Bank sektorunda rəqəmsal platformalar barədə müsahibə | Banco.az

Bank sektorunda rəqəmsal platformalar barədə müsahibə

Müəllif: Aygün Asimqızı/Banco.az

Müsahibə Bank Respublikanın İnformasiya Texnologiyaları üzrə İcraçı Direktoru Rəşad Xələfovla aparılıb. Bankçılıq sektorunda texnoloji inkişafın son 20 ildə özünü ifadəetmə metodlarını və müştərilərə təqdim olunan xidmətlərdə müsbət dəyişikliklərdən bəhs olunub

- 20 il öncə və bu günün banklarını texnoloji cəhətdən müqayisə edək.

Məlumat texnologiyaları, xüsusilə də bankçılıq sahəsində, son 20 ildə çox ciddi inkişaf etmişdir. İlk olaraq, 2003-cü ilə baxsaq, online bankçılıq yeni bir konsept idi. Çox az bank bu xidməti təklif edirdi və çoxu hələ də müştəriləri ilə fiziki şöbələrdə əlaqə saxlamağa məcbur idilər.

Mobil bankçılıq xidmətləri praktiki olaraq mövcud deyildi, çünki o dövrdə mobil texnologiyalar çox geniş mənada istifadə olunmurdu və əsasən yalnız zəng etmək və mesaj göndərmək üçün istifadə olunurdu. 

Ödəniş metodlarına baxdıqda isə, çox zaman nağd pul vasitəsilə həyata keçirilirdi, plastik kartlar bazari isə yeni formalaşırdı.

Buna qarşı, 2023-cü ildə texnoloji inkişafın təsirini görmək mümkündür. Demək olar ki Azərbaycanda bütün banklar online və mobil bankçılıq xidmətlərini təklif edir, bu da müştərilərin əməliyyatlarını istədikləri yerdə və istədikləri vaxt həyata keçirmələrinə imkan verir.

Ödəniş metodları indi daha çox çeşidlilik göstərir və istifadəsi daha asandır - elektron ödəniş sistemləri, mobil ödənişlər, və hətta kripto valyutalar kimi yeni formaları əhatə edir.

Blockchain və kripto valyutaların ortaya çıxışı isə tamamilə yeni bir ödəniş və əməliyyat formaları yaratdı. Dünya bazarında bir çox banklar artıq bu texnologiyaları ödəniş sistemlərində və digər əməliyyatlarında istifadə edir.

Son olaraq, AI və avtomatlaşdırmanın genişlənməsi bankçılıqda ciddi dəyişikliklərə səbəb olur. Chatbotlar, avtomatlaşdırılmış proseslər və digər AI ilə əlaqəli texnologiyalar artıq bankçılıqda geniş şəkildə istifadə olunur.

- Rəqəmsallıqdan informasiya kimi bank necə istifadə edir?

 

Deməli, banklarda ilk olaraq məlumatların yığılması rəqəmsallaşdı. Əvvəllər sadəcə asan və vaxta qənaət imkanı yaradırdı deyə, rəqəmsallığa keçildi. Lakin müştərilər, əməliyyatlarla bağlı bir çox məsələlər rəqəmsallaşdıqca, bunlar həm də bankın əlində bir data oldu. Onlar sadəcə quru data idi. 2018-ci ildən isə Azərbaycanda rəqəmsallaşmanın data məlumatlarından istifadəyə başladı. Yəni əvvəllər məlumatlar ayrı-ayrı saxlanılırdı, ayrı-ayrı analiz olunurdu. Bugünkü mərhələdə rəqəmsallıqda biz bu məlumatlara yeni gözlə cəm şəkildə baxa bilirik. Bundan öncə müştəri kimi sizin haqqınızda sistemdə məlumat var idi. “Nə qədər ödəniş edirsən?”, “Hesabında nə qədər pul var?”,“Vaxtında ödəniş edirsən?” və s. Rəqəmsallıq dövründə bu məlumat bank üçün - informasiya oldu. Rəqəmsallaşma sayəsində biz bu məlumatlardan istifadə edib müştərilərə yeni məhsullar təqdim edə, köhnə məhsulları daha da təkmilləşdirə bilirik. Yəni bütün məlumatlardan informasiya şəklində istifadə edə bilirik.

- Rəqəmsallaşma banklara vaxta qənaət imkanı verdi. Bu bankların xərclərini azaltdımı?

 

- Zaman cəhətdən qənaət imkanı verdi. Məsələn, bir sənədin tam hazırlanma müddətində vaxt azaldı. İşlərin, göstərilən xidmətin icrası daha sürətli baş verdi. Bank sektoru sürətə çox önəm verir. Çünki rəqabət böyükdür. Rəqəmsallaşma bankların xərcini azaltmadı, amma gəlirini artırdı. Çünki rəqəmsallıq ucuz başa gəlmir. Böyük investisiya tələb edir. Rəqəmsallığın gözəlliyi nədədir? O məlumat bazanı yığandan, onu informasiyaya keçirəndən sonra hər hansı yeni məhsulların bazara çıxarılması ilə müştərilərin sayı və əhatə dairəsi artır. Bu da dolayısı ilə gəliri artırır.

- Pandemiya bank sektorunda nəyi sürətli rəqəmsallaşdırdı?

- Kommunikasiyanı. Pandemiya öyrətdi ki, biz bir yerdə - ofisdə olmasaq da, işimizi necə quraq. Bunu qurmaq asan proses deyildi. Hər birimiz ilkin dövrdə stressdə idik. Rəqəmsallaşma addım-addım gedirdi, bunları da bank sektoru tətbiq edirdi. Amma bazar pandemiyanın gətirdiyi sürətə hazır deyildi.

