Video striminq platforması Netflix 2020-ci ilin ilk rübü üzrə maliyyə göstəricilərini açıqlayıb. Hesabatda abunə sayınının artması diqqət çəkir.
İnsanların evlərində qalmalı olduqları son aylarda rəqəmsal əsaslı tətbiqlərə də maraq daha çox artıb. Netflix, Youtube, Facebook, Instagram kimi bir çox populyar platforma demək olar ki, istifadəçi axınına məruz qalıb. Amerikanın video striminq platforması Netflix-in də son açıqladığı hesabatda koronavirus pandemiyasının müsbət təsirləri olduğu aydın olur.
2020-ci ilin ilk rübü üzrə maliyyə göstəricilərini əhatə edən bu hesabata görə, ilin ilk 3 ayı ərzində platforma 16 milyon yeni abunə qazanıb. Şirkətdən edilən açıqlamaya əsasən, bu artımın başlıca səbəbi COVİD-19 pandemiyası səbəbilə insanların evlərində qalması hesab edilir. Evdə qalmalı olan insanların vaxtlarını səmərəli keçirməsi üçün fəaliyyət növlərinin məhdud olmasının qeyd edildiyi açıqlamada Netflix-in ən cəlbedici seçim olduğu vurğulanıb.
Xatırladaq ki, şirkətin ilk rüblük göstəricilərilər üzrə proqnozu isə 7-8 milyon yeni abunə sayı idi.
Platformada yayımlanan videoların baxış sayında da 417% artım qeyd olunub. Yeni abunələrin hesabına şirkətin ilk rüblük gəlirlərində də böyük bir artım müşahidə edilib. Hesabata görə, ilk rüblük üzrə 5.77 milyard dollar gəlir əldə edən şirkətin ötən ilin eyni dövründə bu göstəricisi 4.52 milyard dollar idi.
Məlum olduğu kimi, pandemiya səbəbilə platforma öz istehsalı olan serial və proqramların yeni sezon hazırlıqlarını dayandırmağa qərar vermişdi. Buna baxmayaraq, istifadəçi sayının artması da xüsusilə diqqət çəkir.
Qeyd edək ki, son hesabatla birlikdə Netflix platformasının cəmi abunə sayı 183 milyona çatıb. Platformaya daha çox Avropa, Orta Şərq və Afrika bölgələrindən yeni abunələr qatılıb. Yeni abunə sayında növbəti rüblük proqnoz isə 7.5 milyondur.
İlin ilk üç ayı ərzində ən çox izlənilənlər içərisində Tiger King: Murder, Mayhem and Madness, Ozark, La Casa de Papel və Spenser Confidential kimi Netflix istehsalı serial və filmlərin olması diqqət çəkir.
Sonda onu da qeyd edək ki, platforma bu yaxınlarda bəzi filmlərini rəsmi Youtube kanalında ödənişsiz yayımlamağa başlamış, istifadəçilərin məmnuniyyətini artırmaq üçün isə valideyn nəzarəti və profil bağlamaq kimi yeni funksiyalarını elan etmişdi. Rəsmi Youtube kanalında ödənişsiz yayımlanan filmlərin siyahısı ilə tanış olmaq üçün link-ə keçid edə bilərsiniz: https://bit.ly/2xSwtmL
Həmçinin oxu: Netflix karantin günlərində faydalı olacaq iki yeni funksiya elan etdi
Tamara Mustafayeva, Banco.az
Bizi sosial şəbəkələrdən izləyin!!