Nike-dan ekranda eyni anda iki video təsvirin yayımlandığı reklam filmi | Banco.az

Nike-dan ekranda eyni anda iki video təsvirin yayımlandığı reklam filmi

Tamara Mustafayeva, Banco.az

İdman geyim brendi Nike yaxın günlərdə rəsmi sosial media hesabları vasitəsilə yeni reklam çarxı yayımlayıb. "You Can`t Stop Us" (Bizi dayandıra bilməzsiniz) adlı reklam filminin ən diqqət çəkən tərəfi isə ekranda eyni zamanda hərəkətə gətirilən iki fərqli video təsvirin bir-birinə uyğun formada birləşdirilməsi ilə ortaya çıxmasıdır.

Sözügedən reklam filmində əhatəlilik, müxtəliflik, sosial ədalət və kollektivlik kimi məsələlərə diqqət çəkilir. İki hissəyə ayrılmış ekranda göstərilən video təsvirlərdə qara dərili, ağ dərili, Asiyalı və müsəlman idmançılar əks olunub. Qısası, reklam filmində "Birlikdə olduğumuz zaman bizi dayandıra bilməzsiniz" mesajı verilir.

Bununla yanaşı, reklamda müxtəlif idman növlərində yarışan kişi və qadın idmançılarla birlikdə fiziki məhdudiyyətli idmançılar da göstərilir. 90 saniyəlik reklam filmində ekranın ayrılmış hər iki hissəsində göstərilən iki fərqli idmançı tək bir idmançı kimi əks etdirilir. Reklamın "bir olmaq" mesajı da məhz bununla daha da qüvvətlənir.

Nike firmasının bu yaradıcı reklam filmi sosial mediada qısa müddət ərzində böyük marağa səbəb olub. Belə ki, ötən həftənin cümə axşamı yayımlanan reklam filmi beş gün ərzində təkcə YouTube platformasında 41 milyondan çox insan tərəfindən izlənilib. Twitter-da isə indiyədək 38.9 milyon baxış sayı əldə edib. 

Ən sərfəli kredit üçün müraciət et

Nike rəsmi Twitter səhifəsindən sözügedən reklam filmini aşağıdakı fikirlərlə birlikdə yayımlayıb:

"Birlikdə nail ola biləcəklərimizə heç kəs mane ola bilməz. İdmanı dayandıra bilməzsiniz. Çünki siz bizi dayandıra bilməzsiniz."

Həmçinin oxu: İdman məhsulları istehsal edən şirkətlərin rəqabəti: Nike və Adidas

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram