Mərkəzi banklar: Rusiya | Banco.az

Mərkəzi banklar: Rusiya

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu məqaləmizdə Rusiya Mərkəzi Bankı haqqında məlumat hazırlamışıq. 

Rusiya Mərkəzi Bankı (Банк России) Rusiya Federasiyasının mərkəzi bankıdır. Bank 1990-cı ilin 13 iyulunda təsis edilib və həmin ilin sonunda hüquqi maliyyə qurumu elan edilib.

Bankın baş ofisi Rusiyanın Moskva şəhərində yerləşir. Rusiya Mərkəzi Bankı federal və yerli hökumətlərdən müstəqildir. Dövlət Duması Rusiya Bankının sədrini seçir və bank Dövlət Dumasına da hesabat verir.

Rusiya Mərkəzi Bankının Rusiya Federasiyasının Konstitusiyasına və Federal Qanununa uyğun olaraq bir sıra vəzifələri var. Bank Rusiya valyutası rublun yeganə emitentidir. Bank eyni zamanda valyutanin dəyərinin və sabitliyinin qorunmasına, həmçinin valyuta dövriyyəsinə cavabdehdir.

Rusiya Bankı, həmçinin Rusiya Hökuməti ilə birlikdə ölkənin pul siyasətinin planlaşdırılması və həyata keçirilməsində məsuliyyət daşıyır. Bankın digər mühüm vəzifəsi Rusiya maliyyə qurumlarına nəzarət etmək və bank lisenziyalarının verilməsi, eyni zamanda dayandırılmasıdır.

Bank həmçinin bank sektorunun qaydalarını (bank əməliyyatlarının necə həyata keçirilməsi, ödəniş hesablaşma qaydaları və s.) tərtib edir.

Rusiya Mərkəzi Bankı maliyyə böhranı zamanı onların kifayət qədər likvidliyə malik olmasını təmin edərək, Rusiya maliyyə qurumları üçün son instansiya kreditoru kimi çıxış edir. Bank həmçinin Rusiyanın xarici ehtiyatlarını idarə edir. Rusiya Mərkəzi Bankı həmçinin Rusiya iqtisadiyyatı və bankın ölkənin pul siyasəti ilə qarşılıqlı əlaqəsi haqqında müxtəlif təhlillər, hesabatlar və proqnozlar hazırlayır.

Ən sərfəli kredit üçün müraciət et

Bank pul siyasətinin həyata keçirilməsində əsas alətlərdən biri olan qısamüddətli faiz dərəcələrini müəyyən edir. Eyni zamanda, federal qanunlara uyğun olaraq digər funksiyaları yerinə yetirir.

Mərkəzi Bankın bütün funksiyaları ilə linkə keçid edərək ətraflı tanış ola bilərsiniz: Rusiya Mərkəzi Bankının vəzifə və funksiyaları  

Rusiya Federasiyası Mərkəzi Bankının sədri 24 iyun 2013-cü ildən bəri Elvira Nabiullinadır. 

Bankın baş ofisi aşağıdakı ünvanda yerləşir:

Neqlinnaya 12, Moskva, Rusiya

Əlaqə:

Telefon : +7 499 300-30-00

Mərkəzi Bankın rəsmi saytı: https://www.cbr.ru/

Qeyd edək ki, növbəti həftənin cümə günü Gürcüstan Milli Bankı haqqında məlumat təqdim edəcəyik.