İnternetsiz özümüzü dünyadan təcrid olunmuş və əlaqələri kəsilmiş hiss edirik. Bu əlaqələrin yüksək səviyyədə qurulmasında isə router cihazları mühüm rol oynayır.
Maraqlıdır, texnoloji cihazları, həmçinin mobil telefonları fasiləsiz və sürətli internetlə təmin edən router-i ətrafdakıların "hücumundan" qorumaq, Wi-fi parolun qırılmasının qarşısını almaq üçün hansı təhlükəsizlik tədbirlərinə əməl etməliyik?
Mövzu ilə bağlı danışan telekommunikasiya üzrə mühəndis Kamil Məmmədov bildirib ki, bütün dünyanın rəqəmsallaşdığı dövrdə bu, aktual problemdir: "İnternetin çox istifadə olunduğu zamanda istifadəçinin öz resursu, el dilində desək, "meqabaytı" tükənəndə digər variantlara əl atmaq məcburiyyətində qalır. Yaxınlıqdakı Wi-Fi cihazlarını "sındırıb" internetə daxil olur. Əslində bu, o qədər də dərin problem deyil, internetlə təmin olunarkən router avadanlığını sazlayan şəxsin bacarıqlarından irəli gəlir".
Ekspert qeyd edib ki, çox bəsit şifrələr qoyulduqda bu problemə daha sıx rast gəlinir: "Bəzən ev telefonunun nömrəsini Wi-Fi şifrəsi kimi təyin edirlər. Bu da onun çox asanlıqla aşkar olunmasına, başqa birinin Wi-fi-dan yararlanmasına səbəb olur.
"Third party" adlandırılan üçüncü növ proqramlar var. Onlar vasitəsilə təhlükəsizliyi aşağı səviyyədə olan Wi-fi-ı rahatlıqla "qırmaq" mümkündür".
Onun sözlərinə görə, bu problemdən qorunmağın iki yolu var: "Əvvəla, Wi-fi adını gizli tutmaq lazımdır. Yəni, Wi-fi axtarışa verildikdə heç bir ad çıxmamalıdır. Bu zaman qurğuya yalnız manual, yəni əllə müdaxilə etməklə internetə qoşulmaq mümkündür. İkincisi, hər qurğunun şəbəkəyə qoşulmaq üçün olan hissəsində şəbəkə avadanlıqlarının mak adresi olur. Mak adres onun fiziki ünvanıdır və heç vaxt dəyişmir. Bu ünvan həmin router cihazın içərisinə daxil edilir. Məsələn, mənim telefonumun mak adresi bu hərf və rəqəmlər toplusundan ibarətdir. Məhz bu hərf və rəqəmlər toplusu olan cihaz mənim routerimə qoşula bilər.
Digərləri üçün bu, mümkünsüzdür. Orada texniki dildə "white black list" adlandırılan siyahı yaradılır. Cihanızın mak adresi "white black list"-də varsa, Wi-fi-a parol qoymağa ehtiyac yoxdur. Onsuz da, Mak adres orada olmadan qoşulmaq mümkün olmayacaq".
İKT mütəxəssisi həmçinin vurğulayıb ki, routerin keyfiyyətli olması, düyaca məşhur brendə məxsusluğu daha məqdədəuyğundur:"Çünki o şirkətlərin təhlükəsizliyi digər aşağı səviyyədə olan router-lərla müqayisədə daha yüksəkdir. Router-ə istifadəçi adı və şifrə qoyularkən standartlardan kənara çıxmaq lazımdır.
Standart şifrələrdən qaçmaq mütləqdir. Çalışmaq lazımdır ki, şifrə təyin edərkən boyük hərf, kiçik hərf, rəqəm kombinasiyasından istifadə olunsun. Proqramlar şifrəni müəyyən bir alqoritm sayəsində çözə bilirlər. Kombinasiyanı çox etmək lazımdır ki, proqram sona qədər gedib çata bilməsin. Yaxşı olar ki, ən azı 6 ədəddən çox böyük hərf, kiçik hərf və rəqəmlərdən istifadə edilsin".
Ted.az
Bizi sosial şəbəkələrdən izləyin!!