Startap ekosisteminin inkişafında kraudfandinqin rolu | Banco.az

Startap ekosisteminin inkişafında kraudfandinqin rolu

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin layihə assistenti Mətin Zamanlının şərhi

Startap ekosistemi qlobal müstəvidə

Dünyada startap ekosistemi sürətlə inkişaf edir. Hər gün yeni bir startap layihəsinin yarandığı barədə məlumata rast gəlirik. Müəyyən səbəblərə görə bəzən bu layihələr uğurlu ola bilmir və fəaliyyətlərini dayandırır. Qlobal mühitdə bu, startapların "fail" ( uğursuz) olması kimi qəbul edilir. Amma texnologiya sahəsində artıq öz sözünü deyən İT şirkətlərin sayı da az deyil.

"Global Startup Ecosystem Report" (GSER) ötən il global startap ekosistemi ilə bağlı hesabat yayımlayıb. Hesabata görə, qlobal startap ekosistemin dəyəri 3 trilyon dollara çatıb. Bazar son 3 illə müqayisədə 20 faiz böyüyüb. Bu isə Fransa, Brazilya və Birləşmiş Krallıq kimi ölkələrin ümumi daxili məhsulundan (ÜDM) daha böyükdür.

GSER-in siyahısında dünyanın 30 startap ekosistemi yer alıb. İlk beşlikdə isə Silikon Vadisi, New York City, London, Pekin və Bostondur.

Avropaya məxsus startap ekosistemləri ilk 30-luğa düşə bilib. Bunlara London, Paris, Berlin, Stokholm, Amsterdam-StartupDelta, Lozanna-Bern-Cenevrə, Münhen və Barselona daxildir.

 Təkcə ötən  ildə dünya da startaplara olunan investisiya 293 milyard dollar təşkil edib. Bunun 136.5 milyard dolları ABŞ ın payına düşür.   Startap investisiyalarının artımında  ənənəvi faktorlardan əlavə, həmçinin, daha da populyarlaşan kraudfandinq  platformaların rolunun vacibliyini qeyd etmək lazımdır.

Kraudfandinq innovativ maliyyələşmə aləti kimi

Kraudfandinq (crowdfunding, crowd- dəstə,  funding- maliyyələşmə) İdeya, məhsul və ya xidmətin realizə edilməsi, ehtiyacı olanlara yardım göstərilməsi, tədbirlərin keçirilməsi kimi məsələlərdə həm fiziki, həm də hüquqi şəxslərin dəstəklənməsi məqsədilə könüllü olaraq xüsusi internet saytlarda (crowdfunding platformalarında) çox  sayda insanlardan maliyyə vəsaitlərinin cəlb edilməsi ilə bağlı olan fəaliyyət növüdür. Kradfandinq platformalarında layihə sahibləri tərəfindən layihənin məqsədini, ehtiyac duyulan maliyyə miqdarını, biznes planı, planlaşdırılan tədbirləri və s. məlumatları özündə əks etdirən kampaniya başladılır. Bu layihələrin reallaşdırılmasında maraqlı olan tərəflər, yəni sponsorlar tərəfindən isə müəyyən miqadarda maliyyə yatırımları yenə həmin platformalar vasitəsilə layihələrə yönləndirilir. Nəticədə ideya və maliyyə mənbələri arasında interaktiv körpü yaranmış olur.

 Kraudfandinqin bir çox üstünüklərini qeyd etmək lazımdır. Belə ki, kraudfandinq insanlara dünyanın müxtəlif sahələrindən maliyyə cəlb etmə imkanı yaradır. Yəni, sadəcə Azərbaycanda olan bir layihə təkcə azərbaycanlılıar tərəfindən deyil, o cümlədən ABŞ,  Britaniya, Almaniya, Çində və s ölkələrdə yaşayan insanlar tərəfindən maliyyələşdirilə bilər. Eyni zamanda, layihə yeni bazarlara çıxış imkanı əldə edir. Bu da maliyyə imkanlarının coğrafi məhdudiyyətləri aşması deməkdir. Kraudfandinq, layihəni tanıtmaq, onun barədə məlumatlılığın artırılması baxımından gözəl bir alətdir, və bununla da layihənin maliyyə əlçatanlılığını asanlaşdırır. Bundan başqa, kraudfandinq platformasına hər hansı bir məhsulla bağlı layihə yerləşdirəndən sonra, bu layihənin nə qədər insana maraqlı olduğunu, nə qədər insanın pul yatırdığını görmək olur. Bununla da bazarda məhsula nə qədər tələb olduğunu bilmək olur.

Kraudfandinq platformalarında layihələrin yerləşdirilməsi həm də bir reklam növüdürreklamlara xərclənən külli miqdarda vəsaitlərin qənaət olunmasına və həmin vəsaitlərin digər daha səmərəli istiqamətlərə yönləndirilməsinə yardım edir.

