Bankda işləməyin 9 müsbət cəhəti | Banco.az

Bankda işləməyin 9 müsbət cəhəti

Daha öncə bankda işləməyin mənfi tərəfləri haqqında yazmışdım. Amma hər bir işin mənfiləri ilə yanaşı, müsbət tərəfləri və üstünlükləri də vardır. Bankda işləməyin 10 mənfi cəhəti

Bu gün, hər növ çətinlik yaşamasına rəğmən, bank sektorunda işləmək yenə də prestij əlaməti hesab olunur. Əks halda hamı “Niyə bankda işləmək haqqında düşünmürsən?” deyə soruşmazdı.

Beləliklə bankda işləməyin üstün cəhətləri hansılardır?

   1. Karyera qurmaq imkanı

Məhz pillə-pillə irəliləmək istəyənlər üçün ideal məkandır.

Əgər öncədən bəxtiniz gətirsə, yaxşı bankda və yaxşı rəhbər (şöbə müdürü) üçün çalışsanız karyera qurmaq imkanları genişdir. Çox zaman rəhbərlər iş yerlərini dəyişəndə öz komandalarını da özləri ilə yeni yerə aparır və ya kiminsə bankdan getməsi sizin üçün yeni şans açır.

      2. Bankda şəxsi və peşəkar inkişaf

Hazırda qabaqcıl banklar öz əməkdaşlarının inkişafı üçün hər cür şərait yaradır. Onların imtahanlarını (F3, F4 və s) maliyyələşdirir ki, bu da insanın öz üzərində işləməsi üçün stimul və məsuliyyət yaradır. Məsələn Unibank öz əməkdaşları üçün Mini MBA proqramları təşkil edir. Paşa Bank isə əməkdaşlarını Madridin İE Biznes Məktəbinə təhsillərini artırmaq üçün göndərir. Bank of Baku öz əməkdaşları üçün Bank akademiyası hazırlayıb.

     3. Qrafik və iş saatları

Bəli, bu punkt bir az ikitirəlidir – yəni əslində bank əməkdaşları normalda axşam saatlarında, həftə sonlarında, bayram və tətil günlərində çalışmır. Amma son günlərdə bankların 24 saat çalışan filiallarını və ya iri Mall mərkəzlərində açılan şöbələrini görürük ki, onlar da müştərilərə daha uzun saatlarda xidmət göstərir. Amma digər tərəfdən texnologiyanın inkişafı, mobil və internet bankinq müştərilərin ofislərə yaxınlaşması zərurətini azaldır.

     4. Əməkhaqqı - kompensasiya

Bank əməkdaşları əməkhaqqılarını vaxtında alır. Bunun bir səbəbi də bankların Mərkəzi Banka hesabat verməsidir. Buna görə əməkhaqqılar ən geci ayın son gününə qalır. Həmçinin işçilər vəsaitin hesaba nə vaxt oturacağından da çox zaman xəbərdar olur. Bank sektorunda, xüsusən də menecment sahəsində əməkhaqqılar digər sektorlar ilə müqayisədə daha yüksəkdir. 

Ən sərfəli kredit üçün müraciət et

      5. Daha ucuz kreditlər

Bankda çalışanlar adətən kredit baxımından korluq çəkmir. Banklar öz əməkdaşları və ya digər bankların əməkdaşları üçün güzəştli kreditlər verir. Həmçinin adətən banklar öz əməkdaşlarına daxili ipoteka proqramları da təşkil edir. Bu isə əməkdaşın uzun müddətdə həmin bankda çalışmasına zəmin yardır.

       6. İş şəraiti

Azərbaycanda bank sektoru son iki ilin böhranına rəğmən ən inkişaf etmiş və hesabatlılıq baxımından ən öndə olan sektorlardan biridir və ölkə daxili digər sektorlar ilə müqayisədə iş şəraiti daha yaxşıdır.

     7. Böyük ailənin bir üzvü olmaq

Tez-tez korporativ tədbirlər, şənliklər, birgə təlimlər, banklar arası yarışlar və s. Bankların maraqlı KSM (korporativ sosial məsuliyyət) layihələri olur ki, bu sizə özünüzü cəmiyyətə fayda verirmiş kimi hiss etməyinizə kömək edir.  Bu sahədə AccessBankın KSM layihələrini, Paşa Bankı, Bank of Bakunu qeyd etmək olar.

     8. Network

Böyük ailə və çoxlu əlaqələr. Bank sktorunda çalışanlar - əksəriyyət bir-birini tanıyır, bu da gələcəkdə başqa bir banka keçmək istərkən və hətta öz tanışlarını tövsiyə etmək baxımından mühüm rol oynayır. Bəli, nə qədər müsbət olduğunu deyə bilməsəm də banklarda əlaqələrin möhkəmliyi vacibdir və siz bunun öhdəsindən gəlsəniz karyera yolunuz daha sürətli olacaq.

    9. Hörmət–nüfuz

Bankda işləyirinizsə artıq evlənə bilərsiniz. Bankda işləyən şəxslər savadlı və bacarıqlı hesab olunur ki, bu da ətrafdakılarda onlara qarşı istər-istəməz müsbət assosiasiya və hörmət yaradır. Düzdür, bəzi insaları daha yaxından tanıyandan sonra fikriniz dəyişə bilər :)

Banco.az portalının təsisçisi Fərid İslamov bildirir ki, Bankir olmaq o qədər yüksək bir göstəricidir ki hətta ailələrin qurulmasında və qız tərəfinin oğlan evinə hə və ya yox deməsində oğlanın bankda çalışması halında cavabın daha çox hə olması ehtimalını artırır. Artıq bank sahəsi bir prestij etalonuna çevrilib.

Könül Soltanova, Banco.az