Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) İcraçı direktoru Elmar Mirsalayev ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə heyətinin sədri Orxan Məmmədov arasında görüş keçirilib.
ASA-dan verilən məlumata görə, sahibkarlar arasında sığorta maarifləndirməsinin aparılması və biznes subyektlərinin sığorta xidmətlərinə əlçatanlığının təmin edilməsi görüşün əsas müzakirə mövzusu olub.
ASA-nın İcraçı direktoru Elmar Mirsalayev Assosiasiya haqqında geniş məlumat verərək sektorun inkişafı məqsədilə həyata keçirilən layihələrdən danışıb. İcraçı direktor sığorta sektorunun bu gün maliyyə sisteminin inkişafında oynadığı mühüm rola, o cümlədən sığorta sektorunun mövcud davamlı inkişaf dinamikasına da toxunub.
KOBİA-nın İdarə heyətinin sədri Orxan Məmmədov da öz növbəsində sığorta xidmətələrinin ümumi iqtisadi inkişaf üçün əhəmiyyətindən söz açıb. Sədr qeyd edib ki, sahibkarlıq obyektləri müxtəlif vaxtlarda bədbəxt hadisələr nəticəsində zərərlərlə üzləşsələr də bu gün sahibkarların sığorta vərdişləri və sığortaya yanaşmaları arzuolunan səviyyədə deyil. Bildirib ki, bu boşluğun aradan qaldırılması məqsədilə sığortaçılarla sahibkarlar arasında körpünün yaradılmasına ehtiyac var.
Görüşdə tərəflər arasında ölkədə mövcud olan sahibkarlıq subyeklərinin sığorta ilə bağlı maarifləndirilməsi, sığortaya əlçatanlıqlarının artırılması üçün birgə əməkdaşlıq məqsədilə razılıq əldə olunub. Bu məqsədlə növbəti mərhələdə paytaxtda və regionlarda fəaliyyət göstərən sahibkarlarla sığortaçıların silsilə görüşlərinin təşkil olunması planlaşdırılıb.
Bizi sosial şəbəkələrdən izləyin!!