Kradufandinq platformalarının təsnifatı

Kraudfandinq platformalarını bir neçə istiqamətdə təsnif etmək mümkündür.  Həm vəsaitlərin cəlb olunma məqsədlərinə görə, ixtisaslaşmasına görə, maliyyələşmə şərtlərinə görə, həm də xərclərə görə təsnifləşdirmək olar.

Maliyyə vəsaitlərinin cəlb olunma məqsədlərinə görə kraudfandınq aşağıdakı növlərə ayrılır:

  • Xeyriyyə kraudfandinqi - Pul vəsaitlərinin qeyri-kommersiya layihələrinə, yəni xeyriyyə məqsədləri (xəstəliklərin müalicəsi və ya yoxsullara dəstək üçün vəsaitlərin toplanması), sosial layihələr (uşaq meydançasının abadlaşdırılması, musiqi albomunun buraxılması, film çəkilişi və sair) üçün toplanmasıdır. Layihələrə əsas auditoriya sosial şəbəkələr vasitəsilə cəlb olunur. Burada vasitəçilər üçün mükafat nəzərdə tutulmur, lakin məbləqdən asılı olaraq, kiçik hədiyyələr təqdim edilə, saytda təşəkkür olaraq ad vurğulaması edilə bilər.
  • Şərti-qaytarılan Crowdfunding - Mal əldə edilməsi məqsədilə həyata keçirilən kommersiya layihələri üçün pul vəsaitlərinin toplanmasıdır (mala dair ilkin sifarişin yerləşdirilməsi hesab olunur). Buna misal olaraq, istehsalçı məhsullarının hazırlanması,istehsalı və digər məqsədlər üçün pul vəsaiti toplayır və müəyyən müddət keçdikdən sonra məhsulu, bir qayda olaraq, bazar qiymətindən xeyli aşağı qiymətlə maliyyə yatırmış alıcıya çatdırır.

Eyni zamanda, platformaları digər kriteriyalara görə təsnif etdikdə onları ixtisaslaşmasına görə  ixtisaslaşmış və ixtisaslaşmamış olaraq 2 yerə bölmək olar. İxtisaslaşmış platformalar daha çox spesifik layihələri özündə əks etdirir və hər bir platformanın  özünün dar ixtisaslaşması olur. Mövzular və layihələr həmən ixtisas çərçivəsində yerləşdirilir. Məsələn, kreativ idayalarda, sosial layihələrdə,biznes, elmi, tibbi layihələrdə və s  ixtisaslaşmış platformalar var. İxtisaslaşmamış platformalar isə konkret seçimlər vermir və layihələrə məhdudiyyət qoymur, bütün növ layihələr burada yerləşdirilə bilər.

Digər bir kriteriya maliyyələşmə şərtləridir. Platformalar maliyyələşmə şərtlərinə görə  2 yerə ayrılır:

  • “All or Nothing” (Hamsı və ya heç nə). Burada  layihə hədəf olaraq qoyduğu vəsaiti əldə etmədikdə, bütün yığılan vəsait geri qaytarılır. Məsələn, 50000$ məqsəd qoymuş layihə 40000$ yığdıqda bu layihə uğursuz hesab olunur, yığılmış məbləğ sponsorlara geri qaytarılır.
  • “Keep it all” (Hamsını saxla) şərti isə daha çox xeyriyyə məqsədli, sosial layihələrə aid olunur və burada yığılmış vəsait,  hədəfdə  qoyulmuş vəsaitdən  daha az olsa belə geri qaytarılmır.

Xərclərə görə isə platformalar ödənişli və ödənişsiz olur. Ödənişli platformalarda müxtəlif platforma xərcləri olur, komissiyalar tutulur. Ödənişsiz platformalarda isə yalnız, pul köçürmələrində təhlükəsizliyin təmin olunması üçün istifadə olunan ödəniş vasitələrinin xərci çıxılır.

Ən sərfəli kredit üçün müraciət et

 Platformaların bir neçəsinə nəzər saldıqda isə əsas məşhur platformaları qeyd etmək olar.Bunlar aşağıdakılardır:

Kickstarter – Kreativ layihələr üçün yaradılmış kraudfandinq (crowdfunding)platformasıdır. Burada yerləşdirilən hər bir layihənin aydın məqsədi olmalıdır. Platforma “Hamsı və ya heç nə” modeli ilə işləyir. Kickstarter platformasında  yaranandan bu günümüzə kimi 5 milyard dollardan çox vəsait yığılıb.

