Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə “Banklara aidiyyəti olan şəxslərlə əməliyyatların aparılması Qaydası”nın yeni redaksiyası təsdiq edilib.
Banco.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, Qaydanın qəbulu ilə 2001-ci ildən qüvvədə olan “Banklara aidiyyatı olan şəxslərlə əməliyyatların aparılması Qaydaları” ləğv edilib. Yenilənmiş Qaydada beynəlxalq standartların son tələbləri, aktivlərin riskinə proporsional təminatlılıq tələbləri, bankda çevik qərarvermə prosesləri, habelə əvvəlki qaydadakı tələblərin daha da təkmil formada əksi ehtiva olunub.
Yeni Qaydada aidiyyəti şəxs anlayışı dəqiqləşdirilib, anlayışda nəzərə alınan dolayı yolla iştirakın həddi, habelə aidiyyəti şəxslərlə güzəştli əməliyyatların qadağan edilməsi tələbində güzəştin hesablama metodologiyası müəyyən edilib.
Qaydada aidiyyəti şəxs kreditləri həcminə görə əhəmiyyətli və qismən əhəmiyyətli aidiyyəti şəxs krediti kateqoriyalar üzrə təsnifləşdirilərək bu kreditlərə diferensial təminatlılıq tələbləri müəyyən edilib, habelə banklarda aidiyyəti şəxslərlə əməliyyatlar üzrə qərarvermə prosesinə dair tələbləri müəyyən edilib.
Bundan əlavə, bankların fəaliyyətinə nəzarət prosesi zamanı aidiyyəti şəxslərlə əməliyyatlarında aşkar edilmiş normativ pozuntularının aradan qaldırılması üzrə müddətlər, eyni zamanda aidiyyəti şəxslərlə aparılmış əməliyyatlara dair Mərkəzi Banka təkmil hesabatlıq tələbləri müəyyən edilib.
Bütövlükdə, yenilənmiş Qayda aidiyyəti şəxslərlə daha təhlükəsiz və sağlam bank əməliyyatlarının həyata keçirilməsini təmin edəcək, habelə bu əməliyyatlar üzrə şəffaflığın artırılmasına xidmət edəcək.
Qeyd edək ki, yeni Qayda 13 mart 2024-cü il tarixindən qüvvəyə minəcək.
apa