Ən sərfəli kredit üçün müraciət et

- Növbəti 20 ildə bank sektorunda işçi sayının böyük səviyyədə azalacağı bildirilir. Nələr rəqəmsallaşacaq?

- Rəqəmsallaşma hər 3 ildən bir böyük dəyişiklik yaradır. Sürət dövründə 20 il çox uzaqdır. Birincisi, koqnitiv sistemlərin – “Chatgpt” kimi sistemlərin istifadəsi artacaq. “Big data” deyilən daha böyük məlumatların tam dərin şəkildə analizi və onların üzərindən müəyyən məlumatların əldə edilməsi daha çox olacaq. Bir də daxili transformasiyanın rəqəmsallaşması gedəcək. Daxili transformasiya ilə bağlı Agile transformasiya ölkəmizdə bir neçə mərhələ keçib. Bu nədir? Əvvəl “işçi - rəhbər” münasibəti var idi. Agile transformasiya isə bizə əməkdaşlıq verir. “İşçi - rəhbər” yox, iki şəxsin bir dəyərin üzırində əməkdaşlığını necə qurmağı öyrədir. 

Bir sözlə, kooperasiya kollobarasiya ilə əvəz olunur. 

- Bəs bankda nələrin rəqəmsallaşdırılması çətin görünür?

- Ən çətini daxili rəqəmsallaşmadır. Həmin o Agile transformasiyanın tətbiqi çox çətindir. Çünki həm menecment, həm də mütəxəssis mühiti buna tam hazır deyil. Bu, mərhələ-mərhələ getməlidir. Çünki Agile transformasiya rəqəmsallaşmanın vacib və ayrılmaz elementlərindən biri sayıram. Çünki sən evin içini tam rəqəmsallaşdırandan sonra müştərilərə daha çox rəqəmsallıqla fayda verə bilərsən.

Xarici rəqəmsallaşmasına nəzərə yetirsək, maliyya sektoru rəqəmsallaşdırmaq nisbətən çətin ola bilər, amma zamanla bu proses gedəcək. 6-8 il öncə qanunlarımız, hər hansı requlyativ tələblər rəqəmsallığa o qədər də meyilli deyildi. Son 5 ildir ki, həm dövlət, həm nazirliklər, həm Mərkəzi Bank tərəfindən bu istiqamətdə daha böyük dəstək var.

- Banklarda İT əməkdaşlarının sayına gələk. Zamanla burada artım necə gedib?

- Azərbaycanda rəqəmsallıq elə banklardan başladı. Çünki rəqabət var idi. Banklar başa düşdülər ki, İT-yə investisiya etməlidirlər. Bunu etdilər və faydasını artıq görürük. Keçmişə nəzər yetirsək, İT bank sistemləri, proqram təminatları böyük şirkətlərdən xidmət olaraq alınırdı. O sistemlər bankların özü üçün bağlı sistemlər idi. Ora bank özü yenilik əlavə edə, dəyişiklik apara bilməzdi. O tətbiqi yaradan şirkətə müraciət olunurdu, bunu onlar edirdi. Gözləyirdik, vaxt itkisi çox olurdu. Rəqəmsallıq transformasiyası baş verdikdən sonra qabaqcıl banklar özündə həmin səlahiyyətləri yaratmağa başladı. Bu gün qabaqcıl banklarda İT departamentlərin əməkdaşları biznes departamentdən qat-qat çoxdur. 4 il əvvəllə müqayisədə İT heyəti ən azı 7 dəfə artıb. Biznes baxımından İT o vaxt o qədər də böyük bir departament deyildi. İT-nin işinin nə olduğunu belə bankda çox adam bilmirdi. Bu gün isə biznes İT-nin nə olduğunu başa düşüb. 

- İT sektorunda kadr problemi yaşanır. Lazım olan qədər kadr tapa bilirsiniz?

- Kadr problemi olur. İş üçün xaricə gedənlər də var, Azərbaycanda oturub “remote” işləyənlər də. Bu səbəbdən biz özümüz kadr yetişdirib cəlb etməyi yoxladıq. 3 ildir bunu edirik. Proqramçı olmaya bilərsən. İlkin yoxlama etdik. Əgər öyrənə biləcəyini gördüksə, 3 ay ödənişsiz öyrətdik, imtahan verdilər, imtahandan keçənləri kiçik mütəxəssis vəzifəsinə cəlb edirdik.

- Rəqəmsallıq dövründə bank kartlarında oğurluq da çox olur. Bankların kibertəhlükəsizlik sistemlərinə yanaşmaları necədir?

- Rəqəmsallığın mənfi tərəfi də var. Hər şey rəqəmsala keçdiyi üçün məlumatın oğurlanması və bu məlumatın istifadə edilməsi riski kifayət qədər artır. Bundan öncə məlumatların hamısı kağızda, kağızlar da seyfdə idi. Onları əldə etmək üçün banka gəlməli idin. Hər kəs üçün əlçatan deyildi. İndi isə hakerlər var və onların sistemə daxil olması məsələsi də ola bilir. Kibertəhlükəsizlik rəqəmsallıq startegiyasının ayrılmaz parçasıdır. İnvestisiya baxımından eyni səviyyədədir, demək olar. İT və Kibertəhlükəsizlik struktur olaraq ayrıca departamentlərdə çalışır. Yaradıcı və yoxlayıcı şəxs eyni ola bilməz. Kibertəhlükəsizlik əməkdaşlarının sayı da kifayət qədər çoxdur. Banklar buna çox önəm verirlər.