Tamara Mustafayeva, Banco.az
Koronavirus pandemiyasının bütün dünyanı öz təsiri altına almasının üzərindən təqribən yeddi ay keçsə də, müxtəlif ölkələrin və ayrı-ayrı turizm markalarının insanları yenidən səyahətə təşviq etmək üçün gördükləri tədbirlər öz bəhrəsini istənilən kimi verməyib. İnsanlar hələ də səyahət məkanlarının, bina və qurğuların virusun yayılması üçün uyğun zəmin yaratdıqlarına inanırlar.
Markalar virusdan qorunmaq üçün lazımi bütün tədbirləri görsələr də, turistlərin marağına səbəb ola bilmirlər. Bu səbəblə də, Amerikada fəaliyyət göstərən 70-dən çox turizm şirkəti "Let’s Go There" adlı kampaniya üçün güclərini birləşdirməyə qərar veriblər.
Dünəndən etibarən başlayan kampaniya Marriott, Disney, Delta və American Airlines kimi ABŞ Səyahət Birliyinin aparıcı üzvləri ilə səyahət tələbini artırmaq məqsədilə birləşən 70 markanın əməkdaşlığı çərçivəsində həyata keçiriləcək.
Kampaniyanın reklam filmində qumlu çimərliklər, yamyaşıl meşələr, parlaq okeanlar və "Disney World"-ə məxsus məşhur Qala öz əksini tapır. Reklamın şüarı isə belədir:
"Bir az plan quraq, bir daha hiss edək."
Reklamın NBC, ABC, CBS və digər televiziya kanalları ilə yanaşı 14 sentyabr tarixində ESPN idman kanalının "Monday Night Football" adlı proqramı zamanı iki dəfə yayımlanması planlaşdırılır. Həmçinin YouTube və Hulu kanalları vasitəsilə internet mühitində də reklamın yayımı təmin ediləcək.
Həmçinin oxu: Ucuz səyahət etməyin 15 üsulu
Bizi sosial şəbəkələrdən izləyin!!