Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında 3 iyun 2019-cu il tarixli 718 nömrəli Fərmanının icrası məqsədilə həyata keçirilən “Hökumət buludu”na Keçid Planına əsasən dövlət qurumları ilə qarşılıqlı işlər davam etdirilir. Dövlət qurumlarının informasiya sistemlərinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-yə məxsus Data Mərkəzinə tam və ya qismən miqrasiyası həyata keçirilir.
“Azərsığorta” Dövlət Kommersiya Sığorta Şirkəti “Hökumət buludu”na miqrasiya çərçivəsində xidmətlərin əlçatanlığının və dayanıqlığının təmin edilməsi məqsədilə “AzInTelecom” MMC-nin təqdim etdiyi IaaS (İnfrastructure – as a service) bulud infrastrukturu xidmətini əldə edib.
“Azərsığorta” informasiya sistemlərini qismən “AzInTelecom” MMC-yə məxsus Data Mərkəzində yerləşdirməklə kritik sistemlərinin yüksək əlçatanlığını təmin edib.
Həmçinin şirkət məlumatların təhlükəsiz saxlanılması məqsədilə Rezervlənmə (BaaS – Backup as a service) bulud xidmətindən də yararlanıb. “Azərsığorta” rezervləmə xidmətinin çevik və sadə formada həyata keçirilməsi üçün xüsusi idarəetmə platforması ilə təmin edilib.
Bu platforma İT sistemlərini “AzInTelecom” MMC-yə məxsus Data Mərkəzinə miqrasiya edən qurumların virtual maşınlar üzrə məlumatların ehtiyat nüsxələrini planlaşdırılmış şəkildə tənzimləməyə, həmçinin datanın dənəli, yəni hissə-hissə nüsxələnməsinə imkan yaradır.
Hazırda “Azərsığorta” şirkətinin “Microsoft Windows Server” məhsulları ilə təmin edilməsi barədə danışıqlar aparılır.
Qeyd edək ki, dövlət qurumlarının “Hökumət buludu”na miqrasiyası ilə cari İT xərclərinin azalması və informasiya sistemlərinin məhsuldarlığının artırılması ilə bərabər, informasiya sistemlərinin təhlükəsizliyinin daha da təkmilləşdirilməsinə, sabit və dayanıqlı İT infrastrukturuna, operativ koordinasiya ilə yüksək keyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur.
“AzInTelecom” MMC Azərbaycan və Cənubi Qafqaz regionunda “TIER III” Beynəlxalq uyğunluq sertifikatına malik ilk qurumdur. Bundan əlavə, “ISO 20000”, “ISO 22301” və “ISO 27001” sertifikatlarının tələblərini ödəyən Bakı və Yevlaxda yerləşən 2 Data Mərkəzinə malikdir.
Şirkət Data mərkəzləri vasitəsilə İnfrastruktur (IaaS), Rezervlənmə (BaaS), Arxivləşdirmə (SaaS), Fövqəladə hallarda məlumatların qorunması və fasiləsiz iş fəaliyyəti (DRaas), Yerləşdirmə (Colocation), transmissiya və digər xidmətlər təqdim edir.
“DRaaS” xidməti Yevlax Data Mərkəzi üzərindən icra edilir. Rezervlənmə (BaaS) xidməti çərçivəsində transmissiya və nüsxələmə işlərinin çevik idarə edilməsi üçün müştərilərin rezervlənmə platforması ilə təmin edilməsi həyata keçirilir.
Tərəfdaşlarımızın “BaaS” xidməti çərçivəsində “Veeam” platformasından istifadə edərək buludda rezervlənmiş məlumatları rahat şəkildə bərpa etməsi mümkündür.
Bizi sosial şəbəkələrdən izləyin!!