İşəgötürənlər tərəfindən işçilərin hüquqlarının pozulması hallarının qarşısı alınıb | Banco.az

İşəgötürənlər tərəfindən işçilərin hüquqlarının pozulması hallarının qarşısı alınıb

2019-cu ilin ötən səkkiz ayı ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən vətəndaşlardan daxil olmuş 5.572 şikayət məzmunlu ərizə, eləcə də müxtəlif müəssisə, idarə və təşkilatlar tərəfindən göndərilmiş 4.129 məktub araşdırılaraq cavablandırılıb. Həmçinin 989 vətəndaş fərdi qaydada qəbul edilib və onların müxtəlif mövzularla bağlı ərizə, şikayət və sorğuları qəbul edilərək araşdırılmasının təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildirilib ki, xidmətə daxil olan vətəndaş müraciətlərinin bir qismində işəgötürənlər tərəfindən əmək haqlarının, zərərə görə ödənclərin və s. sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyi müəyyən edilib. Xidmət həmin müraciətlərin hər biri ilə əlaqədar qanunvericiliyin tələblərinə uyğun şəkildə tədbirlərin görülməsini və bu ilin səkkiz ayında 92.992.26 manatadək gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib.

Ən sərfəli kredit üçün müraciət et

Əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verilmiş 81 nəfər öz əvvəlki iş yerlərinə bərpa edilib, bu işçilər barəsində yol verilmiş qanun pozuntularının aradan qaldırılması təmin edilib.

Eyni zamanda qeyri-rəsmi məşğulluğun aradan qaldırılması, işəgötürən-işçi münasibətlərinin qanunvericiliyə uyğun rəsmiləşdirilməsi, əmək münasibətlərində işçilərin və işəgötürənlərin əmək, sosial iqtisadi, hüquqi, əməyin mühafizəsi və əmək qanunvericiliyinin tətbiqi ilə əlaqədar Xidmət tərəfindən maarifləndirici və qabaqlayıcı tədbirlər həyata keçirilir.

2019-cu ilin ötən dövründə Dövlət Əmək Müfəttişliyi Xidmətinin təsdiq edilmiş iş planına uyğun olaraq 41 maarifləndirmə tədbiri keçirilib. Bu tədbirlər əsasən uşaq əməyinin istismarının qarşısının alınması, əməyin mühafizəsi normalarına əməl olunması, əmək müqaviləsinin bağlanması, müqavilələrin şərtlərinin dəyişdirilməsi, xitam verilməsinin əsasları və əmək qanunvericiliyinin tətbiq olunması mövzularına həsr olunub.