Tamara Mustafayeva, Banco.az
Hilton və Marriott kimi aparıcı otel şəbəkələri belə pandemiya dövründə otaqların təmiz olduğuna dair turistlərdə inam yarada bilmir. Aprel ayında Marriott şirkətinin otellərindəki təmizlik standartlarını artırmaq üçün tanınmış həkimlərdən ibarət komanda təşkil edəcəyini açıqlaması, həmçinin Hilton şirkətinin Lysol təmizlik firması ilə əməkdaşlıq qurduğunu elan etməsinə baxmayaraq, turistlər hələ də sözügedən otellərdə gecələməklə bağlı tərəddüd edirlər.
Pandemiyanın bütün dünyanı təsiri altına almasından təqribən altı ay sonra belə böyük otellərin müvafiq tədbirləri öz bəhrəsini lazımi səviyyədə verməyib. "Magid" adlı araşdırma firması tərəfindən 1000 nəfər turistin iştirakı ilə həyata keçirilən bir anket sorğusuna görə, aprel ayı ərzində insanların 42%-i sağlamlıq və təhlükəsizlik standartlarının təmin edilməsi ilə bağlı otel markalarına etibar etmədiklərini söyləmişdilər. Firmanın sədr müavini və strategiya məsləhətçisi Rick Garlick görülən tədbirlərin əksər hissəsinin işə yaramadığını bildirib.
"İnsanlar hələ də səyahət yerlərinin, bina və qurğuların Covid-19 - u yaymaq üçün əlverişli şəraitə sahib olduğuna inanır. İnsanlar bütün lazımi tədbirlərin görülməsinə baxmayaraq, otellərə, gəmi turlarına və hava yolu şirkətlərinə tamamilə etibar etmirlər."
Amerikanın Otel və Qonaqlama Təşkilatının (AHLA) sədri və CEO-su Chip Rogers, "Rekord səviyyədə aşağı səyahət tələbi ilə minlərlə otel ticarət kreditlərini ödəyə bilmir və qapılarını daimi olaraq müştərilə bağlamalı olur.", deyə açıqlama edib. On minlərlə otel personalının işini itirmə təhlükəsi ilə üzləşəcəyini və kiçik otellərin də ehtimal ki, eyni taleyi bölüşəcəyini vurğulayan Rogers Amerikanın turizm sektorunun pandemiyanın təsirləri azaldığı vaxtlarda fəaliyyətini bərpa etməsi üçün uzun zamana ehtiyac olacağını dilə gətirib.
"Magid" firması tərəfindən istehsakçı həssaslığı ilə bağlı həyata keçirilən başqa bir anket sorğusuna görə, turistlərin qarşıdakı 12 ay ərzində səyahətə çıxma istəyinin aprel və avqust ayları aralığında (peyvənd olsun və ya olmasın) 29% azaldığı müəyyən edilib. Bu göstərici isə dünya turizm sektoru üçün 75 milyard dollarlıq zərər deməkdir.
İstehlakçı həssaslığı üzrə həyata keçirilən anket sorğusu turizm sektorunun gələcək mənzərəsini müəyyən etmək üçün ideal göstərici hesab edilməsə də, xüsusən də virusa yoluxma sayında dünya miqyasında artım olduğunu nəzərə alaraq 29%-lik azalmanın əhəmiyyətli siqnal olduğunu deyə bilərik. Sektora öncülük edən Hilton və Marriott kimi şirkətlərin ikinci rüb üzrə zərəri ümumilikdə 664 milyon dollar müəyyən edilib və hər iki şirkət rəsmiləri də sektorun bərpasının uzun müddətli və yavaş irəliləyəcəyini düşünür. Odur ki, dünya miqyasında otel sənayesi müştərilərin inamını qazanmaq üçün yeni yollar axtarmalı olacaqlar.
Həmçinin oxu: Otellərdə yeni dövr - Otaq xidmətini icra edən robotlar
Bizi sosial şəbəkələrdən izləyin!!