Ketçup şüşəsinin sayəsində milyonçuya çevrilən Paul Braunun hekayəsi | Banco.az

Ketçup şüşəsinin sayəsində milyonçuya çevrilən Paul Braunun hekayəsi

Bu günkü uşaqlar və hətta gənclər nə vaxtsa ketçup şüşəsindən ketçup çıxartmağın necə çətin bir iş olduğunu xatırlamaya bilər. Ancaq bir vaxtlar, həqiqətən, ketçup, xardal və mayonez şüşələri əməlli-başlı dizayn fəlakəti idi. Şüşənin qapağı üstdə olduğuna görə bütün ketçup şüşənin dibinə yığılırdı və ketçup sıxmaq işgəncəyə çevrilirdi. Şüşə yarıya qədər dolu olduqda isə ketçupu çıxartmaq üçün şüşəni bıçaqla kəsmək lazım gəlirdi.

Bu məyusluğu, bəlkə də, milyonlarla insan yaşayıb. Amma təkcə Paul Braun bu qıcıqlandırıcı vəziyyətdən milyonlarla dollar qazanmağın yolunu fikirləşib tapıb.

1990-cı illərin əvvəllərində Paul Braun ABŞ-ın Miçiqan ştatında kiçik bir fabrikdə işləyirdi. Əslində dizayner və istehsalçı olan Paul Braun ketçup şüşələrindəki qapaq problemininin fərqinə ilk dəfə şampun şüşələrində varıb. O, bir müştəri üçün qapağı aşağıda olan formada şüşə istehsal etməyə başladı. O dövrdə kompüter yerinə qəlib press və silikondan istifadə edərək böyük əzmlə şüşəni dizayn etdi. Lakin gözlədiyi nəticəni almadı.

Günlərlə dizaynı təkmilləşdirməyə çalışdı, həmçinin protipləmə hazırlamaq və material almaq üçün bütün kredit kartlarından limitəcən istifadə etdi. 11 yoldaşından və ailəsindən minlərlə dollar borc aldı və şüşə dizaynını inkişaf etdirməyə davam etdi. Ancaq yenə də istədiyi dizaynı əldə edə bilmədi. Şüşə sıxılanda açılmasını təmin edən, sıxıb qurtarandan sonra isə avtomatik olaraq bağlanan bir qapaqcıq düzəltmək lazım idi.

Toplamda 111 uğursuz cəhdin ardınca ümidsizliyə qapıldı. Bəxtini son dəfə sınamaq üçün qəlibçi bir dostunu köməyə çağırdı. 112-ci cəhddə konkret olaraq arzuladığı dizayn alındı. Artıq qapaq uğurla açılıb qapanırdı. Bu tip qapaq dizaynı vəd etdiyi potensial müştəri asanlıqla real müştəriyə çevrilirdi.

Həmçinin oxu: Dünyada süni ət bazarı genişlənir - Satışlar 250% yüksəlib

Ən sərfəli kredit üçün müraciət et

Sonrakı bir neçə il ərzində Paul Braunun 1993-cü ildə patentini aldığı bu qapaq sistemi çox məşhur oldu. Uşaq yeməkləri istehsal edən “Gerber” firması da bu qapaq sistemini öz məhsullarına tətbiq etdi. Hətta NASA belə bu qapaqdan kosmosda sızmayan qablar üçün istifadə edib. Dizayn ilk əvvəl şampun şüşələri üçün nəzərdə tutulmuşdu, amma kosmetika sektoru da bu innovasiyanı tez bir zamanda mənimsədi.

Paul Braunun taleyi isə dünyanın ən böyük ketçup firmalarında biri olan “Heinz”ın özü ilə əlaqə qurmasından sonra dəyişdi. İllər boyu ketçup alıcıları dizayna uyğun olmasa da, ketçup şüşəsini soyuducuya tərs şəkildə qoyurdu. Bu halda da ketçup öz qabından fışqıraraq çıxırdı. Paul Braunun tərs şüşə dizaynı və qapaq texnologiyası sayəsində insanlar artıq şüşədən daha qənaətlə ketçup boşalda bilirdi.

Paul Braun qapaq sistemini “Heinz” məhsullarına da tətbiq edərək böyük uğur qazandı. “Heinz”in rəhbərləri də bu vəziyyətdən olduqca məmnun qaldı. Şüşənin dibinə yığılan ketçupu bıçaqla götürmək əvəzinə insanlar şüşəni istədikləri nisbətdə sıxaraq yeməklərinə ketçup əlavə etməyə başladılar.

“Ready When You Are” (Siz hazır olan kimi o da hazırdır) devizi ilə böyük bir reklam kampaniyası başlandı və “Heinz” satış rekordları qırmağa başladı. 1995-ci ildə Paul Braun “Liquid Molding System” adlı şirkətini 13 milyon dollara satdı. Borclarını ödədi və üstəlik yaxşı bir məbləğ də cibində qaldı. Sonra Floridada özünə gözəl bir bağ evi aldı.

Həmçinin oxu: Reklamlarda emosiya və manipulyasiyalardan necə istifadə olunur?

İnandığı bir fikir üçün 111 dəfə uğursuz sınaqlar edən Paul Braun keçirdiyi stress və məyusluqlara baxmayaraq milyoner oldu. Nəticədə məhz 112-ci cəhd ona 13 milyon dollarlıq sərvət gətirdi.


Nigar Umaxanlı, Finco.az