Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu gün elə bir sahə yoxdur ki, ora texnoloji inkişaflar təsir etməsin. İş həyatı da texnologiyadan ciddi şəkildə təsirlənir. Bu gün texnoloji imkanlar və inkişaflar sayəsində işin tərifində hətta əhəmiyyətli dəyişikliklər var. Təbii ki, texnologiya sayəsində günümüzün iş axtarmaq üsulları da dəyişib. Artıq keçmişdə olduğu kimi qəzetlərdə iş elanları səhifələrinə ehtiyac yoxdur. İnternet sayəsində bir çox işəgötürən qısa müddətdə minlərlə iş axtaran insana çata bilir.
Təbii ki, eyni şey işləmək istəyənlərə də aiddir. İş axtarış metodlarında edilən bu dəyişiklik həm işəgötürənlər, həm də iş axtaranlar üçün böyük rahatlıq kimi görünür. Bu mərhələdə son dərəcə diqqətli olmaq lazımdır. Çünki yaxşı niyyətli insanlarla yanaşı, saxta elanlara insanları aldatmaq istəyən insanlar da az deyil. Lakin bəzi detallar sizə qarşı tərəfin işəgötürən deyil, fırıldaqçı olduğunu başa düşməyə kömək edə bilər. İş elanının real olmadığını göstərən 5 əlamət:
1. Çox vədlər edir
Heç bir uğur asanlıqla baş vermir. Xüsusilə iş həyatında. Əgər iş elanı müəyyən bir vəzifə üçün qeyri-adi əmək haqqı və qeyri-adi iş şəraiti vəd edirsə, böyük ehtimalla elan real deyil. Əgər siz hələ də bu elana müraciət etmək qərarına gəlsəniz, "işəgötürəniniz" çox güman ki, sizdən müraciət etmək üçün pul istəyəcək.
2. İşin təsviri qeyri-müəyyəndir
Əsl işəgötürənlər uyğun namizədi tapmaq üçün namizədləri kifayət qədər ətraflı məlumatlandırırlar. Əgər iş təsviri aydın olmayan elanla rastlaşsanız, müraciət etməzdən əvvəl bir daha düşünün.
3. Telefonla deyil, üz-üzə görüşmək istəyirlər
Üz-üzə müsahibələr, əlbəttə ki, işə qəbul prosesinin vacib hissəsidir. Ancaq işin nə olduğunu öyrənmək və məlumat almaq üçün zəng etdiyiniz işəgötürən birbaşa üzbəüz görüşmək istəyirsə, demək ki, problem var.
4. İşə başlamazdan əvvəl çətin tapşırıqlar
İşəgötürənlərin işə başlamazdan əvvəl bacarıqlarınızı qiymətləndirmək üçün sizdən bir neçə şey istəmələri təbiidir. Çünki bir çox işəgötürən namizədlərin bacarıqları haqqında əvvəlcədən təsəvvürə malik olmaq istəyir. Ancaq heç bir ödəniş etmədən sizə verilən bu tapşırıqlar bir neçə gün çəkəcək çətin tapşırıqlardırsa, düzgün bir işəgötürənlə iş görmədiyinizə əmin ola bilərsiniz.
5. İşə başlamazdan əvvəl bütün sənədlərinizi tələb etmək
Söhbətin ilkin mərhələsində bütün sənədlərinizi, xüsusən də şəxsi məlumatlarınızla bağlı olanları qarşı tərəfə vermək çox təhlükəlidir. Çünki əsl şirkət və peşəkar işəgötürən ilk mərhələdə belə bir şey tələb etmir. Ancaq özünü işəgötürən kimi təqdim edən fırıldaqçılar bunu edə bilər. Bu tələyə düşsəniz, görüşünüz çox müsbət olacaq. İşəgötürən də deyəcək ki, bir neçə gündən sonra sizə zəng edəcək. Təbii ki, zəng etməyəcəklər. Qarşılığında isə şəxsi məlumatlarınız oğurlanmış olacaq.
Odur ki, iş elanına müraciət etməzdən əvvəl şirkəti ətraflı araşdırın, əməkhaqqı vədlərinin bazara uyğun olub-olmadığını öyrənməyə çalışın.
Bizi sosial şəbəkələrdən izləyin!!