Benzinin qiyməti niyə dəyişdi? - Ekspert səbəbləri açıqladı | Banco.az

Benzinin qiyməti niyə dəyişdi? - Ekspert səbəbləri açıqladı

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Azərbaycanda yanacağın qiymətlərinin dəyişməsi cəmiyyət tərəfindən birmənalı qarşılanmadı.

Qiymət artımı səbəbləri barədə Banco.az-a açıqlama verən iqtisadçı Pərviz Heydərov bildirib ki,  ölkədə sözügedən yanacaq məhsulları növünə tələb üç il əvvəlki səviyyə ilə eyni deyil:

“2024-cü ilin yanvar-aprel aylarında ölkə üzrə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 988 milyon 400 min manatlıq avtomobil benzini və dizel yanacağı satılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 % çoxdur.
Bu ilin ilk dörd ayında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 5,8%-ini avtomobil benzini ilə dizel yanacağının alışı təşkil edib.
Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (BNEZ-də) neçə illərdir aparılan yenidənqurma və modernləşdirmə işləri nəticəsində keçən ilin mayında "Avro-5" standartlarına uyğun dizel yanacağı istehsalına başlandı. 2024-cü  ilin iyununda da eyni standarta uyğun avtomobil benzini istehsal etmək nəzərdə tutulur.
Adıçəkilən zavodda görülən işlər çərçivəsində bu il izomerləşdirmə və MTBE qurğusu istifadəyə verilib. Ötən ildə BNEZ-də 6,3 milyon ton neft emal edilib ki, nəticədə 1,5 milyon ton avtomobil benzini istehsal olunub. Neft emalı dərinliyi isə 98% (2022-ci ildə - 96,3%) təşkil edib. Sadaladıqlarım istehsal xərclərinin maya dəyərinə nisbətdə artdığını göstərir”.

İqtisadçı qeyd edib ki, yanacağın qiymətinin qalxmasına digər səbəb,Azərbaycanda elektromobillərdən istifadəni genişləndirmək siyasətidir:

Ən sərfəli kredit üçün müraciət et

“Çünki yanacağın qiyməti təkcə Azərbaycan kimi iqtisadiyyatı olan ölkələrdə deyil, hər yerdə "domina effekti" rolunu oynamaq iqtidarındadır”. 
İqtisadçı hesab edir ki,  Aİ-92 ilə dizel yanacağının satış qiymətləri arasındakı fərqin getdikcə azaldılması sərfəli və məqsədəuyğun siyasət hesab edilmir:
“Sözügedən yanacaq növü Avro-5 standartına uyğun istehsal oluna bilər, ancaq müasir Azərbaycan aqrar istehsalçısı isə hələ Avropa standartlarına uyğun imkanlara və şəraitə malik deyil. Bunu nəzərə almaq vacibdir”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et