Sahibkar olan fiziki şəxs ezamiyyə xərci ala bilərmi? | Banco.az

Sahibkar olan fiziki şəxs ezamiyyə xərci ala bilərmi?

İşçilərin ezamiyyə məsələləri ilə bağlı təcrübədə bir çox maraqlı hallar üzə çıxır. Sərbəst auditor Altay Cəfərov həmin hallarla bağlı yaranan suallara aydınlıq gətirir.

Maraqlı suallardan biri budur ki, ezamiyyə ilə bağlı məsələlər ancaq hüquqi şəxslərəmi aid edilir. Sahiblar kimi fəaliyyət göstərən fiziki şəxs ezamiyyə qaydalarından istifadə edə bilərmi?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ezamiyyə xərclərinin normaları haqqında” 25 yanvar 2008-ci il 14 nömrəli qərarının və 18 yanvar 2012-ci il tarixli “İşçilərin Ezamiyyə Qaydaları”nın tələbinə görə, dövlət orqanının, müəssisə, idarə və təşkilatın (bundan sonra-təşkilatın) rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır.

Hər iki normativ akta baxdıqda yaranan ilkin təəssürat budur ki, ezamiyyə qaydalarından ancaq idarə, müəssisə, təşkilat, daha doğrusu, hüquqi şəxslər istifadə edə bilər. Əslində isə normalar və tələblər istisnasız olaraq ezamiyyəyə gedən işçilər üçün nəzərdə tutulub. Yəni ezamiyyəyə gedən işçilərin hansı sənədləri təqdim etməsi, həmçinin hansı normalarla ödənişlər aparılması ilə bağlı tələblər normativ aktlarda qeyd edilib. Deməli, istənilən bir subyektdə işçi vardırsa və o, ezamiyyəyə göndərilsə, bu qaydalar ona şamil olunmalıdır. Fiziki şəxs sahibkarlarda da hüquqi şəxslərdə olan fəaliyyət sahələri ola bilər, hüquqi şəxslərdə olduğu kimi fiziki şəxsin də çoxlu işçiləri ola bilər və hüquqi şəxslər kimi fiziki şəxslər də işçilərini ezam edə bilərlər.

Odur ki, Nazirlər Kabinetinin qərarında və ya qaydalarda birbaşa fiziki şəxs sahibkar anlayışı olmasa da, işçilərini ezamiyyəyə göndərən fiziki şəxslərin mühasibi bu normativ aktları tətbiq etməlidir.

Bəs fiziki şəxs sahibkarın özü ezamiyyəyə gedə, yaxud özünə ezamiyyə xərcləri hesablayıb götürə bilərmi?

Həm yuxarıda adı çəkilən qaydalara, həm də digər normativ aktlara əsasən, təşkilatların işçilərinin ezamiyyətə göndərilməsi həmin təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir və müvafiq əmrlə rəsmiləşdirilir.

Ən sərfəli kredit üçün müraciət et

Bundan əlavə, Əmək Məcəlləsinin 3-cü maddəsində qeyd edilib ki, işçi işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir.

İşəgötürən – tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir.

Göründüyü kimi, fiziki şəxs sahibkar özü işəgötürəndir: o özü ilə əmək müqaviləsi bağlaya, işçi sayıla bilməz. O, fəaliyyəti ilə bağlı əsas iş yerindən digər yerlərə getdikdə işçi kimi yox, fəaliyyətini formalaşdıran, quran və bununla bağlı olaraq gəlir əldə edən sahibkar kimi çıxış edir. Belə səfərlərə görə ona ezamiyyə normaları ilə deyil, təqdim etdiyi təsdiqedici sənədlər əsasında vəsaitlər ödənilə bilər və həmin xərclər də gəlirdən çıxılır. Sahibkar işçi sayılmadığına görə ona ezamiyyə qaydaları tətbiq oluna bilməz. Ezamiyyə qaydaları və normaları isə ancaq işçilərin ezamiyyəsi ilə bağlıdır.

vergiler.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram