoşbəxt və sağlam olduqda inkişaf edir. Razısınızmı? Bəs siz bunun üçün nə edirsiniz?
Düz deyirsiniz! Şirkətin uğurlarının əsas səbəblərindən biri, bəlkə də birincisi daxildə sağlam mədəniyyətin-mühitin olmasıdır. Biz bunun üzərində daim işləyirik. Bizim istedadların fəaliyyəti üçün bu çox önəmlidir. Əks halda, biz heç cür inkişaf edə bilmərik. Bizim uğurlarımızın nəticəsi məhz daxili mühitdir. Bu mühiti qorumaq və inkişaf etdirmək naminə bir sıra şirkətdaxili proqramlar həyata keçirilir.
- Təşkilatı Sağlamlıq İndeksinin ölçülməsi. Hər sorğudan sonra müxtəlif prioritetlər üzrə inkişaf proqramları tərtib olunur və həyata keçirilir.
- Bu ildən başlayaraq əməkdaşlarımızın işə bağlılığını və rifahını ölçmək məqsədilə Employee Engagement layihəsini həyata keçirdik. Burada xüsusi sorğular əsasında işçilərin motivasiyası üçün nələr çatmırsa onları müəyyən edib çözümünü axtarırıq.
Bunları və digər proqramları tətbiq etməklə biz şirkətdaxili mədəniyyəti, mühiti və motivasiyanı yüksək səviyyədə saxlamağa çalışırıq.
5. Çox gözəl səylərdir. Bəs biznes mühitdə bütün şirkətə, mədəniyyətinə təsir edəcək yeni yanaşmalar varmı?
Xarici təcrübələrlə yaxından tanış olub, onları tətbiq etməkdən çəkinmirik. Müştərilərə, korporativ mədəniyyətə, biznesimizə və əməkdaşlarımıza faydalı olan istənilən imkanı dəyərləndirməyə çalışırıq. Bunlardan bəziləri:
- İlkin olaraq “5 why” metodologiyası barəsində danışmaq istərdim. Bu metoda görə hər bir hadisənin üzdə görünməyən bir kök səbəbi var. Hətta ola bilər ki, bir neçə fərqli hadisənin kök səbəbi eyni olsun. Biz bu səbəbi tapmaq üçün 5 dəfə “niyə?” sualını verməliyik. Bunu etdikdə biz həqiqi səbəbə çatmış oluruq. Maraqlananlar axtarış verib bu haqda daha ətraflı oxuya bilər. Praktikada biz bunu artıq tətbiq edirik. Baş verən bütün hadisələrin və audit tərəfindən müəyyən olunmuş problemlərin kök səbəblərini təyin etməyə çalışırıq.
- Eyni zamanda bu ildən etibarən İdarə Heyətində ilkin olaraq Effektiv komanda yanaşmasının tətbiqinə başladıq. Bu yanaşma 6 ay ərzində effektini göstərsə, bütün şirkətə də eyni qaydada tətbiq olunacaq.
- Risk mədəniyyəti layihəsi üzərində çalışırıq. Bizim üçün önəmlidir ki, tək risklərlə yaxından məşğul olan strukturlar deyil, hətta bütün şirkət əməkdaşları risk mədəniyyətini yaşatsınlar və bunun fərqində olsunlar.
- Data mədəniyyətinin təbliği ilə biz çalışırıq ki, şirkət əməkdaşlarına rəqəmlər əsasında qərarvermə bacarığını aşılayaq. Bundan savayı, məlumatlarla düzgün işləmək və onları qorumaq kimi səriştələr formalaşdırılır.
6. Biznesdə olan inkişafla yanaşı cəmiyyətə olan töhfəniz barəsində də bilmək istərdik.
Biz hər il olduğu kimi sosial məsuliyyət layihələrinə kifayət qədər diqqət və vəsait ayırırıq. Hesab edirəm ki, istənilən böyük şirkət sosial məsuliyyətini önəmsəməlidir.
- Bu il vətənimizin incisi olan Şuşaya həsr olunmuş “Şuşa. Zirvədən uca” kitabını ərsəyə gətirdik. Öncə nəşr etdiyimiz kitabların Ankara və Tel-Əviv şəhərlərində təqdimatını təşkil edib, Azərbaycan həqiqətlərini geniş ictimaiyyətə çatdırdıq.
- Çalışdıq şəhid övladlarına diqqətimizi əsirgəməyək.
- Müxtəlif xeyriyyə aksiyaları keçirdik.
- Ağacəkmə aksiyasına qoşulduq.
- 4 uşaq yay düşərgəsinə dəstək göstərdik. Bu düşərgələrdən ikisi məhz Şuşa şəhərində keçirilirdi.
- 3 sosial videoçarx ərsəyə gətirdik.
7. Yeni ildə biznes planlarınız nədir?
2021-2023-cü illər rəqəmsal transformasiya strategiyası adlanır. Bu il rəqəmsal strategiyamız tam formalaşıb, yekunlaşacaq, 2024-2026 illər üçün yeni strategiyamız yazılacaq.
IT infrastrukturla bərabər Korporativ Arxitekturamızın (Enterprise Architecture) təkmilləşdirilməsi istiqamətində işlərimizi davam etdirəcəyik. Eyni zamanda rəqəmsal sistemlərimizin bizneslə daha rahat uyğunlaşması və inteqrasiyasını təmin etmək üçün 2023-cü ildə hissəli etaplarla Mikroservisə keçid proseslərini həyata keçirəcəyik.
Öncə dediyim kimi, mikro sığortalar üzərində işləyəcəyik.
Çoxdandır hazırlaşdığımız Solvency ll və IFRS 17 standartlarına gələn ildən keçid nəzərdə tutulur.
Əsas prioritetlərimizdən olan isə şirkətin tam Agile sistemə keçməsi üçün pilot layihəyə başlamaqdır. Data Driven Culture təmin etmək – yəni bütün qərarların intuisiya əsasında yox, dəqiq məlumatlar əsasında verilməsini təmin etmək. Bu istiqamətlər üzərində yol xəritəsinə uyğun olaraq çalışacağıq.
Daha sonra, Yeni Liderlik mədəniyyətinin tətbiqi – qeyd edim ki, bunun adı “Multiplier” yanaşmasıdır. Maraqlıdırsa bu barədə də oxucularımız internetdə araşdıra bilərlər. Qısaca deyim ki, əsl lider ətrafına insanları və ideyaları toplamağı və uğuru paylaşmağı bacarmalıdır. Bu da bir düşüncə tərzidir. Uğurlu lider komandasını da uğura sövq edir.
İndiki dövrdə ən önəmli keyfiyyət İnnovativlikdir. Bu mühiti yarada bilən istənilən komanda kifayət qədər öndədir. Biz bu mühiti yaratmaqla ölkənin sığorta sahəsində iqtisadi katalizator rolunu oynayacağıq.
8. Sonda oxuculara nə demək istərdiniz?
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bütün dünya Azərbaycanlılarına və özünü Azərbaycanlı kimi hiss edən hər bir kəsə demək istəyirəm ki, son illər bu bayramın əhəmiyyəti artmaqdadır. Ölkəmizin uğurları bizim birliyimizlə düz mütənasibdir.
Hamını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə təbrik edirəm və həmvətənlərimə möhkəm sağlamlıq arzu edirəm.
Bizi sosial şəbəkələrdən izləyin!!