Banco.az Azərbaycan Sığortaçılar Assosiasiyasına istinadən xəbər verir ki, 28 sentyabr 2015-ci il tarixində, "HolidayInn Baku" hotelinin Bakı zalında Beynəlxalq Aktuarlar Assosiasiyasının Avrasiya və Yaxın Şərq üzrə komitəsinin toplantısının açılış mərasimi keçirilib.
Açılış Azərbaycan Respublikası Maliyyə Nazirliyinin DSNX-nin, Dövlət Sosial Müdafiə Fondunun, eləcə də Beynəlxalq Aktuarlar Assosiasiyasının komitə rəhbərləri və qonşu ölkərin Aktuarlar Assosiasiyalarının yüksək struktur nümayəndələri, 20-yə yaxın ölkədən 40-dan çox beynəlxalq dərəcəli aktuar, yerli sığorta sistemində çalışan 50-dən çox aktuar, həmçinin media nümayəndələri iştirak edib.
İlk öncə Dövlət Sığorta Nəzarəti Xidmətinin rəis müavini Müşfiq İsrəfilov, daha sonra Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev açılış nitqi ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb və onlara uğurlar arzulayıb.
Sonra Beynəlxalq Aktuarlar Assosiasiyasının Məsləhət və yardım komitəsinin sədri Tarmo Koll toplantı iştirakçılarına Beynəlxalq Aktuarlar Assosiasiyası, həmçinin Avrasiya və Yaxın Şərq üzrə komitə haqqında məlumat verib.
İki gün davam edəcək toplantı çərçivəsində iştirakçılar üçün seminarlar da təşkil olunacaq. Seminarlarda ekspertlər tərəfindən iştirakçılara:
- Aktuar Peşəkarlığı
- Tibbi sığortada maliyyələşdirilmə
- Dəyişən mühitdə strateji aktivlərin yerləşdirilməsi və idarə edilməsi
- Ödəmə qabiliyyəti
- Təqaüd sistemlərinin maliyyə sabitliyi
- Beynəlxalq təcrübədə Sığorta ehtiyyatlarının hesablanması və qeyri-həyat sığortasında yaradılan sığorta ehtiyatlarında təkrarsığortaçıların payı
- Beynəlxalq Aktuarlar Assosiasiyasının prinsiplərinin yerli qanunvericiliyə implementasiyası
mövzularında seminarlar təşkil olunacaq.
Toplantı Beynəlxalq Aktuarlar Assosiasiyasının təşəbbüsü, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dəstəyi, Azərbaycan Sığortaçılar Assosiasiyası və Azərbaycan Aktuarlar Assosiasiyasının təşkilatçılığı ilə keçirilir.