Müəllif: Tamara Mustafayeva, Banco.az
Amerika Birləşmiş Ştatlarının (ABŞ) 47-ci prezidenti seçilən Tramp Səhiyyə Sığorta Xidmətləri qurumunun rəhbəri vəzifəsinə Dr. Mehmet Özün namizədliyini irəli sürüb.
Banco.az xəbər verir ki, bu barədə Donald Tramp “Truth Social” adlı sosial media platformasındakı hesabında verdiyi açıqlamada deyib.
O, Dr. Özü “Medicare” və “Medicaid Services” (CMS) Mərkəzinin direktoru vəzifəsinə irəli sürdüyünü açıqlayıb.
Qeyd edək ki, Dr. Öz 2022-ci ildə ABŞ Senatına namizədliyini irəli sürsə də, uğur qazana bilməmişdi.
Tramp Amerikanın ciddi səhiyyə böhranı ilə üzləşdiyini və bu problemlərlə məşğul olmaq üçün Özdən daha ixtisaslı həkimin olmadığını bildirib.
Dr. Özün Harvard Universiteti ilə başlayan təhsil həyatına və karyerasına toxunan Tramp onun Amerika səhiyyə sistemində bir çox problemi həll edə biləcəyini vurğulayıb.
Məlumat üçün qeyd edək ki, “Medicare” ABŞ-da 65 yaşdan yuxarı yaşlılara tibbi xidmət göstərən federal tibbi sığorta təminatçısıdır. “Medicaid” isə aşağı gəlirli qruplara tibbi sığorta xidmətləri göstərən birgə federal və dövlət proqramı kimi fəaliyyət göstərir.
ABŞ-da federal hökumət 2023-cü ildə “Medicaid” proqramı çərçivəsində 860 milyard dollar və “Medicare” çərçivəsində 848 milyard dollar xərcləyib.
Bizi sosial şəbəkələrdən izləyin!!