Sahibkarları, kadrlar üzrə mütəxəssisləri maraqlandıran məsələlərdən biri də işçinin qismən ödənişli və ya ödənişsiz məzuniyyətdən qayıdandan sonra əmək məzuniyyətindən istifadə edə bilməsidir.
Sərbəst auditor Altay Cəfərov bu məsələni aşağıdakı suallar çərçivəsində işıqlandırır:
- İşçi ödənişsiz məzuniyyətdən qayıtdıqdan sonra əmək məzuniyyətindən istifadə edə bilərmi?
- Belə hallarda hansı aylar baza kimi nəzərə alınır?
- Məzuniyyət üçün orta əməkhaqqı necə hesablanılır?
Misal: Tutaq ki, 1 may 2021-ci ildən 30 iyun 2021-ci ilədək öz hesabına, ödənişsiz məzuniyyətdə olmuş işçi 1 iyul 2021-ci il tarixində 30 günlük əmək məzuniyyətinə çıxmaq istəyir. İşçinin aylıq əməkhaqqı standart 500 manat olub.
Əmək Məcəlləsinin 14-cı maddəsinin I hissəsində göstərilib ki, məzuniyyət vaxtı üçün ödənilən orta əməkhaqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əməkhaqqına əsasən müəyyən edilir.
Məcəlləsinin 131-ci maddəsində isə göstərilib:
1. İşçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən 6 ay işlədikdən sonra əmələ gəlir.
2. İşçiyə 6 ay işlədikdən sonra birinci iş ili bitənədək əmək məzuniyyəti ərizəsi əsasında işəgötürənlə razılaşdırıldığı vaxtda verilə bilər.
3. İşçiyə işin ikinci və sonrakı illəri üçün məzuniyyət işəgötürənlə qarşılıqlı razılıqla müəyyən edilən vaxtda verilə bilər.
Məcəllənin 128-ci maddəsində ödənişsiz məzuniyyətdən istifadə hüququ təsbit olunub: “Qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır”.
Əmək Məcəlləsinin 129-cu maddəsinə əsasən, ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir.
Əmək Məcəlləsinin müddəalarından göründüyü kimi, bir məzuniyyətin digərindən asılılığı və ya növbəliliyi yoxdur.
Odur ki, ödənişsiz məzunyyətdən qayıdan işçi əmək məzuniyyətindən istifadə edə bilər. Amma 131-ci maddənin tələbləri nəzərə alınmaq şərtilə. Odur ki, bizim misalımızda göstərilmiş hər iki halda ödənişsiz məzuniyyətdən qayıdan işçi əmək məzuniyyətindən istifadə edə bilər.
Burada daha bir maraqlı məqam məzuniyyət haqqının necə hesablanmasıdır.
Əmək Məcəlləsinin 140-cı maddəsinə əsasən, məzuniyyət haqqı son 12 təqvim ayının əməkhaqqı cəmlənərək 12-yə bölünməklə hesablanır. Bu qaydada işçinin son 12 ayda ödənişsiz məzuniyyətdə, sosial məzuniyyətdə olub-olmaması kimi azadolmalar, boşluqlar və çıxılmalar qeyd edilməyib. Konkret son 12 təqvim ayı yazılıb və “təqvim ayı” dedikdə aylar tam olmalıdır.
Yuxarıda qeyd etdiyimiz misala uyğun hesablamalar isə belə olacaq:
01.07.2020- 30.04.2021-ci il dövründə 10 ay x 500 manat = 5.000 manat
01.05.2021-30.06.2021-ci il dövründə 2 ay x 0,00 manat = 0,00 manat
12 ay üçün cəmi: 5.000 manat
Gündəlik orta əməkhaqqı 5000 : 12 : 30,4 = 13,71 manat
Məzuniyyət haqqı - 13,71 x 30 gün = 411,30 manat.
Məsələyə məntiqi yanaşsaq, belə bir qənaətə gəlmək olar ki, işçi az işləyib az qazandığına görə az da məzuniyyət haqqı alır. Yəni burada məntiq və qanunvericilik bir-birini tamamlayır.
vergiler.az
Bizi sosial şəbəkələrdən izləyin!!