Tamara Mustafayeva, Banco.az
Karantin dövründə şirkətlərin məcburən evdən işləməyə başlaması ilə bir çox şirkət işçilərinin evdən işləyərək də məhsuldar nəticə əldə edə bildiyini gördü və bu vəziyyət nəticədə şirkətlərin ofislərə ehtiyac olub-olmadığını düşünməsinə gətirib çıxardı. Hətta karantindən sonra belə əksər şirkətlərin məsafədən çalışma prinsipini mənimsəyəcəyinə dair iddialar meydana gəlməyə başladı.
Əvvəlki məqalələrimizdən birində qeyd etdiyimiz ki, işçilərinə daimi olaraq evdən çalışma icazəsi verən ilk böyük şirkət Twitter olmuşdu. Lakin bununla belə, müxtəlif tanınmış şirkətlərin məsələyə yanaşması fərqli idi. Hətta Google şirkətinin keçmiş CEO-su Eric Schmidt pandemiyadan sonra sosial məsafəni qorumaq zərurətindən daha geniş ofis məkanlarına ehtiyac yaranacağını düşündüyünü dilə gətirmişdi.
Mövzu ilə bağlı növbəti açıqlama isə Microsoft şirkətinin CEO-su Satya Nadella tərəfindən edilib.
Banco.az xarici mətbuata istinadla bildirir ki, Microsoft CEO-su iş yoldaşları arasındakı gündəlik ünsiyyətin olmaması səbəbilə evdən işləməyin mənfi təsirləri olacağını düşünür.
Xatırladaq ki, bu dövrdə şirkətin məsafədən çalışma tədbirləri kifayət qədər uğurlu olsa da, Satya Nadella bu vəziyyətin müntəzəm olaraq davam etməsinin doğru olmadığını qeyd edib.
Həmçinin oxu: Pandemiyadan sonra ofislərə tələb artacaq
Bizi sosial şəbəkələrdən izləyin!!