ABŞ-ın iri pərakəndə satış şirkətləri sonuncu "Qara cümə" dövründə satışların azalmasından narahat olduqlarından sığortalanıblar. Fins.az-ın xarici mətbuata istinadən məlumatına görə, ümumiyyətlə, bir çox ölkələrdə pərakəndə satış, yəni mağazaların fəaliyyəti hava şəraitindən asılı olan sahələrdən biridir. Satışların çoxaldığı yeni il qabağı dövrdə bu sahənin əhəmiyyəti daha da artır. Misal üçün, ABŞ-da milad bayramı qabağı alış-veriş mövsümünün rəsmi startı sayılan “Qara Cümə” (böyük endirim günü) ilə əlaqədar pərakəndə satışla məşğul olan şəxslər satışların gözlədikləri qədər olmadığından ehtiyat edirlər.
Bu sahəni araşdıran "Allianz Risk Transfer" şirkətinin məlumatına görə, məsələn iri zərgərlik mağazalarının əksəriyyəti bu haldan sığortalanıb. “İlk baxışdan zərgərlərin biznesi havadan asılı olmasa da, əslində həmin gün havanın sərt keçəcəyi təqdirdə, alıcılar evdə qalacaq və mağazalara üz tutmayacaqlar. Buna görə də belə mağazalar satışların az olacağından sığortalanıblar. Əgər həmin gün insanları alış-verişdən çəkindirəcək hadisə baş versə, məsələn güclü yağış yağsa, onlar sığorta ödənişi əldə edəcəklər”.
Satış şəbəkələri təkcə pis hava şəraiti ilə yox, mövsümi məhsullara olan tələbatın azalması ilə əlaqədar satışların aşağı düşməsindən də sığortalanırlar.
fins.az