Əksər mütəxəssislər və onların rəhbərləri məhsuldar iş üçün mütəmadi olaraq bilik və bacarıqların yenilənməsinin zəruri olduğunu başa düşürlər. Lakin təlim keçmək kifayət deyil, yeni alətləri praktikada tətbiq etməyi bacarmalısınız. Təəssüf ki, bunun öhdəsindən hər kəs gələ bilmir.
Məqsədləri dəqiq təyin edin
Təlimlərdən, həqiqətən, nəticə əldə etmək istəyirsinizsə, qarşınıza konkret hədəf qoyun. Məqsəd əsasında təlimin məzmununu, formatını və müddətini seçin.
Qəribədir ki, bəzi mütəxəssislər üçün təhsil auditoriyada əyləncəli vaxt keçirmək və maraqlı insanlarla söhbət etmək üçün bir bəhanədir. Ancaq müəyyən bir məqsədiniz olduqda sizi həyəcanlandıran məsələni başa düşməyə və lazımi bacarıqları qazanmağa çalışırsınız. Şübhəsiz ki, bu yanaşma ilə öyrənilən alətləri iş prosesinizə daxil etmək daha asan olacaqdır.
Təlim üçün vaxt tapın
Auditoriyada nəsə öyrənmək çox asandır, lakin bacarıqların inkişafı çox mürəkkəb bir prosesdir. Burada yalnız prosesin bütün təfərrüatlarını öyrənməklə yanaşı bunları dəfələrlə, addım-addım praktikada təkrarlamaq lazımdır. Auditoriyada bunun üçün vaxt kifayət etməyə bilər, odur ki, təlimdən sonra çox sayda müstəqil iş görməli olacaqsınız.
Təlim və real işi bir-biri ilə qarışdırmayın. Təlim dəfələrlə təkrarlanan sadə elementlərdən ibarətdir, lakin real işdə bunu etmək çox çətindir. İlk uğur sizi yoldan çıxaracaq və digər vəzifələrə köklənəcəksiniz. Bundan əlavə, real iş nəticə üçün daha böyük məsuliyyət tələb edir və sınaq, səhv etmək imkanı vermir. Belə olduğu təqdirdə isə, çox güman ki, yeni bir üsul tətbiq etməkdənsə, özünü təsdiqləmiş köhnə bir yola üstünlük verəcəksiniz.
Həmçinin oxu: Əməkdaşlar iş saatlarında əlavə məşğuliyyətə vaxt ayıra bilərmi?
Mövzunu diqqətlə seçin
Yeni biliklər konkret, real problemləri həll etməyə kömək edir. Sizin üçün tamamilə yeni bir mövzunu öyrənməyə hazırlaşırsınızsa, sizə uyğun olmayan bir proqram ehtiva edən təlim kursu seçmək ehtimalınız var. Məsələn, investisiya barədə təlim və seminarlarda iştirak etmək fərqli mənalar daşıya bilər: şəxsi investisiya, birjada iş, investisiya layihələri və s. Mövzunu təlimin təşkilatçısı ilə ətraflı müzakirə etməlisiniz.
Məhdud çərçivəli ixtisaslı təlimdən söhbət gedirsə, onu kimin aparacağını bilmək çox vacibdir. Hazırda işləyən mütəxəssislər iş problemlərini həll etməkdə sizə daha çox kömək edəcəklər, nəinki professorlar. Yaxşı olar ki, müəllimin sizinlə oxşar iş təcrübəsi olsun. Çünki belə təlimçi sizin səlahiyyətlərinizi və sizi narahat edən çətinlikləri daha yaxşı anlayacaqdır.
Biliklərinizi başqaları ilə bölüşün
Mövzunu daha dərindən dərk etməyə onu başqalarına öyrətməklə nail ola bilərsiniz. Həmkarlarınızı və tabeliyinizdəki işçiləri bu işə cəlb edin. Gözlənilməz suallar, eyni məsələyə fərqli nöqteyi-nəzərlərdən yanaşma, dəfələrlə təkrarlamaq – bütün bunlar mövzunu möhkəmləndirmək üçün əla təkan olacaqdır.
Nigar Umaxanlı, Finco.az