“Era-Trans” sığorta şirkətinin ötən ay etdiyi 1 milyon manatlıq sığorta ödənişi şirkətə baha başa gəlib. Şirkətin həyata keçirdiyi bu ödənişə görə, kapitalla bağlı problemi yaranıb ki, bu da onun lisenziyasının alınması ilə nəticələnib.
Bunu fins.az-a açıqlamasında “Era-Trans”ın prezidenti Elşən Babayev şirkətin lisensiyasının dayandırılmasına münasibət bildirərkən deyib. Qeyd edək ki, 2012-ci ildə şirkətin sığortaladığı 3 mənzildə yanğın baş vermişdi. Uzun sürən məhkəmə mübahisəsinin nəticəsi olaraq şirkət mənzillərin sahibinə - "respublikanın hörmətli şəxslərindən birinə" 748 min 650 manat sığorta ödənişi vermişdi.
E.Babayevin sözlərinə görə, bu ödəniş "Era Trans"a ağır zərbə olub - şirkətin məcmu kapitalı 5,3 milyon manatdan 4,55 milyon manata düşüb: “Biz həmin mənzilləri balansımıza götürməliyik, amma bu iş bir qədər ləngidi, ona görə də, məcmu kapital Maliyyə Nazirliyinin tələbindən – 5 milyon manatdan az oldu”.
Elşən Babayev onu da deyib ki, sığorta ödənişi verilmiş mənzillər şirkətin balansına keçdikdən sonra qiymətləndiriləcək və həmin məbləği 80%-i qədər “Era-Trans”ın kapitalı artmış olacaq: “Yəgin ki, yaxın 1 ay ərzində bu işi həll edəcəyik. Mənzillərə yeni çıxarış alınmalıdır, ondan sonra bizim balansımıza keçəcək”.
Qeyd edək ki, Maliyyə Nazirliyi “Era-Trans”ın lisenziyasının dayandırılması barədə qərar verəndə şirkətin kapital çatışmazlığı ilə yanaşı, burada nöqsanların olduğunu da bildirib. Elşən Babayev bildirir ki, bu nöqsan da həmin mənzillərlə bağlı olub. Daha dəqiqi həmin mənzillərini təkrar sığortalanmaması ilə: "Bizə irad tutdular ki, niyə bu qədər bahalı sığorta məbləği təkrar sığortaya yönəldilməyib".
Şirkət rəsmisi bildirir ki, "Era Trans" həmin mənzilləri təkrar sığorta etməyə çalışıb, amma bu alınmayıb: "Biz həmin mənzilləri təkrar sığorta etdirmək istəyirdik, amma etdirə bilmədik”.
“Era-Trans”a tutulan iradlardan biri də, şirkətin kassasındakı 20 min manatdan artıq pulla bağlı Mərkəzi Banka məlumat verilməməsi olub. Amma Elman Babayev bunu ciddi nöqsan saymır: “Bu kimi nöqsanlar bütün şirkətlərdə ola bilər. Əsas məsələ kapitaldır. Onu da həll edəcəyik”.