Vakansiya sizə uyğun gəlmir, işəgötürənin təklifindən imtina etməyi qərara almısınız, ancaq körpüləri yandırmaq istəmirsiniz. Bu xəbəri necə düzgün şəkildə bildirmək lazım olduğunu Forbes araşdırıb.
Kiməsə rədd cavabı vermək asan iş deyil, odur ki, bunu tez bir zamanda etməlisiniz və cavabı gecikdirməməlisiniz. Beləliklə, həm siz daha az stress keçirdəcəksiniz, həm də rekruter sizdən cavab gözləmək əvəzinə yeni namizəd axtarmağa başlayacaq. Hər ikinizin vaxtına qənaət etmiş olacaqsınız. İnanın, tez və aydın bir cavab meneceri məmnun edəcək.
Rədd cavabı verməyin ən geniş yayılmış üsulu elektron poçtla məktub göndərməkdir. Peşəkar olun, qısaca və mahiyyətə uyğun yazın, nəzakət qaydalarını da unutmayın: təklif üçün səmimi təşəkkürünüzü bildirin, namizəd axtarışında müvəffəqiyyət arzulayın.
İşəgötürənlə münasibəti korlamamaq və gələcəkdə bu şirkətdə ürəyinizcə olan bir vakansiyaya iddia edə bilmək üçün bu qaydalara əməl edin:
Rekruteri aldatmayın
Dünya balacadır, çox güman ki, HR-menecer həmkarları ilə əlaqə saxlayır. İmtinanın səbəbləri barədə yalan danışsanız, nə vaxtsa ortaya çıxacaq. Boş yerə nüfuzunuza xələl gətirməyin. Dürüst və açıq bir insan kimi yadda qalın, bu, bəhanələr uydurmaqdan daha yüksək qiymətləndirilir.
Həmçinin oxu: Bu vərdişləri tərgitməsəniz karyeranız məhv ola bilər
Lazımsız detallara girməyin
İşəgötürənin imtina etməyinizin bütün səbəblərini bilməyi lazım deyil, yalnız ən əsas səbəbi qeyd edin. Qərarınızın qəti olduğunu HR-mütəxəssisə bildirin. Beləliklə, özünüzün və menecerin zamanını israf etməzsiniz.
Təşəkkürünüzü bildirin
İş təklifinə görə təşəkkür etməyi unutmayın. Adi təşəkkür belə şirkətə hörmət etdiyinizi göstərir. İlk baxışdan xırdalıq kimi görünsə belə bu addım sizi digər namizədlərdən fərqləndirəcək və imtina məktubu yazmış olsanız da sizin barənizdə xoş təəssürat yaradacaq. İşəgötürən şirkətə olan yaxşı münasibətinizi xatırlayacaq və gələcəkdə onunla yenidən qarşılaşsanız, sizə qarşı daha yaxşı mövqedə olacaq.
Bəzən zəng etmək daha yaxşıdır
Əvvəllər işəgötürənlə yalnız telefonla əlaqə yaratmısınızsa, onda poçt vasitəsilə rədd cavabı vermək çox yersiz alınacaq. İstənilən vəziyyətdə peşəkarlığını qorumaq lazımdır. Zəng edərək HR-menecerə işdən imtina barədə bildirsəniz, o, bunu daha yaxşı qəbul edəcək. Üstəlik, səsiniz minnətdarlığınızı və ya təəssüf hissinizi daha gözəl ifadə etməyə kömək edəcək.
Həmçinin oxu: Çətin həmkarlarla necə yola getmək olar? - MƏSLƏHƏT
Nigar Umaxanlı, Banco.az
Bizi sosial şəbəkələrdən izləyin!!