Koronavirusun tüğyan etdiyi dövrdə varlı insanları virusdan daha çox başlana biləcək iğtişaşlar və insanların qida, tualet kağızı uğrunda mübarizəsi narahat edir. Milyarderlər, texnoloji şirkətlərin rəhbərləri, məşhurlar, həkimlər, hüquqşünaslar və böyük korporasiyaların çoxsaylı top menecerləri bunkerlər sifariş edir. Hovuzlar, boulinq salonları və tir ilə təchiz olunmuş dəbdəbəli yeraltı bunkerlərin inşası bir neçə milyon dollara başa gəlir. Lakin bu biznes get-gedə inkişaf edir.
Son bir neçə ildə bütün bu insanlar ailələrini qorumaq üçün dəbdəbəli bomba sığınacaqları inşa etdirirdilər. Bəzi evlərdə evakuasiya lyukları olan xüsusi otaqlar mövcuddur ki, tunel vasitəsilə bunkerə gedib çata bilərlər. Digərləri bunkerləri böyük torpaq sahələrinin ərazisində — əsas yaşayış yerindən uzaqda gizlədiblər.
Texas şirkəti “Rising S Bunkers”in rəhbəri Qarri Linç “Forbes”ə müsahibəsində bildirib ki, onun şirkəti hər cür şəraiti olan yeraltı bunkerlərin inşası üzrə ixtisaslaşıb və bazarın liderlərindən biri hesab olunur. Linçin sözlərinə görə, indi onun biznesi çiçəklənmə dövrünü yaşayır. “Rising S Bunkers”in gələcəklərindən nigaran olan potensial alıcılardan aldığı sorğuların sayı son zamanlarda 2000%-ə qədər artıb.
“Böyük istehsal gücümüz olduğu üçün istənilən şeyi qura bilərik, ancaq tələb böyük olduğu üçün məhz bunkerləri inşa edirik. Yüksək keyfiyyət standartlarına malikik və müştərilərimizin bir çox məsələlərə dair fikirlərini bölüşürük. Buna görə də biz bu biznesdə ən yaxşıyıq”, — Qarri Linç vurğulayıb.
Həmçinin oxu: Karantin müddətində zehni və fiziki sağlamlığınızı necə qoruya bilərsiniz?
“Müştərilərimizin əksəriyyəti ABŞ-da nə olursa olsun, məsələn, müharibə, 1800-cü illərdə Nyu-Madriddə baş vermiş dağıdıcı zəlzələlər kimi təbii fəlakətlər və ya indiki kimi hər hansı pandemiya, hamımız sosial kollapsın və cəmiyyətin süqutunun astanasındayıq. Bu, hamımızın qarşılaşa biləcəyimiz real təhlükədir”, — deyə Linç əlavə edir.
“Silver Leaf” bomba sığınacağının üç modelinə tələbat daha böyükdür. Şirkətin rəhbərinin sözlərinə görə, milyoner olmayanlar da bunker tikdirə bilər. Şirkət fərqli büdcəsi olan müştərilər üçün geniş bunker seçimi təklif edir. Tikinti xərcləri 40 min dollardan başlayır və bir neçə milyon dollarla başa çatır. “Rising S Bunkers”in ən bahalı bomba sığınacağı “Aristocrat” adlı bunker sayılır. Qiyməti 8,35 milyon dollardır və orada asanlıqla 50 nəfər məskunlaşa bilər. “Aristocrat” bunkerində oyun otaqları, sauna, trenajor zalı, ev teatrı, boulinq zalı, tir və hovuz var. Həmçinin müştərilər özləri şəxsən döşəmə və xalça seçə, fərdi parametrlərə əsasən mətbəx sifariş edə bilərlər. Nəhəng bunkerdə bir neçə avtomobillik qaraj, elektrik generatorları olan otaq, bir neçə böyük anbar və orqanik qida yetişdirmək üçün istixana da mövcuddur (Yeraltı bunker santexnika və kanalizasiya, həmçinin çirkab suların zərərsizləşdirilməsi sistemi ilə təchiz edilmişdir). Bunker müstəqil elektrik təchizatı sistemi ilə də təmin olunub. “Aristocrat” qalınlığı təxminən 127 mm olan güllə keçirməyən polad divarlarla əhatə olunub. Adi nazik bir qapının arxasında güclü partlayışa davamlı qapı yerləşir. Bu qapı hər iki tərəfdən polad təbəqə ilə örtülüb və güclü bolt kilidi ilə təchiz olunub.
Radiasiya əleyhinə nəhəng sığınacaq lazım ola biləcək hər şeylə: gülləkeçirməz qapılar, kimyəvi və bioloji silahlardan qoruyan hava filtrasiya sistemləri, 120 və 240 voltluq elektrik yuvaları (rozetkalar), yüksək təzyiqli hidravlik nasoslar, duş kabinələri, su qızdırıcıları, çirkab su nasosları, 12 voltluq LED lampalar, ehtiyat tədbiri kimi günəş elektrik stansiyası, infraqırmızı sensorlara malik təhlükəsizlik sistemi, suqəbuledici qurğu, eləcə də 12 voltluq qidalanmaya qoşulan televizorlar və DVD pleyerlər və s. ilə təchiz olunmuşdur. Bunkerin daxili divarları boyanır, xarici divarları isə korroziya əleyhinə örtüklə üzlənir.
“Rising S Bunkers”in təqdim etdiyi başqa bir dəbdəbəli bunkerin dəyəri 4,2 milyon dollar təşkil edir və “The Presidential” adlanır. Burada 9 ayrıca yataq otağı, 10 ədəd ikimərtəbəli çarpayı və 8 açılıb-bağlanan divan var.
Şirkətin bunkerləri arasında təxminən 557 kv.m sahəsi olan “The Ultra” bomba sığınacağı da diqqət çəkir. Burada 2 böyük və 6 kiçik yataq otağı, 2 mətbəx, trenajor zalı, tir və istixana mövcuddur.
Şirkətin təklif etdiyi daha münasib bunkerlərə “The General” (1,59 milyon $) və “The Fortress” (1 milyon $) daxildir. 6x3 ölçüsü olan kiçik bunkerlərin qiyməti 58 min dollardan başlayır və uzunmüddətli dövrdə eyni təhlükəsizliyi təmin edir.
Həmçinin oxu: Məşhur şirkət tibb işçiləri üçün istehsala başlayır
Nigar Umaxanlı, Banco.az