Tamara Mustafayeva, Banco.az
Bir çox insan koronavirus pandemiyasının təsirlərinin azalıb işgüzar həyatın əvvəlki axarına qovuşmasından sonra şirkətlərin iş sisteminin birdəfəlik dəyişəcəyini düşünür. Google şirkətinin keçmiş CEO-su Erik Şmidt (Eric Schmidt) pandemiyadan sonrakı dövrdə iş mühiti ilə bağlı ilk dəyişikliklərdən birinin ofis sahələrinin genişləndirilməsi olacağını bildirib.
Banco.az xarici mətbuata istinadla bildirir ki, Erik Şmidt pandemiyadan sonra işçilər arasında mütləq diqqət edilməli olan sosial məsafə qaydasının ofis sahələrinə olan tələbi artıracağını düşünür.
2001 və 2011-ci illər ərzində Google şirkətində CEO vəzifəsini icra edən Erik Şmidt dünyanın ən böyük şəhərlərində yaşanılan sıxlığın eyni şirkətdə çalışan işçilərin fərqli məkanlarda işləməyə başladıqca azalacağını vurğulayıb.
Bəzi işçilərin ofislərə geri dönmək üçün çox həvəsli olduqlarını, bəzilərinin isə təbii olaraq, müəyyən qayğılarının olduğunu dilə gətirən Şmidt bu səbəblə də, şirkətlərin çevik iş qrafikinə keçməli olacaqlarına diqqət çəkib.
Ancaq onu da xatırladaq ki, Erik Şmidtin əksinə, bir çox insan düşünür ki, pandemiya dövründə işçilərin evdən çalışaraq da məhsuldar ola bildiklərini görən əksər şirkətlər yaxın dövrdə məsafədən çalışma prinsipinə daha çox müraciət edəcək və bununla da ofislərə ehtiyac azalacaq. Təbii ki, hər iki düşüncənin məntiqli əsası var və hansının reallaşacağı yaxın günlərdə müəyyən olacaq.
Həmçinin oxu: Bu dövrdə şirkətlərin marketinq strategiyaları necə olmalıdır? – Mühüm tövsiyələr
Bizi sosial şəbəkələrdən izləyin!!