Maykl Byurri ABŞ-ın Vanderbilt Universitetində tibb təhsili alıb. Lakin peşəkar investor olmağa üstünlük verib və hətta fond bazarında inanılmaz dərəcədə uğurlu investisiyalara imza atıb.
Banco.az xəbər verir ki, Byurri 2007-ci ildə ABŞ ipoteka bazarının çökəcəyini proqnozlaşdırıb və kredit-defolt svopları (amerikalı borcalanlarının ipotekanı ödəyə bilmədikləri təqdirdə ona ödəmələri təmin edən qiymətli kağızlar) almağa başlayıb. Nəticədə böhranlı 2008-ci ildə Byurri əhəmiyyətli bir qazanc əldə edib. Onun Scion Asset Management fondu hal-hazırda 343 milyon dollarlıq aktivləri idarə edir.
Maykl Byurri “Twitter” hesabında paylaşıb ki, virusun yayılmasının qarşısını almaq məqsədi ilə sərhədləri bağlamaq xəstəliyin özündən daha pis fəsadlar törədəcək. “Bloomberg” agentliyinə göndərdiyi elektron məktubda isə qeyd edib ki, universal “evdə qal” yanaşması müasir tarixdə ən dağıdıcı iqtisadi qüvvədir.
“Ən dəhşətlisi odur ki, bunu insan düzəldib. Və gözlənilmədən peyda olan bu virus aztəminatlı insanların zəhmətini puç edir, öldürür, yeni narkomanlar “yaradır”, işsiz və pulsuz ailələrdə qadın və uşaqların zorakılığa məruz qalmasına səbəb olur. Maddi sıxıntı olan evdə, təbii ki, gərginlik olacaqdır. Əfsus ki, intihara meyllilik də artacaq”, — deyə investor vurğulayıb.
Həmçinin oxu: Milyonerlər koronavirusdan necə qorunacaq?
Daha əvvəl “Twitter”də ABŞ-dakı məhdudiyyətlərin artıq milyonlarla iş yerinin itirilməsi ilə nəticələndiyini və bunun ən dərin iqtisadi böhranlardan birinə səbəb ola biləcəyini söyləyib. O, qeyd edib ki, məhdudiyyətlər pandemiyanın müalicəsi üçün nəinki vacib deyil, hətta az gəlirli ailələrə və azlıqlara son dərəcə ziyan vurur.
“Bloomberg”ə göndərdiyi məktubda investor bildirir ki, bir çox ölkələr infeksiyanın yayılmasına tez reaksiya verə bilməyiblər və indi öz səriştəsizliklərini “evdə qal” şüarı ilə ört-basdır edirlər.
“Mən risk qrupuna daxil olan insanlar istisna olmaqla “evdə qal” tələbini ləğv edərdim”, — Byurri açıqlayıb. Ağciyərləri sağlam olan gənclər xəstəliyə tab gətirə bilərlər. Buna görə də virusun əhali arasında sirkulyasiya etməsinə icazə verilməlidir. Sağlam fərdlərin orqanizmi xəstəliyə müqavimət göstərəcəkdir. Vaksinlər tezliklə peyda olmayacaq, yeganə çıxış yolu təbii immunitetdir. Yaranmış vəziyyətdə gecikdirmənin hər günü, hər həftəsi saysız-hesabsız həyatları haqsız yerə məhv edir”, — deyib.
Jurnalist Maykl Lyuis Byurrinin həyat hekayəsini öz kitabında qələmə alıb. Rejissor Adam Makkey 2015-ci ildə həmin kitab əsasında “The Big Short” filmini çəkib. Filmdə Maykl Byurri obrazını aktyor Kristian Beyli canlandırıb. Adıçəkilən film Oskar mükafatına layiq görülüb.
Həmçinin oxu: Karantin dövrünün mənfi psixoloji təsirlərindən necə uzaq qalmaq olar?
Nigar Umaxanlı, Banco.az