TANAP (Trans-Anadolu Təbii Qaz Boru Xətti Layihəsi) konsorsiumu "CEVA Logistics" şirkəti ilə müqavilə imzalayıb.
Müqaviləyə əsasən “CEVA Logistics” layihə üzrə boruların daşınması üçün logistik əməliyyatların idarə edilməsi ilə məşğul olacaq.
Şirkət 1,2 mln. ton ağırlığında polad boruların 1850 km məsafədə 20 əyalətdən keçərək Türkiyənin Erdahan vilayətindən Edirnəyə qədər daşınması üçün yerüstü nəqliyyatı və logistika müqaviləsində nəzərdə tutulan işləri həyata keçirəcək.
Layihə çərçivəsində diametri 1422 və 1219 mm olan 135 884 ədəd polad boru qaz kəməri boyunca əsas yerlərə çatdırılmalıdır. 1422 millimetrlik boruların daşınması 2016-cı ilin oktyabrına kimi yekunlaşmalıdır. 2015 oktyabrından 2016-cı ilin oktyabrına kimi isə 1219 millimetrlik boruların daşınması prosesi başa çatdırılmalıdır.
“CEVA Logistics”in Türkiyə və Balkan üzrə icraçı direktoru Fuat Adoran mühüm əhəmiyyətə malik bu böyük layihədə iştirak etməkdən məmnun olduqlarını bildirib: “Bizim iri infrastruktur layihələrində böyük ölçüdə avadanlıqların daşınması ilə bağlı dünya üzrə təcrübəmiz var. Biz ABŞ-da da oxşar layihəni uğurla icra etmişik. Əlbəttə, TANAP-ın miqyası və Türkiyə üçün əhəmiyyəti bu layihəni bizim üçün strateji layihə edir. Biz TANAP-la əməkdaşlıqdan məmnunuq və bəyan edirik ki, bütün borular lazım olan vaxtda lazım olan yerdə olacaq”.
Qeyd edək ki, layihə üzrə işlər 3 ayrı mərhələdən ibarət olmaqla 2018-ci ildə yekunlaşacaq.
apa.az