Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Azərbaycan hökuməti iqlim dəyişiklikləri və ətraf mühitin mühafizəsi ilə bağlı konkret addımlar atmağa başlayıb.
Banco.az xəbər verir ki, "Yaşıl büdcə" konsepsiyası çərçivəsində məqsədli islahatlar həyata keçirilir və bu istiqamətdə əhəmiyyətli maliyyə resursları ayrılır. Maliyyə naziri Samir Şərifovun Milli Məclisdə verdiyi məlumata görə, 2025-ci ildə bu məqsədlər üçün 1,3 milyard manat vəsait ayrılması planlaşdırılır.
Bu vəsaitin əsas istiqamətləri belədir:
1 milyard manat iqlim dəyişikliklərinə uyğunlaşma (adaptasiya) və qarşısının alınması (mitiqasiya) tədbirlərinə yönəldiləcək, 300 milyon manat isə Ətraf mühitin mühafizəsi tədbirlərinə sərf olunacaq.
Azərbaycan hökuməti həmçinin 2022-2026-cı illər üçün Sosial-İqtisadi İnkişaf Strategiyası çərçivəsində "yaşıl büdcə" elementlərini daha da genişləndirməyi planlaşdırır. Bu, təkcə ekoloji problemlərin həllini deyil, həm də kənd təsərrüfatı sektorunun dayanıqlığını artırmağı hədəfləyir.
Bəs “yaşıl büdcə”nin əhəmiyyəti nədir?
“Yaşıl büdcə” ekoloji balansın qorunması, tullantıların azaldılması, hava və su keyfiyyətinin yaxşılaşdırılması, kənd təsərrüfatında dayanıqlıq kimi bir çox həlləri özündə birləşdirir.
“Yaşıl büdcə” yalnız ekoloji mühitin yaxşılaşdırılmasına deyil, həm də Azərbaycanın beynəlxalq səviyyədə ekoloji məsələlərə töhfə verməsinə xidmət edəcək. Bu yanaşma, ölkənin Paris İqlim Razılaşması üzrə öhdəliklərini daha effektiv şəkildə yerinə yetirməsinə və regionda ətraf mühitə yönəlmiş lider ölkələrdən birinə çevrilməsinə şərait yaradacaq.
Azərbaycanın bu təşəbbüsləri, qlobal iqlim problemlərinin həlli istiqamətində əhəmiyyətli bir addım kimi qiymətləndirilir. Ətraf mühitin mühafizəsi sahəsində bu cür sistemli yanaşma, uzunmüddətli perspektivdə həm ölkənin iqtisadi inkişafına, həm də cəmiyyətin rifahına müsbət təsir göstərəcəkdir.