  • Indiegogo -   Hər cür kreativ layihələr üçün yaradılmış kraudfandinq platformasıdır.  Bu Platformanın kickstarterdən əsas fərqi “hamsını saxla”(keep it all) modeli ilə işləməsidir. Yəni, Şəxs layihənin həyata keçirilməsi üçün tələb olunan vəsait tam yığılmasa belə, toplanılan məbləği götürə bilir.  
  • GoFundMe -  Şəxsi, biznes və xeyriyyə məqsədləri üçün istifadə olunan kraudfandinq platformasıdır. Platforma “hamsını saxla”  prinsipi üzərində qurulub. İstifadəçilər hansı səbəbə vəsait yığmalı olduqlarını bildirirlər və məbləği qeyd edirlər, sonra isə şəkil və ya video əlavə edirlər. Platforma istifadəçilərə  inteqrasiya olunmuş sosial şəbəkə linkləri (Facebook, Twitter)  və email vasitəsilə öz layihələrini paylaşmağa imkan verir.
  • Crowdfunder Sahibkarlar və yüksək artım potensiali olan startaplar  üçün yaradılmış platformadır. Bu platformadan  yalnız akkreditə olunmuş investorlar istifadə edə bilərlər.
  • GoGetFunding – İstənilən məqsəd üçün yararlı olan platformadır.  “Hamsını saxla”  modeli ilə işləyir.
  • Mightycause – Şəxsi və xeyriyyə məqsədləri üçün istifadə olunan platformadır.  “Hamsını saxla”  modeli ilə işləyir. İstifadəçilər öz layihələrini   Facebook və Twitter kimi sosial şəbəkələrdə paylaşa bilirlər.

Bundan başqa, spesifik ixtisaslaşmış platformalara misal olaraq təhsil sahəsinin layihələrini maliyyələşdirən Donorschoose platforması, elmi layihələr üçün ixtisaslaşmış Experiment, texnoloji yeniliklərin maliyyələşməsini təmin edən Dragonİnnovation, əlavə olaraq qadın sahibkarlar üçün Women You Should Fund, texnoloji yeniliklər üçün Techmoola, daşınmaz əmlak üçün CrowdStreet platformalarını göstərmək olar.

Azərbaycanda kraudfandinq imkanları

Azərbaycanda kraudfandinq imkanları ilk dəfə olaraq EnterpriseAzerbaijan.com portalı vasitəsilə yaradılıb. Operatoru  İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi olan portal 2018-ci ildən istifadəyə verilib. EnterpriseAzerbaijan portalında kraudfandinq imkanları yaradan xüsusi bir səhifəsi istifadəçilərə təqdim olunur. EnterpriseAzerbaijan.com portalı sadəcə öz platforması üzərindən deyil, dünya bazarlarına çıxışın təmin olunması məqsədilə xarici platformalarla əməkdaşlıq edir və Azərbaycan layihələrinin o platformalarda da yerləşdirilməsinə də dəstək göstərir. Buna nümunə olaraq EnterpriseAzerbaijan.com portalının Beynəlxalq Bankla  birgə həyata keçirdiyi layihəni göstərmək olar. Belə ki, bu layihə çərçivəsində müsabiqə vasitəsilə seçilmiş 5 ən uğurlu layihə  “Kickstarter” platformasına çıxış imkanı əldə edir. Bundan başqa, tələblərə uyğun bütün lazımı məlumatların toplanması, video roliklərin, PR materialların hazırlanması məsələlərində layihə sahiblərinə lazımi dəstək göstərilir və həmin layihələr “Kickstarter” platformasında yerləşdirilir.

Bundan başqa, digər müxtəlif ixtisaslı platformalara da müvafiq layihələrin çıxış əldə etməsi üçün şərait yaradılır. Bu istiqamətdə layihə sahiblərinə prosedurlarla bağlı mentorluq xidmətinin verilməsi, eyni zamanda, müxtəlif konsultasiyaların və məlumatlandırıcı təlimlərin təşkili həyata keçirilir.

Yekun

Kraudfandinq platformaları innovativ maliyyələşmə növü olaraq çox uğur qazanaraq durmadan dünyanın bütün ölkələrində geniş yayılmaqdadır. Həm geniş əhatə dairəsi, həm vəsaitlərə qənaət etmə imkanları, həm də tərəflər arasında yarana biləcək konfliktlərin həll olunması istiqamətində, eyni zamanda, risklərin azaldılması sahəsində məsuliyyəti öz üzərinə götürən üçüncü tərəf olaraq çıxış etməsi bu platformaların populyarlaşmasına gətirib çıxarır. İnkişaf etmiş ölkələrin innovativ trendlərini tətbiq etməkdə uğurlar nümayiş etdirən Azərbaycankraudfandinqin də ölkəmizdə daha geniş inkişaf etməsi üçün böyük potensiala malikdir. Bu da, hazırda mövcud olan kraudfandinq imkanlarının yaxın gələcəkdə daha da genişlənəcəyini proqnozlaşdırmamıza imkan verir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram