2023-cü il üçün uğurlu karyera planını necə qurmaq olar? | Banco.az

2023-cü il üçün uğurlu karyera planını necə qurmaq olar?

Müəllif - Aida İsaq, Banco.az

Bir neçə gün öncə böyük coşquyla qeyd etdiyimiz Yeni il həm də Yeni başlanğıclar deməkdir. Hamımız xəyal etdiyimiz həyat üçün mübarizələr aparırıq. Əslində aid olduğumuz kainat öz arzuları üçün yorulmadan çalışanların dünyasıdır desək yanılmarıq. Çünkü ətrafımızda karyera planlarını gerçəkləşdirməyə çalışan, hədəflərinə çatmaq üçün yeni yollar axtaran, əzizilərinin qayğısına qalmaq üçün bütün gücünü ortaya qoyan yüzlərlə, minlərlə insanlar var. Bəzən dərindən düşündükdə, öz həyatımız üçün müəyyən addımları atdıqda digər tərəfdə başqaları üçün də müxtəlif qapıların açılmasına səbəb oluruq. Çünkü həyatımızın dəyəri bir mənada özümüz üçün apardığımız bütün mübarizələrin sonunda qazandığımız və qazandırdıqlarımızla ölçülər. Yuxarda qeyd etdiyim kimi, yeni ilə yeni başlanğıclarla başlamaq üçün ən önəmli məsələlərdən biri düzgün karyera planlamasını həyata keçirməkdir. Bəs bunun üçün nələrə diqqət yetirməliyik? Bu barədə Banco.az-a danışan karyera məsləhətçisi Əli Qurbanlı bir çox məqamlara toxunub. Ekspert yenicə qədəm basdığımız 2023-cü ildə və bizi qarşıda gözləyən 2030-cu ilə qədər əmək bazarında böyük dəyişikliklərin olacağını qeyd edib. Buna paralel olaraq öz tövsiyyələrini sizinlə bölüşüb.

“Müvafiq sektorda baş verəcək yeniliklər bizdən bu prosesə adaptasiya olmaq çağırışları tələb edəcək. Biz isə öz növbəmizdə bu çağırışlara uyğunlaşmağımız üçün bəzi xüsusiyyətləri nəzərə almalıyıq. Məsələn, ilk olaraq özümüzü dərk edib yaxından tanımalı və bu prosedə fərqindəliyimizi artırmalıyıq. Çünkü bundan sonra daxil olacağımız bu proseslərdə özümüzə, xüsusiyyətlərimizə və bütün keyfiyyətlərimizə nə qədər hakim olmağımız yaranan dəyişikliklərə daha yaxşı adaptasiya olub çıxmağımıza imkan yaradacaq. 

İkinci növbədə sosial çevrəmizdə və gələcəkdə baş verəcək yeniliklərdən agah olmaq məsələsini də xüsusi vurğulamaq yerinə düşər. Çünkü gələcəkdə baş verən yeniliklərin nə olacağını bilmədən, çevrəmizdə nəyin necə dəyişdiyindən xəbərimiz olmadan atılan addımlar və qoyulan məqsədlər sonda uğurlu nəticəyə gətirib çıxarmaya bilər. 

Ən sərfəli kredit üçün müraciət et

Üçüncü addım olaraq isə digər ikisindən fərqli olaraq daha fərdi yanaşma şəklini qeyd etmək yerinə düşər. Belə ki, yeni bacarıqlar qazanmaq məsələsinə xüsusi diqqət yetirmək lazımdır. Burada yeni bacarıqlar anlayışını “keçid bacarıqları” deyə də adlandıra bilərik. Yəni, gələcəyin əmək bazarı daha dəyişkən və dinamik olacağı üçün insanlar uyğun bacarıqları özlərində toplayıb lazım gəldikdə əmək bazarının dəyişkənliklərindən daha az risklərlə növbəti sahəyə keçməyi artıq gözə almağı bacarmalıdırlar. 

Dördüncü addım olaraq “Yeni il Yeni Başlanğıc” məntiqinə əsaslanaraq qarşımıza yuxardakılardan birinə yaxud bir neçəsinə fokuslanacaq peşəkar və onların dayanıqlılığını artıra biləcək məqsədlər qoymaq lazımdır. Buraya yuxarda qeyd etdiyimiz kimi, yeni bacarıqların qazanılması, sosial çevrənin genişləndirilməsi, yeni bir sahəyə yönəlmək və s. ola bilər. Yəni hədəflər və atılan addımlar nə qədər konkret, məqsədli olacaqsa həmin şəxs üçün də qarşıdan gələn il daha dayanıqlı və produktiv keçəcək.”

Arzuladığımız zirvələrdə görüşmək diləyi ilə!

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram