“Azərbaycanın kifayət qədər qaz ehtiyatı mövcuddur” - Ekspert | Banco.az

“Azərbaycanın kifayət qədər qaz ehtiyatı mövcuddur” - Ekspert

Ötən ilin sonuna Azərbaycanın təsdiq edilmiş təbii qaz ehtiyatlarının həcmi 1 trln. 277 mlrd. kubmetr təşkil edib. Bu barədə Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) illik statistik hesabatında deyilir. Hesabata əsasən, 2017-ci ildə təsdiq edilmiş ümumdünya təbii qaz ehtiyatı illik nisbətdə 0,2% artaraq 199 trln. 44 mlrd. kubmetrə çatıb. 2017-ci ilin sonuna olan məlumata görə, Xəzəryanı ölkələrdən İranın təsdiqlənmiş təbii qaz ehtiyatları 33 trln. 810 mlrd. kubmetr, Rusiyanın qaz ehtiyatlarının həcmi 50 trln. 617 mlrd. kubmetr, Qazaxıstanın 1 trln. 898 mlrd. kubmetr, Türkmənistanın təsdiq edilmiş təbii qaz ehtiyatlarının həcmi isə 9 trln. 838 mlrd. kubmetr təşkil edir. Qeyd edək ki, dünyada qaz ehtiyatlarının həcminə görə Rusiya birinci, İran ikinci, Qətər isə üçüncü yeri tutur. Qətərin təsdiq edilmiş təbii qaz ehtiyatlarının həcmi 23 trln. 861 mlrd. təşkil edib.

Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev hesab edir ki, qeyd olunan proqnozlar bəzən həqiqəti əks etdirmir: “Bəzən OPEC, Beynəxalq Enerji Agentliyi kimi təşkilatların dünyanın neft və qaz ehtiyatları ilə bağlı proqnozları üst-üstə düşmür. Çünki hesablama metodologiyasında fərqli metodlar tətbiq edilir. Bir sıra hallarda verilən bu proqnozlar özünü doğrultmur. Məsələn, nümunə olaraq BP şirkətinin hesabatında Türkmənistanın təsdiq olunan qaz ehtiyatlarının 10 trln. Kubmetr civarında olduğu qeyd olunurdu. Amma Türkmənistanın neft-qaz sənayesinin açıqladığı hesabatda bu rəqəmin 25 trln.kubmetr olduğu göstərilir. Digər bir misal olaraq İranı nümunə göstərmək olar. Belə ki, bəzi mənbələrdə İranın 31 trln, bəzi mənbələrdə isə 34 trln.kubmetr qaz ehtiyatı olduğu göstərilir”.

Ən sərfəli kredit üçün müraciət et

Ekspert bildirdi ki, Azərbaycanın hazırda kifayət qədər qaz ehtiyatı mövcuddur: “Bizim “Şahdəniz”, “Abşeron” “Babək”, “Ümid” , "Qarabağ " strukturu kimi qaz yataqlarımız var. Bu yataqlarda olan ehtiyatlar ölkəmizin daxili tələbatını ödəməklə yanaşı, bir sıra ölkələrlə əməkdaşlıq etməyə imkan verir. Azərbaycan bir neçə ildir ki, Gürcüstanın qaz təminatının 97-98 faizini ödəyir. Gürcüstanın hazırda qaza olan tələbatı 2,4 mlrd kubmetrdən yuxarı bir rəqəmdir və Azərbaycan bunu tam şəkildə ödəməyə qadirdir. Bundan başqa ölkəmiz Bakı-Tbilisi-Ərzurum qaz kəməri vasitəsilə Türkiyəyə qaz ixrac edir. Məsələn, qardaş ölkəyə ötən il 7 mlrd.kubmetrə yaxın həcmdə qaz ixrac etmişik. Əlavə qaz həcmlərinə gəldikdə isə bu həcmlər tam şəkildə sənaye istismarına verildikdən sonra 6 mlrd.kubmetr boru-kəmər qazı ixrac ediləcək. Ölkəmizin qarşıdakı illərdə daxili təminatını ödəmək və öhdəlik götürdüyü dövlətlərin tələbatını üçün kifayət qədər qaz ehtiyatı mövcuddur”.

Şəbnəm Mehdizadə, banco.az