Bir çox hallarda vergi ödəyicilərini maraqlandıran məsələlərdən biri də işçilərin kobud şəkildə əmək funksiyalarını pozduqda, işdən çıxarılması zamanı son haqq-hesabların, kompensasiyaların, təminatların verilməsidir. Bununla bağlı yaranan suallara sərbəst auditor Altay Cəfərov konkret misallar üzərində aydınlıq gətirib:
Misal: Tutaq ki, “AA” MMC-nin işçisi iş yerində Əmək Məcəlləsinin 72 (b) maddəsi üzrə yaranan xətalar edib. Şirkət rəhbərliyi işçini Məcəllənin həmin müddəasına əsasən işdən azad edib. İşçinin işdən çıxan ana kimi 2019-2021-ci illər üçün istifadə etmədiyi əmək məzuniyyətinə görə 60 gün kompensasiyası vardır. Bundan əlavə 01.12.2021-08.12.2021-ci il üçün əməkhaqqı qalıb. Həmçinin, əmək müqaviləsinin şərtlərinə görə aylıq mükafatlar da verilir. Daha sonra aylıq və ya rüblük nəticələrə görə əlavə həvəsləndirmə kimi mükafatlar da verilir.
İşçi bu ödənişlərin 08.12.2021-ci ildə işdən azad ediləndə (sadə formada desək qovulanda) hansılarını almalıdır? Və ya ona nə isə ödənilirmi?
Əmək Məcəlləsinin 72-ci maddəsinin (b) bəndinə əsasən, alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması halları işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.
Deməli, işəgötürən həmin maddədəki halları aşkar edərsə, işçini işdən azad edə bilər. Bəs işçi tərəfindən əmək vəzifələrinin kobud pozulması halları olduqda və işəgötürən tərəfindən işdən azad edildikdə təminatlar verilməlidirmi?
Əmək Məcəlləsinin 135-ci maddəsində yazılıb:
Maddə 135. Əmək məzuniyyətinin verilməməsinin yolverilməzliyi
1. Bu Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır.
2. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir.
Maddədən də aydın olur ki, istənilən işçinin istifadə edilməmiş məzuniyyəti qalmışdırsa, ona bu kompensasiya verilməlidir.
Bundan əlavə, Əmək Məcəlləsinin 83-cü maddəsində yazılıb:
Maddə 83: Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası
1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
Göründüyü kimi işçi işdən azad ediləndə ona son haqq-hesab verilməlidir.
Məcəllənin 70-ci maddəsi işəgötürənin təşəbbüsi ilə olan işdən azad olmadır ki, 72 (b) maddəsi də bunun alt maddəsidir.Yəni, 70-ci maddədə olan işçinin qaydaları kobud surətdə pozması halları 72-ci maddədə açıqlanıb və 72 (b) maddəsi bunun alt maddəsidir. Odur ki, 72 (b) maddəsi ilə də azad olunan işçiyə əmr yazılmalıdır və ona da son haqq-hesab verilməlidir.
Belə olanda, iş yerində əmək vəzifələrini kobud şəkildə pozan işçiyə yuxarıdakı misalımızda olan ödəmələrdən 01.12.2021- 08.12.2021-ci il tarixinə kimi olan əməkhaqqı , 60 gün istifadə edilməmiş məzuniyyətə görə kompensasiya, daimi surətdə əməkhaqqına əlavə edilən mükafatın nisbətdə hissəsi ödənilməlidir.
Amma arabir olaraq işin nəticələrinə görə ödənilən mükafatı isə işəgötürən ödəməyə də bilər. Ona görə ki, belə bir əlavə və mükafatlar əmək haqqı tərkibinə aid deyil. Bu kimi mükafatlar işəgötürəndən asılı olaraq situmullaşdırmaq üçün verilir. İşəgötürənin birbaşa belə bir öhdəliyi yoxdur və işçi faktiki olaraq kobud surətdə xətalara yol verdiyindən işəgötürən bunu stimullaşdırma kimi qəbul etməyərək verməyə də bilər.
vergiler.az
Bizi sosial şəbəkələrdən izləyin!!