İşəgötürən işçinin müraciəti olmadan əmək müqaviləsini ləğv edə bilərmi? | Banco.az

İşəgötürən işçinin müraciəti olmadan əmək müqaviləsini ləğv edə bilərmi?

Bu mövzu ilə bağlı maraq doğuran suallardan biri də budur ki, işəgötürən işçinin müraciəti olmadan əmək müqaviləsini ləğv edə bilərmi? İqtisadçı ekspert Anar Bayramov təcrübədə daha çox rast gəlinən bu kimi suallara aydınlıq gətirir.

Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən, işəgötürən tərəfindən əmək müqaviləsi aşağıdakı əsaslarla ləğv edilə bilər:

a)Müəssisə ləğv edildikdə;

Açıqlama: "A" MMC ləğv olunması haqqında dövlət qurumuna müraciət edir. Bu halda, proses Mülki Məcəllənin tələblərinə uyğun olaraq həyata keçirilməlidir. Filial və nümayəndəliyin ləğv edilməsi halı müəssisənin ləğv olunması anlamına gəlmir.

b) İşçilərin sayı və ya ştatları ixtisar edildikdə;

Açıqlama: İşəgötürənin maliyyə göstəricilərinin zəifləməsi, texnologiyaların tətbiqi və ya müəyyən risklərin qarşının alınması səbəbindən işçilərin sayı və ştatlar ixtisar edilə bilər. İşçilərin sayının ixtisarı dedikdə sırf işçi sayının azalması nəzərdə tutulur.

Misal 1: Ticarət sektorunda fəaliyyət göstərən işəgötürən qərar verir ki, maliyyə göstəricilərinin zəifləməsi səbəbindən kassirlərin sayını 5-dən 3-ə endirsin. Ştatların ixtisar olunması dedikdə konkret vəzifələrin ixtisarı başa düşülməlidir.

Misal 2: "A" MMC qərar verir ki, əməliyyat bölməsini mərkəzləşdirsin və bu səbəbdən regionlarda olan filialların əməliyyat bölməsinin işçilərini ixtisar edir.

Misal 3: Metropoliten rəhbərliyi hesab edir ki, bilet satışının terminallarla həyata keçirilməsi səbəbindən kassir vəzifəsini ixtisar etsin.

c) Peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə;

Qeyd: Bu maddənin "c" bəndində "səlahiyyətli orqan" dedikdə işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədilə yaradılan və müvafiq səlahiyyətlərə malik attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət ümumi təhsil və peşə təhsili (tam orta təhsil üzrə təhsilverənlərə münasibətdə) müəssisələrində işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir.

Açıqlama: "A" MMC-nin attestasiya komissiyası qərar verir ki, nəticələri qənaətbəxş olmayan 3 işçi vəzifəsinə uyğun gəlmədiyi üçün onların əmək müqaviləsinə xitam verilsin.

Ən sərfəli kredit üçün müraciət et

ç) İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud Əmək Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;

Açıqlama: "A" MMC qərar verir ki, işçi işə 5 gün müddətində üzrsüz səbəbdən işə gəlmədiyi üçün əmək müqaviləsinə xitam verilsin. Təbii ki, işçinin işə gəlməməsi qaydalara uyğun aktlaşdırılmalıdır.

d) Sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda;

Açıqlama: İşəgötürən Əmək Məcəlləsinin 51-ci maddəsinə uyğun olaraq işçini işə qəbul edərkən 3 aydan artıq olmamaq şərti ilə sınaq müddəti müəyyən edə bilər. Əgər işçi sınaq müddətində özünü doğrultmazsa, işəgötürən işçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "d" bəndi ilə xitam verə bilər.

e) Dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda;

Açıqlama: Əmək Məcəlləsinin 10-1-ci maddəsinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. Həmçinin, dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.
Elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi xidmətləri olmuş dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddəti müvafiq dövlət orqanı tərəfindən bu Qanunun 10-1.2-ci maddəsində nəzərdə tutulmuş müddətdən artıq uzadıla bilər.

Dövlət müəssisəsi yaş həddinə çatması səbəbindən işçinin əmək müqaviləsinə xitam verərkən, 70-ci maddənin "e" bəndinə istinad edə bilər.

Vergiler.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram