Business Insider yazır ki, Sony xüsusi robotun patentini alıb. Bu robot sahibini kompüter oyunları oynayarkən və ya sadəcə filmə baxarkən darıxmağa qoymayacaq. Cihaz istifadəçinin duyğularını oxuya və baş verən hadisələrə reaksiya verə biləcək, məsələn, “gamer” çətin bir qələbə qazandıqda sevinəcəkdir.
Sony şirkətinin gəldiyi qənaətə görə, robot oyunçunun özünü daha yaxşı hiss etməsinə kömək edəcək. Robotun canlı insan kimi sevinc və ya kədər ifadə edərək “gamer”i müşayiət etməsi motivasiyanı və əzmi artırmalıdır. Üstəlik, filmi və ya serialı tək-tənha seyr etmək məcburiyyətində olmamaq da robotun istifadəçisini məmnun edəcəkdir. “İnsanabənzər” robot sahibinin sevgisini ölçmək funksiyasına da malik olacaq. Belə ki, oyunçu xəbərdarlıqdan sonra cihazı şarja qoymursa, vurur və ya kobudluq edirsə, robot daha onu oyun zamanı ruhlandırmayacaq.
Həmçinin oxu: Korona depressiyasından necə qorunmaq olar?
Robot sahibinin gündəlik proqramını izləyə biləcək, məsələn, gecə oynadığı təqdirdə ona yatmağı xatırlada bilər.
Patentdə bildirilir ki, “gamer”lar PlayStation VR qulaqlığından istifadə edərək robotun virtual versiyası ilə də qarşılıqlı əlaqə qura bilər. Robot və VR qulaqlıqdan əlavə, cihaz insanın reaksiyasını qeyd edən bir neçə sensordan ibarət sistemlə də təchiz ediləcək: kamera, “bioloji sensor", hərəkət sensoru, mikrofon, “hadisələrin aşkarlanması bloku”. Bu sensorlar real vaxt rejimində insanın reaksiyasını müəyyənləşdirməyə imkan verəcəkdir.
Sony şirkətinin robotu hazırlamağa başlayacağı və bazara buraxacağı tarix hələlik məlum deyil.
Daha əvvəl Inc.ru xəbər vermişdi ki, Çinin PuduTech şirkəti ofisiant kimi istifadə olunan BellaBot adlı robot pişik icad edib. Robot-ofisiant masaya yaxınlaşanda qonaqların məcməyidəki sifarişləri götürməsi üçün miyoldamağa başlayır.
Nigar Umaxanlı, Banco.az
Bizi sosial şəbəkələrdən izləyin!!